Tahir Kərimli: “Yuxarı məhkəmə instansiyaları bu qərarı ləğv etmək iqtidarındadır”
Bakı Ağır Cinayətlər Məhkəməsi bloger Aleksandr Lapşini cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməklə 3 il müddətinə azadlıqdan məhrum edib. Qeyd edək ki, prokuror A.Lapşinə 6 il 6 ay cəza istəmişdi.
Hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə bloger Azərbaycan Cinayət Məcəlləsinin 318.2 (sərhədi qanunsuz keçmək) maddəsi ilə təqsirli bilinib.
Eyni zamanda məhkəmə sübuta yetirilmədiyindən Cinayət Məcəlləsinin 281.2 (dövlətə qarşı açıq çağırışlar) maddəsini onun üzərindən götürüb.
Bloger deyib ki, ona qarşı elan olunan ittihamlarla özünü günahkar saymır, sadəcə istəmədən Azərbaycan xalqına mənəvi ziyan vurub. İyulun 19-da məhkəmədə bloger son sözünü deyib: "Amma ona görə peşmanam ki, özüm də istəmədən Azərbaycan xalqına mənəvi zərbə vurmuşam. Xüsusən işğal olunmuş ərazilərdən didərgin düşənlərə. Günahım Azərbaycan qarşısında mənəvi müstəvidədir, hüquqi müstəvidə yox.
Peşmanam ki, bloger kimi Qarabağa səfər edəndə erməni mənbələrindən məlumatlar almışam. Amma heç vaxt Azərbaycana nifrətim olmayıb. Ümid edirəm ki, Azərbaycan öz ərazi bütövlüyünü qısa zamanda bərpa edəcək, Qarabağ münaqişəsi Azərbaycanın xeyrinə başa çatacaq”.
Rusiya, İsrail və Ukrayna vətəndaşı olan Aleksandr Lapşin bu ilin yanvarında Belarusda saxlanılıb və Azərbaycana təhvil verilib. O, Azərbaycanın ərazi bütövlüyü əleyhinə çağırışlarda, sərhədi qanunsuz keçib Qarabağa getməkdə suçlanır.
A.Lapşinin vəkili Eduard Çurkin isə onun Rusiyaya ekstradisiya olunmasını istisna etməyib.
Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bu mövzunun rəsmi Kremlin nəzərdən keçirdiyi mövzulardan olmadığını deyib.
Hüquqi baxımdan məhkəmənin qərarının qəbulolunan olduğunu vurğulayan millət vəkili, Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Tahir Kərimli siyasi aspektdən yanaşdıqda 3 ilin həddindən artıq az cəza olduğunu deyib:
"Məhkəmə müstəqil orqandır və dövlət adından qərar vermək səlahiyyətinə sahibdir. Dövlətin qərarları isə heç bir halda mübahisə predmeti ola bilməz. Ancaq yuxarı məhkəmə instansiyaları bu qərarı ləğv etmək iqtidarındadır. Onu da deyim ki, konkret situasiyanın içərisində olmadığım üçün hansı şərtlərlə Lapşinə yüngülləşdirici cəza verildiyini deyə bilmərəm. Ancaq bir şey var ki, Lapşin təkcə Azərbaycan qanunlarını pozmayıb, dövlət suverenliyini pozan bir şəxs hesab edilir. Və onun fonunda Azərbaycanın işğal altında qalan ərazilərinə qanunsuz səfər edən, dövlətimizə qarşı riyakar münasibət sərgiləyib, qərəzli yazılar yazan insanlar ən ağır cəzaya layiqdir. Ona görə də Lapşinə ən ağır cəza verilməli idi ki, Azərbaycan qanunvericiliyinin qüdrətindən qorxsunlar”.
Lapşinin ekstradisiya məsələsinə gəldikdə isə millət vəkili deyib ki, bu məsələ ancaq iki dövlətin razılığı əsasında həyata keçirilə bilər”.
Şəymən