"2017-ci ildə manatın ucuzlaşmaqda davam edəcəyi DƏQİQDİR, amma..."



"Bu ilin birinci yarısında manat öz real məzənnəsinə çatacaq".

Bunu Sherg.az-a dolların sürətlə bahalaşmasının  Azərbaycan manatına göstərəcəyi təsirlərdən danışarkən, iqtisadçı-ekspert Qadir İbrahimli deyib. 

O bildirib ki, dolların bahalaşmasının nə qədər davam edəcəyi ilə bağlı dəqiq proqnoz vermək çətindir: 

"Çünki bu hal daxili və xarici amillərin təsirindən yaranır. Bildiyimiz kimi Federal Ehtiyatlar Sistemi (FED) uçot dərəcəsini artırıb, dolların bahalaşmasına bir qədər də şərait yaratdı. Bunun Azərbaycana təsiri də qaçılmazdır və bu il də uçot dərəcəsinin artırılacağını əminliklə deyə bilərik. Buna baxmayaraq, Azərbaycan manatının ucuzlaşması tək uçot dərəcəsinin artırılması və ya digər xarici amillərlə bağlı deyil. Burada Mərkəzi Bankın da tənzimləyici rolunu qeyd etməliyik. Hazırda davam edən prosesdə əsasən manatın real məzənnəsinin tapılmasından söhbət gedir. Manatın devalvasiyasının hansı həddə qədər davam edəcəyi hələ də sual altındadır. Ümumilikdə isə manatın ucuzlaşmaqda davam edəcəyi dəqiqdir, lakin kəskin devalvasiyanın baş verməsi gözlənilmir. Ucuzlaşmanın hansı həddə qədər davam edəcəyi tədiyyə balansındakı vəziyyət, neftin qiymətinin tənzimlənməsi, idxal-ixrac amillərinin hansı səviyyədə olmasından asılıdır”.

Qeyd edək ki, "Bloomberg” agentliyinin məlumatına görə, ABŞ-ın milli valyutasının məzənnəsində dəyişikliyi izləməyə imkan verən dollar indeksi əsas valyutalardan olan avro, yapon yeni, funt sterlinq, Kanada dolları, İsveçrə frankı, İsveç kroununa qarşı 2002-ci ildən bəri ən yüksək həddə çatıb.

Aysel Aslan