2016-cı ildə reket media ilə mübarizə gücləndi

Baş redaktorlar, sayt rəhbərləri ötən ilin uğurlarından danışır





(... əvvəli ötən sayımızda)

Yola saldığımız 2016-cı il Azərbaycan mediası üçün bir sıra uğurlar və çətinliklərlə yadda qaldı. Dövlət tərəfindən mətbuatın inkişafı üçün bir çox addımlar atıldı. Bu, istər redaksiyaların maddi-texniki bazasının möhkəmlənməsində, istərsə də jurnalistlərin sosial-məişət şəraitlərinin daha da yaxşılaşdırılmasında özünü göstərdi.

Düzdür, devalvasiyadan sonra çap mediası müəyyən çətinliklər yaşadı. Buna baxmayaraq, həm də yeni-yeni internet media orqanları yarandı. Eyni zamanda bir sıra media orqanları daxilində islahatlar aparıldı, yeniliklər oldu.

Elə bütün bu dəyişiklikləri həmin media qurumlarının rəhbər şəxslərinin dilindən eşitmək üçün media təmsilçiləri arasında sorğu keçirdik. Media nümayəndələri isə 2016-cı ilin mətbuat üçün uğurlu olduğunu və bu uğurların 2017-ci ildə də davam edəcəyinə inandıqlarını söylədilər.

"Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli 2016-cı ilin Azərbaycan mətbuatı üçün bir sıra mühüm hadisələrlə yadda qaldığını deyib: 

"Yəni mətbuat özünün sınaq dövrünü yaşadı. Xüsusilə də, Dağlıq Qarabağ ətrafında baş verən hadisələrlə və aprel döyüşləri ilə bağlı. Mediamız bu proseslərdə aktiv mövqe nümayiş etdirdi və əsl vətənpərvərlik mövqeyi ortaya qoydu. 2016-cı il, bütövlükdə medianın peşəkarlığının yüksəldilməsi istiqamətində əhəmiyyətli və önəmli hadisələrin baş verdiyi bir dövr oldu. Bu baxımdan, gələn il üçün gözləntilərimiz çoxdur. 2017-ci ildən gözləntimiz təbii ki, Azərbaycan dövlətinin daha da inkişaf etməsidir. Çünki ölkəmiz nə qədər çox inkişaf edərsə, Azərbaycan mətbuatı da bir o qədər də inkişaf edər. Buna görə də, 2017-ci ilin ölkə mətbuatı üçün uğurlu və düşərli illərdən olmasını arzu edirik”.

Lent.az saytının baş redaktoru Qabil Abbasoğlu 2016-cı ilin mediamızın texniki, psixoloji və peşəkarlıq baxımından uğurlu olduğu düşüncəsindədir. O deyib ki, yola saldığımız ilin bu baxımdan irəliyə doğru atılmış addımı hesab oluna bilər: 

"Yola saldığımız ildə mediamızı bir az daha təkmilləşdirdik. 2016-cı ildə media ilə bağlı mühüm qərarlar qəbul olundu. Bu sıraya internet medianın dövlət tərəfindən tənzimlənməsi və onlayn mediaya dövlət tərəfindən yardımların

edilməsini aid edirəm. Hökumətin bu sahəyə olan münasibətini alqışlayıram. Həmçinin media sahəsində bir sıra addımlar atıldı. Azərbaycan dövlətinin mövcud vəziyyətini, reallığını medianın fəaliyyətində öz əksini tapması ilə əlaqədar bir sıra işlər görüldü. İlin hadisəsi hesab olunan aprel döyüşləri zamanı Azərbaycan mediasının tutduğu mövqe alqışlanıldı və bu, bizim medianın inkişaf göstəricilərindən biri sayıla bilər. Bu, dövlətin qanunlarına, Azərbaycanın haqq işinə mediamızın verdiyi dəstək idi. Bütövlükdə 2016-cı ili mediamız üçün müsbət dəyərləndirmək olar. Ümid edirik ki, 2017-ci il də Azərbaycan mətbuatı, mediası üçün faydalı bir il olacaq”. 


"Səs” Media Qrupunun rəhbəri, "Səs” qəzetinin baş redaktoru Bəhruz Quliyev də 2016-cı ilin ümumilikdə Azərbaycan mətbuatı üçün çox uğurlu olduğunu deyib: 

"Son illər Azərbaycan mediası özünün inkişaf dövrünü yaşayır. Hər gün ötən günə nisbətən media yaradıcı insanların mətbuatda yer tutması, mətbuatın öz daxilində təmizlənməsi baxımından böyük uğurlara imza atır. Yola saldığımız ildə ölkəmizdə xeyli sayda dünya əhəmiyyətli tədbirlər keçirilib. Mediamız həmin tədbirin işıqlandırılmasında, onun dünya ictimaiyyətinə çatdırılmasında misilsiz işlər görüb. "Səs” Media Qrupu üçün də 2016-cı il çox uğurlu olub. Həm qəzetin, həm agentliyin, həm də internet televiziyamız üçün bu il uğurlu məqamlarla yadda qalıb. Əminəm ki, 2017-ci ildə həm rəhbərlik etdiyim media qurumu, həm də Azərbaycan mediasında inkişaf yüksələn xətlə gedəcək. Bayramlar münasibəti ilə jurnalistlərimizi təbrik edirəm. Ulu öndərimiz də, ölkə başçısı İlham Əliyev də jurnalist peşəsinin çətin və şərəfli olduğunu qeyd edib. Bu çətin işdə bütün peşəkar həmkarlarımı təbrik edirəm”.

