Baş Prokurorluğun nümayəndəsi Rauf Məmmədov Azərbaycanda vəhabi təriqəti ilə məşğul olan şəxslərin fəallaşdığını bildirib. Onun sözlərinə görə, ölkədə vəhabilik və digər yad dini cərəyan nümayəndələri bu gün də Azərbaycanda fəaliyyət göstərir, qadın və azyaşlıları bu işə cəlb edir.
"Həmin təriqət üzvlərinə qarşı aparılan mübarizə nəticəsində 16 nəfər terrorçu məhv edilib. Əməliyyatlar zamanı 21 nəfər saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib. Dövlət Təhlükəsizlik Xidməti əməkdaşlarının fəaliyyəti nəticəsində başqa ölkələrdə qanunsuz silahlı birləşmələrdə iştirak etdiyi üçün 258 nəfərin vətəndaşlığı ləğv edilib”.
Mövcud durumla bağlı "Şərq”ə danışan deputat Tahir Kərimlinin sözlərinə görə, məsələyə ilk olaraq hüquq müstəvisindən yanaşmaq lazımdır. O bildirib ki, Konstitusiyada istənilən şəxs istənilən dinə ibadət edə bilər və hər kəsin buna haqqı var:
"Xristianlığın da ayrı-ayrı məzhəbləri olub, bəzən bu məzhəblər ölkəmizdə fəallıq göstərirdilər. Amma bütün bunlar aradan çıxdı.
İlk olaraq nəzərə almalıyıq ki, istənilən dini cərəyan Azərbaycanın milli təhlükəsizliyinə zərbə vura bilər, ya yox? İnsan toplumda yaşayır və bu insanın fəaliyyəti ictimai təhlükəli olanda onu məsuliyyətə cəlb edirik. Hər hansı bir dini cərəyanın daşıyıcısı konkret olaraq insandır. Həmin insanın daşıdığı ideyalarda qorxu varmı? Məsələyə bu nöqteyi-nəzərdən yanaşmaq daha doğrudur.
Həmçinin fikir vermək lazımdır ki, hansı dövlətlər bu cərəyanlardan istifadə edərək ölkəmizin milli təhlükəsizliyinə təsir törədir və ya Azərbaycanın Konstitusiya quruluşuna qarşı çıxır, radikal silahlı birləşmələr yaradırlar. Eyni zamanda cəmiyyət içərisində parçalayıcı mövqe nümayiş etdirərək dini və milli zəmində ayrıseçkilik yaratmaq istəyirlər. Bütün bunlara mütləq hüquqi müstəvidə nəzarət edilməlidir. Çünki istənilən hüququn arxasında doğru bir siyasət dayanır. Ona görə də prokurorluğun yanaşmasını düzgün qəbul edirəm. Həmçinin arzulayıram ki, hansısa dini cərəyanın qorxulu olduğu müəyyən olunursa, onun haqqında dövlət qərar versin. Məsələn, Əl-Təhrir təşkilatı Rusiyada terrorist təşkilatı kimi qəbul olunur. Yaxud da hansısa bir cərəyan başqa dövlətlərdə qorxulu hesab olunur. Ona görə də Azərbaycanda hüquqi müstəvidə təşkilatlanmış və təşkilatlanmamış şəxslərin mövcudiyyəti qanunla nizama salınmalıdır”.
Deputat həmçinin bildirib ki, bir sıra dövlətlərdə vəhabilik dövlət siyasəti ilə eynidir: "Xüsusilə ərəb ölkələrində bunu müşahidə edirik.
Doğrudur, son zamanlar Səudiyyə Ərəbistan müəyyən mülayimləşmə aparır bununla bağlı, ancaq Ərdoğan bildirdi ki, "bizdə islam dini birdir, radikal cəhətlər ola bilməz”. Azərbaycanda ənənəvi dini təriqətlər-sünnilik, şiyəlik, cəfərilik mövcuddur. Bu, yüz illərlə Azərbaycanda formalaşıb və ölkəmiz dünyaya multikulturalizm və tolerantlıq nümunəsini verib. Bu təriqətlər xalqın yaşayış qaydası kimi təmin olunub və aramızda hansısa bir qarşıdurmalar olmayıb. Hətta yüz il bundan öncə Azərbaycan ağsaqqalları Quranı qarşılarına qoyaraq and içiblər ki, bir-biri ilə qohum olacaq və təriqət ayrıseçkiliyi aparmayacaqlar. Lakin yeni yaranmış təriqət hansısa xarici məzhəblərə bağlıdırsa, mütləq buna hüquqi müstəvidən yanaşılmalıdır. Düşünürəm ki, bu, hüquq, qanun və siyasi cəhətdən ədalətli olar”.
Yeganə Bayramova