"5-6 ballıq zəlzələ baş verərsə, bu binalar yerlə -yeksan olacaq" - Keyfiyyətsiz tikinti





"Tikintinin keyfiyyətinə, işçilərin təhlükəsizliyinin təmin olunmasına Fövqəladə Hallar Nazirliyi nəzarət edir”.

Bu barədə "Sherg.az”a paytaxtda yarımçıq tikilinin uçmasından danışarkən Vətəndaşların əmək hüquqları Liqasının sədri Sahib Məmmədov bildirib.

O vurğulayıb ki, Bakı seysmik zonada olduğundan tikintiyə dair xüsusi tələblər var. Bunlara əməl olunmalı, ən azı 9 ballıq zəlzələyə davamlı binalar tikilməlidir: 

"Təəssüf ki, buna dövlət nəzarəti olsa da, standartlara əməl etməyən tikinti şirkətləri də ortaya çıxır. Nəticədə yarımçıq tikililərdə, tikintisi başa çatdırılan binalarda qəza halları yaşanır.

Belə hallarda tikinti qaydalarını pozmağa görə, bunu həyata keçirən şirkətlər məsuliyyətə cəlb olunur. Eyni zamanda tikintidə baş verən qəzalar, insan tələfatı ilə nəticələnən hadisələrə görə, məsul şəxslər cinayət məsuliyyəti daşıyır. İnsanlara dəyən maddi ziyan da şirkət rəhbərliyinin üzərindədir.

Binalar hələ tikilməkdə olarkən dağılırsa, gələcəkdə 5-6 ballıq zəlzələlər baş verərsə, ümumiyyətlə yerlə yeksan olacaq. Ona görə, belə hadisələr artıq bir siqnaldır. Müvafiq qurumlar, nəzarət orqanları, hökumət ciddi düşünməlidir”.

Qeyd edək ki, Bakının N. Nərimanov rayonunda tikilməkdə olan binanın bir hissəsi uçub. Belə ki, Koroğlu Rəhimov küçəsi 13 ünvanında, Odlar Yurdu Universitetinin əlavə korpusunda beton töküləndən sonra binanın 4-cü mərtəbəsinin bir hissəsi dağılıb.

Aysel Aslan