11 partiya MSK-ya maliyyə hesabatı verməyib

“Hesabatını vaxtında təqdim etməyən partiyaların qeydiyyatının ləğv edilməsi çox ağır cəza olar”





"11 siyasi partiya maliyyə hesabatını bu və ya digər səbəbdən Mərkəzi Seçki Komissiyasına təqdim etməyib”. Bunu MSK sədrinin müavini Natiq Məmmədov deyib. Sədr müavini bildirib ki, aprelin 1-nə qədər siyasi partiyalar ötən illə bağlı illik maliyyə hesabatlarını Mərkəzi Seçki Komissiyasına təqdim etməli idi.

Ancaq 55 siyasi partiyadan 44-ü maliyyə hesabatlarını təqdim edib. Qalanları isə hesabatlarını verməyiblər. N.Məmmədov əlavə edib ki, Mərkəzi Seçki Komissiyası siyasi partiyaların maliyyə hesabatlarının keyfiyyətinin artırılması və hesabatların aprelin 1-nə qədər təqdim olunması istiqamətində səylərini gücləndirəcək: "Siyasi partiyaların təqdim etdikləri maliyyə hesabatları Mərkəzi Seçki Komissiyasının saytında yerləşdirilir. Partiyaların maliyyə hesabatları ilə orada tanış olmaq mümkündür. Siyasi partiyaların maliyyə hesabatlarının nizamlı vəziyyətə düşməsi üçün bir sıra kriteriyalar üzrə iş aparılıb. Müəyyən qədər nailiyyət də əldə olunub. Partiyaların hesabatlılığı ildən-ilə artır”. MSK sədrinin müavini deyib ki, indiyə qədər maliyyə hesabatlarını təqdim etməyən 11 siyasi partiyanın bundan sonra təqdim etmələri qadağan deyil. Məlumat üçün bildirək ki, MSK aprelin 1-nə qədər illik maliyyə hesabatlarını auditor rəyi ilə birlikdə təqdim etməyən siyasi partiyalar barədə Ədliyyə Nazirliyinə məlumat verməlidir.

Bəzi partiyaların maliyyə hesabatına biganə yanaşması barədə "Şərq”ə danışan politoloq Qabil Hüseynli bütün partiyaların cüzi miqdarda da olsa üzvlük haqqı yığdıqlarını deyib. Ekspertin sözlərinə görə, bununla yanaşı, siyasi qurumlar müəyyən yerlərdən ianələr alırlar: 

"Bütün partiyalar maliyyə hesabatı verməyə məcburdur. Düzdür, partiyaların çoxunun gəlir yeri yoxdur, bu da anlaşılandır. Əgər yoxdursa, onda boş hesabat versinlər və kağız üzərində bəyan etsinlər ki, əlavə gəlirləri sıfırdır. Ola bilər, partiyanın bütün üzvləri quruma pul köçürməsinlər, ancaq nə qədər adam aylıq ödəmə edibsə, bu barədə MSK-ya dəqiq hesabat təqdim edilməlidir. Vaxtında hesabat verməyənlər məsuliyyətsizlik edirlər, çünki burada çətin bir şey yoxdur. Yenə deyirəm, heç kim iddia etmir ki, partiyalara əlavə milyonlar gəlir. Bilirik ki, onların əllərinə üç-beş manat pul düşür, onu da partiyanın saxlanmasına sərf edirlər. Qanuni prosedura uyğun olaraq siyasi qurumlar üzvlərinin sayını dəqiq göstərməli, onların üzvlük haqqı ödəyib-ödəmədiyini ifadə etməlidirlər”.

 Politoloq bəyan edib ki, hesabatını vaxtında təqdim etməyən partiyaların qeydiyyatının ləğv edilməsi çox ağır cəza olar: 

"Məncə, partiyanın məsul şəxslərini MSK-ya dəvət edib, onlarla maarifləndirici söhbət aparmaq lazımdır. Xəbərdarlıq edilməlidir ki, əgər hesabatlar üst-üstə təqdim edilməzsə, daha sərt tədbirlər görüləcək”.

İsmayıl