30 il bundan əvvəl o maşına heç kim yaxın getməzdi

“Retro maşınlarını satışa çıxaran insanlar qiyməti bazara uyğun qoymurlar. Həddindən artıq baha qiymətə təklif edirlər”Azərbaycanda antik avtomobillərə böyük maraq yaranıb
Bakıda dünyada nadir rast gəlinən antikvar avtomobil satılır. Xezerxeber.az-ın məlumatına görə, avtomobil görənlərin marağına səbəb olur. Avtomobilin sahibi Azər Abdullayev deyir ki, 1931-ci ildə istehsal edilmiş avtomobil 4 qapılıdır. Dünyada cəmi 32 ədəd buraxılmış bu avtomobilin 24-ü 2 qapılı, 8 isə 4 qapılıdır.
Avtomobilin mühərriki 3.3 həcmlidir və tam işlək vəziyyətdədir.
Azər Abdullayev deyir ki, maşının orijinallığını qorumağa çalışıb. Onu da cəlbedici göstərən də məhz budur. Avtomobil sahibinin sözlərinə görə, əvvəllər maşını satması üçün ona xeyli pul təklif olunsa da, razılaşmayıb. Amma hazırda şərtlər dəyişib. Avtomobilə maraq o qədər çoxdur ki, yoldan keçənlər onu qısa müddətə də olsa sürmək istəyirlər. Sahibi isə bunun qarşısını almaq üçün onun akkumlyatorunu çıxarıb.
Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı isə hesab edir ki, 1931-ci il istehsalı olan bir avtomobil üçün yüz min manat həddindən artıq yüksək məbləğdir. Onun fikrincə, hər bir dövrdə insanlar müxtəlif hansısa marka avtomobillərə, əşyalara maraq göstərir: 
"Bəlkə də 20-30 il bundan əvvəl həmin avtomobil heç kəsin zövqüncə deyildi. Hətta küçədə pulsuz təklif etsələr belə götürən olmazdı. Amma bu gün üçün həmin avtomobil antik əşya kimi hər kəsin maraq obyektinə çevrilib. Xüsusən də, qədimi marka avtomobillərə aşırı həvəsi olan insanlar üçün onu bir dəfə sürmək belə böyük xoşbəxtlik hesab olunur.
Son illər retro maşınlara marağın artdığını qeyd edən ekspert deyib ki, mütəmadi yürüşlər də təşkil olunur. Məhz bu səbəbdən də köhnə avtomobili olan insanlar cüzi kosmetik dəyişikliklər edərək avtomobilini satışa çıxarıb külli miqdarda vəsaitə təklif edir. Almaq imkanında olan insanlar da həmin antikvar maşınları alıb, qarajında saxlayır.
Bəzən də olur ki, 30 il bundan əvvəl hansısa bir kasıbın "VAZ-21011”, yaxud da "QAZ-24”-ü olub və hansısa səbəbdən satıb. Sonradan da əlinə imkan düşüb varlanıb və həmin avtomobilini axtarır ki, "O mənim ilk maşınım olub, harada olsa, tapıb alacam və evimdə saxlayacam”.
E.Muradlının sözlərinə görə, retro maşınlarını satışa çıxaran insanlar qiyməti bazara uyğun qoymurlar. Həddindən artıq baha qiymətə təklif edirlər: 
"Biz ayağımızı yorğanımıza görə uzatmağı öyrənə bilmirik. Bəlkə də Azərbaycanda yüz minə təklif edilən antikvar avtomobili xaricdə bir milyona da satmaq olar. Amma Azərbaycan reallığı üçün bu inandırıcı görünmür. Mənim ətrafımda da çoxlu avtomobil həvəskarları var, amma rast gəlməmişəm ki, hansısa o qədər pul verib retro maşın alsın. Amma alıb xaricə aparanlar olur. Bu yaxınlarda 1935-ci ildə istehsal olunan "BMW”-ni yəhudilər alıb apardılar. Azərbaycanlıların pulu hələ o qədər artıqlıq eləmir ki, köhnə maşına 60-80 min pul xərcləsin. Şəxsən mən hər nə qədər avtomobil həvəskarı olsam da, köhnə maşına görə yüz minimdən keçmərəm. Həmin pula xudmani bir ev tikdirib, antikvar əşyalarla bəzəyərəm. Həm sərfəli, həm də zövqverici olar. Adi bir dəmir parçasına o qədər pulu ver, sonra da çürüsün torpağa qarışsın. Heç bir metal ömürlük deyil. Bir müddətdən sonra hər nə qədər qulluq eləsən, qorusan da, o çürüyəcək”.
Şəymən