“Sosial layihə belə olmur! Onların etdiyi konkret qəddarlığa təhriketmədir”
"Diqqətli ol” verilişi bir sosial eksperiment keçirib. Eksperiment Sumqayıtda baş tutub. Yoldan keçənlərə yaxınlaşaraq maraqlı təklif verən gənc oğlan sakinlərə itini öldürmək müqabilində pul təklif edib. Əlində bir selofan torba, 50 manat da pul küçədən keçən insanlara yaxınlaşan oğlan itinin xəstə ağciyər xəstəsi olduğunu və bir həftə ömrü qaldığını deyib:
"Həkimi deyir ki, xəstəliyi çox ağırlaşıb, bir həftədən artıq yaşamaz. Onun can verə-verə ölümünü izləməyə ürəyim dözməz, baxa bilmərəm. Al bu 50 manatı, iti bu torbaya sal, 5 saniyəyə öləcək. Onsuz da nəfəs borusunda ciddi problemi var. Mənim əlim gəlmir”. Bəziləri bu təklifi rədd etsə də, pul sözü eşitdikdən sonra fikrini dəyişənlər də olub. Gənclər əvvəl etiraz edir, itin sahibi 100 manat uzadanda isə cibinə qoyur və razılaşır. Eləsi var deyir, "burda olmaz, keçək məktəbin arxasına”. Bir-iki nəfər isə "Allahdan qorx” deyib uzaqlaşır. Təbii ki, sosial çarxın məqsədi heyvanlara qarşı insanların reaksiyasını yoxlamaq olub. Amma gənclərin pula görə canlı iti boğmağa razılaşması tükürpədicidir. Görəsən, sözügedən eksperimentlə bağlı ekspertlər nə düşünür? İnsanlar niyə bu qədər qəddarlaşıb?
Sosioloq-jurnalist Lalə Mehralı isə əvvəlcə bu çarxı hazırlayanların diqqətinə çatdırıb ki, sosial layihə belə olmur! Onların etdiyi konkret qəddarlığa təhriketmədir: "Qarşılaşdıqları adam psixoloji problemli də ola bilər, pula hava-su kimi ehtiyacı olan biri də. Dolayısı ilə onu buna təhrik etməklə şüuraltındakı zorakılıq düyməsinə basmış olursuz. Belə sosial iş olmur, belə tərbiyələndirmək olmur. Onların metodu başından yanlışdır. Başa düşürəm, yenilik etmək istəyiblər, cəmiyyətə müsbət siqnal vermək istəyiblər, zorakılığın yaxşı olmadığını demək istəyiblər, amma seçdikləri üsul, danışdıqları dil yanlışdır. Yeniyetmələrin beyni qanlı olur deyirlər, onun üçün əhəmiyyəti yoxdur, əksəriyyəti quşu daşla vurub öldürür, itə-pişiyə ağacla, paya ilə zərbə endirir. Bu onların içindəki aqressiyanın təzahürüdür. İndi siz təsəvvür edin, küçədə qarşılaşdığı biri ona yüksək məbləğdə pul verir və itini öldürməyi xahiş edir, onu kim saxlaya bilər? Əlbəttə ki, etməyə çalışacaq. Yəni siz onu bu yolla vadar, təhrik etmiş olursuz. Təkrar edirəm, sosial layihə, videoçarx tərbiyəvi olmalıdır, müsbət istiqamətləndirməlidir. Küyə düşüb iş görmək olmaz. Olsa da, bu cür biabırçı nəticələr əldə edilir”.
Psixoloq-konsultant Arzu Müzəffərova da bu cür sosial eksperimentlərin keçirilməsinin məqsədəuyğun olmadığını deyib: "İnsanlar arasında eksperimentlərin aparılması gözəldir, amma mövzudan çox şey asılıdır. Yəni nəyi sınayıb, nə görəcəyik. İnsanlar dildə özlərini çox gözəl ifadə edirlər, amma situasiya onların kimliyini daha gözəl ortaya çıxarır. Yaşadıqları situasiya xoş olmayanda isə travma yaşayırlar. Videoda əks olunan hadisəni dəqiq analiz etsək, burada düşüncə olaraq, pul, heyvan sevgisi və ölümə necə münasibətdən söhbət gedir. Sorğu olsa, fərqli cavablar eşidərdik, amma real görüntü insanları tamam fərqli tanıdır. Bu zaman həm kadrdakı insanın özü, həm də onu televiziya kanallarında izləyən insanların fərqli baxışları olur”.
Arzu xanımın sözlərinə görə, pulu əldə etmək üçün insanların heyvanı öldürməyə razılaşması onların psixoloji olaraq heç də xoş olmayan düşüncəsini ortaya çıxarır.
Burada məsələ sadəcə pul qarşılığında onu bu işə sövq edən insanın sözünü dinləyib, ona kömək etməsindən getmir. Hər kəs ölümün haqq olduğunu bilməlidir. Sevgi hər situasiyada öndə olmalıdır. Fərqi yoxdur, heyvanlara, yaxud da təbiətə qarşı olsun.
Şəymən