Gənclərin əksəriyyəti energetik içkiləri spirtli içkiyə qarışdırır, üstündən də “Cola” içirlər
Bu cür içkilərin dozadan artıq istifadəsi qaraciyərdə ciddi fəsadlar yaradır
Son illər Azərbaycanda xüsusilə gənclər arasında energetik içkilərə maraq kəskin artıb. Ölkədə insan orqanizmi üçün zərərli olan bu içkilərin satışına hər hansı məhdudiyyətin qoyulmaması bu məhsulu daha da əlçatan edib. Digər tərəfdən, energetik içkilərlə bağlı reklam kampaniyaları, insanların kütləvi toplaşdığı yerlərdə onların pulsuz paylanılması bu içkilərə marağı, xüsusilə yeniyetmələrin və gənclərin ona olan aludəçiliyini daha da artırıb.
Bəzi ölkələr artıq onun satışına hələ bir neçə il əvvəl qadağalar qoyub, bir sıra ölkələrdə isə satışına müəyyən məhdudiyyətlər tətbiq edilib.
Məsələn, 2010-cu ildə ABŞ-da kofein tərkibli spirtli enerji içkiləri tamamilə satışdan çıxarılıb. Elə həmin il Litvada energetik içkilərin yetkinlik yaşına çatmayanlara satışına qadağa qoyulub.
2015-ci ilin mayın 1-dən isə Rusiyanın Moskva vilayətində də eyni məhdudiyyətlər tətbiq edilib.
Son illərdə energetik içkilərdən qəfil ölüm hallarının artdığını deyən Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev hesab edir ki, Azərbaycanda energetik içkilərin kütləvi şəkildə yayılması, xüsusilə gənclərin buna maraq göstərməsi artıq narahatlıq doğuran məsələlərdəndir:
"Ümumiyyətlə, son illərdə energetik içkilərdən qəfil ölüm halları çoxalıb. Bütün dünyada, o cümlədən Azərbaycanda gənclər və yeniyetmələr arasında energetik içkilərin fəsadları artıb. Energetik içkilərin inkişaf etməkdə olan orqanizmə vurduğu fəsad daha çoxdur. Bu içkilər insanın istər psixoloji durumuna, istər ürək-damar sisteminə, istərsə də maddələr mübadiləsinə mənfi təsir göstərir. Bu içkilərin qəbulundan yuxu, əsəb sistemi pozulur, bunları qəbul edən insanlar bəzən öz fəaliyyətlərinə nəzarət edə bilmirlər”.
M.Quliyev hesab edir ki, bu amilləri nəzərə alaraq, Azərbaycanda energetik içkilərin satışını qadağan etmək mümkün olmasa da, onun satışının məhdudlaşdırılması, uşaqlara əlçatanlığının minimuma endirilməsi üçün tədbirlər görülə bilər. Deputat qeyd edib ki, energetik içkilərin satışının məhdudlaşdırılması məsələsini Milli Məclisin payız sessiyası ərzində qaldıracaq.
Məsələ ilə bağlı "Şərq”ə açıqlama verən "Medical Plaza” Klinikasının terapevt-qastroenteroloqu Sevindik Arazov da energetik içkilərin insan orqanizmi üçün ziyanlı olduğunu təsdiqləyib. Onun sözlərinə görə, bu cür içkilərin dozadan artıq istifadəsi qaraciyərdə ciddi fəsadlar yaradır:
"Sutka ərzində ikidən artıq enerji içkisi istifadə etmək olmaz. Bu içkilər insan orqanizmində metabalizmi həddindən artıq gücləndirir. Həmçinin də onun tərkibində orqanizmi oyadan vasitələrdən ibarətdir. Bu içkilərin nə dərəcədə qəfil ölümlərə səbəb olduğunu bilmirəm, amma bir mütəxəssis kimi bu içkilərin qaraciyərə çox mənfi təsirləri olduğunu deyə bilərəm:
"Nəzəri olunaraq, qəfil ölüm də mümkündür. Enerji içkiləri ürəkdə qan-damar sisteminə təsir edir. Bu baxımdan istisna deyil”.
Praktikasından nümunə gətirən həkim deyib ki, universitetə qəbul olan bir tələbə bu uğurunu qeyd etmək üçün xarici ölkələrdən birinə səfər edib və bir gecə ərzində 6-7 enerji içkisini birdən qəbul edərək zəhərlənib:
"Toksiki hepatit səbəbi ilə rəngi saralıb, ölkəyə qayıtmışdı. 20 günlük müalicədən sonra qaraciyər öz fəaliyyətini tam bərpa elədi. Bir həkim olaraq bu cür içkilərin qəbulunu tövsiyə eləmirəm. İki dənəsindən artıq içmək isə qəbulolunmazdır, istehsalçı belə icazə vermir. Amma bizim gənclərin əksəriyyəti energetik içkiləri spirtli içkiyə qarışdırır, üstündən də "Cola” içirlər. 3 zəhər bir yerdə olanda da, sözsüz ki, ölümə rəvac verəcək”.
Şəymən