120 dövlət Azərbaycanı dəstəkləyir

Son üç ildə Qoşulmama Hərəkatına Azərbaycan sədrlik edəcək




Aprel ayının 5-dən Bakıda Qoşulmama Hərəkatı çərçivəsində konfranslar keçirilir. "Davamlı inkişaf naminə beynəlxalq sülh və təhlükəsizliyin təşviq edilməsi” mövzusunda təşkil edilən tədbirlərə bir çox ölkənin xarici işlər nazirləri və yüksək rütbəli şəxsləri qatılıblar. Ümumilikdə konfransda 120 üzv ölkədən nümayəndə heyəti iştirak edir. Gələn il Azərbaycan Qoşulmama Hərəkatının XVIII Zirvə toplantısına ev sahibliyi edəcək. 2019-2022-ci illər ərzində isə Hərəkata sədrlik edəcək.

Qoşulmama Hərəkatı əhəmiyyətli forum kimi dünyada sülhün və təhlükəsizliyin təmin olunmasına mühüm töhfə verir. Azərbaycan tərəfi mötəbər təşkilata sədrliyi dövründə üzv ölkələrdə münaqişələrin həllinə kömək göstərməyə çalışacaq. Çünki münaqişələr təkcə baş verdiyi regionlarda deyil, beynəlxalq aləmdə də təhlükəsizliyə ciddi maneə yaradır, sülhü təhdid edir. 26 ildir həll edilməyən Dağlıq Qarabağ münaqişəsi də regionda əməkdaşlığa və inkişafa ciddi maneə törədən faktordur. Məhz bu səbəbdən Qoşulmama Hərəkatı fonunda "beynəlxalq sülh və təhlükəsizlik” mövzusunun müzakirə edilməsi xüsusi önəm kəsb edir. 120 dövlətin Azərbaycanı dəstəkləməsi isə rəsmi Bakının bölgədəki nüfuzlu mövqeyindən xəbər verir. Milli Məclisin deputatı Rasim Musabəyov deyib ki, Qoşulmama Hərəkatında iştirak edən 120 dövlət nümayəndəsinin 70-i xarici işlər nazirləridir. Deputatın sözlərinə görə, Bakıda müzakirə olunan məsələlərin əksəriyyəti BMT-nin Baş Assambleyasının gündəliyinə gedib çıxır: "Qoşulmama Hərəkatına qoşulan 120 ölkə BMT üzvlərinin demək olar ki, tam əksəriyyətini təşkil edir. Azərbaycanın ev sahibi kimi öz problemini gündəliyə salmaq və bizi narahat edən Dağlıq Qarabağ münaqişəsinə diqqət yönəltmək imkanı var. Üç il müddətində sədrlik Azərbaycanda olacaq. Hərəkatda nə katiblik, nə idarə heyəti, nə də icra aparatı var. Çalışmalıyıq ki, maraqlarımızda olan məsələlərə diqqət çəkək. Millət vəkili Asim Mollazadə də bildirib ki, Qoşulmama Hərəkatı Azərbaycan üçün əlavə bir platformadır: "Qoşulmama Hərəkatı beynəlxalq ictimaiyyəti həqiqətlərlə təmin etmək, bölgədə Azərbaycana qarşı olan təcavüz barəsində məlumatlandırmaq üçün əlavə bir platformadır. Biz Hərəkat vasitəsilə daha yaxın tərəfdaşlar qazanmağa çalışırıq və siyasətimizə dəstək tapırıq. Ermənistanın belə layihələrə qoşulması isə mümkün olan məsələ deyil. Çünki işğalçı ölkə müstəqil deyil ki, hansısa qərarlar qəbul edə bilsin. Ermənistanın sahibləri nə desə, bu dövlət də onu edəcək. Əsas məqsəd də təcavüzkar siyasəti davam etdirmək, münaqişənin həllinə imkan verməməkdir”.

Millət vəkili Musa Quliyev də bəyan edib ki, Azərbaycanın belə tədbirlərdə iştirakı tək regionda deyil, dünyada nüfuzunun bir göstəricisidir. Onun sözlərinə görə, bu kimi tədbirlərdə Azərbaycanın iştirak etməsi ölkəmizin sülhsevər bir dövlət olduğunun bariz nümunəsidir: 

"Bu tədbir bir daha Azərbaycanın müharibəyə, terrora qarşı çıxmasını göstərir. Eyni zamanda, belə Qoşulmama Hərəkatının üzvlərinin sayının artması dünyadakı pis gedişə əngəl törədir və balanslı siyasət aparmasına töhfə verir. Bu mənada belə bir tədbir keçirilməsi, ölkə başçısının burada çıxışı və Azərbaycanın bu tədbirdə iştirak etməsi əlamətdar hadisədir”.

İsmayıl