"Yenilik. az” baş redaktoru Xanlar Xoca da 2016-cı ili Azərbaycan mediası üçün kifayət qədər uğurlu il kimi dəyərləndirib: 

"Hər il olduğu kimi ötən il də xeyli həmkərımız fəxri adlar aldılar, müxtəlif müsabiqələrdə qalib gəlib mükafatlandırıldılar. Söz və ifadə azadlığı ən yüksək formada təmin olundu. Ən mühümü isə Prezident İlham Əliyevin imzaladığı "İnformasiya cəmiyyətinin inkişafına dair Milli Strategiyanın həyata keçirilməsi üzrə 2016-2020-ci illər üçün Dövlət Proqramı” oldu. İnternet medianın inkişafı üçün böyük perspektiv açan bu Proqramın qəbulu 2016-cı ildə mediamız üçün ən yaddaqalan hadisələrdəndir. Ötən il həmçinin mediamızın "qara yarası” reket jurnalistikasına qarşı mübarizədə sərt addımların atılması oldu. 2017-ci ildən də gözləntimiz çoxdur. Bu il mənim ən çox gözlədiyim medianın "qara yara”sının tam kəsilib atılmasıdır. Düzdür, bu bir az xəyal olsa da, hər halda arzulamaq pis deyil. Bundan başqa bu il jurnalistlərə mənzillərin paylanması gözlənilir ki, bu da dünyada ancaq bizdə olan mediaya dövlət qayğısının, şəxsən Prezident İlham Əliyevin söz azadlığına, jurnalistlərə verdiyi dəyərin nəticəsidir. Həmçinin 2017-ci ildə nəhayət ki, "Diffamasiya haqqında” qanunun qəbul ediləcəyinə ümid edirəm”.

"Yeni Müsavat” qəzetinin redaktoru Elşad Məmmədli isə deyib ki, 2016-cı il Azərbaycan mediası üçün heç də asan olmayıb. Ölkədə baş verən devalvasiyalar mediaya, xüsusi ilə yazılı mətbuata ciddi zərbələr vurub:

"Çap xərcləri artdı, kağız bahalaşıb, bir çox reklam verən şirkətlər maliyyə çatışmazlığı ilə üzləşdiklərindən reklamlarını dayandırmağa məcbur oldular və s. Amma 2016-cı ildə media üçün kifayət qədər mövzular oldu: İri ranqlı məmurlar biri-birlərinin ardınca həbs edildi, xeyli dəhşətli korrupsiya faktları aşkarlandı və jurnalistlər, mətbuat da bunları yazdı, araşdırdı, təhlil etdi. Uğurlu tərəflərdən biri də o oldu ki, 2016-cı ildə reket media ilə mübarizə gücləndirildi, xeyli reket mətbuat orqanı rəhbərləri cəzalandırıldı. Digər bir mühüm cəhət o oldu ki, dövlət qurumları sanki 2016-cı ildə media ilə əlaqələrdə daha çox maraqlı görünməyə başladılar, informasiya almaq işi əhəmiyyətli dərəcədə asanlaşdı. Çatışmazlıqlar isə odur ki, bu gün yenə də medianın müəyyən iqtisadi çətinlikləri qalmaqdadır. Bu da reklam bazarının formalaşmaması ilə bağlıdır. 2017-ci il yeni başlayıb, ən azı arzu edək və düşünək ki, bu il media üçün daha düşərli olacaq”.

Faktor.az saytının baş redaktoru Əziz Əlibəylinin sözlərinə görə, 2016 ili media üçün fəaliyyət istiqamətlərinin təmərküzləşməsi ilə yadda qaldı:

"Çap medianın qürub yaşadığı, böhrana uğradığı ildə, onlayn media əksinə, inkişaf etməklə qalmadı, ixtisaslaşma yolunda da ciddi addımlar atdı. Sahəvi onlayn medianın çəkisi artmağa başladı. Ciddi sosial şəbəkə dəstəyinə sahib rəqabət mühiti daha da güclənməyə başladı. Bu da öz növbəsində zəif və istiqamətsiz media vasitələrini sıradan çıxartdı, güclüləri isə daha da yüksəltdi.

2016-cı il, həm də mediamızın sosiumda oynadığı rolu həlledici müstəviyə daşıdığı il oldu”.

Xəbər baxımından da 2016-cı ilin kifayət qədər məhsuldar il olduğunu vurğulayan həmkarımız deyib ki, milli təhlükəsizlik parametrləri, dövləti mənafe, ordu, dövlət sirri anlayışlarının sərhəddi media üçün qırmızı xətlə müəyyənləşib: "Təbii, problemlər də mövcud oldu. Kifayət qədər media qurumu bağlandı, bu da iqtisadi resurslara söykənən səbəb olsa da, məncə durum daha fərqlidir. Əsas problem, media qurumlarının texnoloji vasitələri tətbiq edə bilməməsində idi. Hesab edirəm ki, 2017-ci ilin gəlişi medianın inkişafı üçün də təsirsiz olmayacaq. Xüsusən də, mobil vasitələrlə dəstəklənən, oxucunun ayağına gedən, oxucunu özü tapan, kateqoriyalaşdıran medianın ili olacaq. Bircə arzum da var: zaman ayırıb, ofis jurnalistikasından hadisələrin içinə daxil olmaq lazımdır. Çünki artıq bu gün rəqabət daha sürətli və operativ gedir”.

Şəymən