Narın tərkibindəki təbii birləşmə ürəyin fəaliyyətini 80 faiz yaxşılaşdırıb - ARAŞDIRMA

İngiltərədəki Kral London Kollecində aparılan yeni araşdırma nar, qoz və böyürtkən kimi meyvələrin həzmi zamanı orqanizmdə təbii şəkildə yaranan “urolitin A” adlı birləşmənin ürək çatışmazlığının müəyyən formasında ürəyin fəaliyyətini 80 faizə qədər yaxşılaşdırdığını ortaya qoyub.

Sherg.az Demirören Xəbər Agentliyinə (DHA) istinadən bildirir ki, tədqiqatçılar ürəyin qanı pompalama gücünü qoruduğu, lakin ürək əzələsinin sərtləşməsi səbəbindən kifayət qədər qanla dolmadığı qorunmuş ejeksiya fraksiyalı ürək çatışmazlığı (HFpEF) xəstəliyini araşdırıblar.

Təcrübələr zamanı urolitin A-nın ürək əzələsinin boşalmasında mühüm rol oynayan PKG1α zülalını aktivləşdirdiyi müəyyənləşib. Birləşmə ilə müalicə olunan sınaq nümunələrində ürək funksiyasının 80 faizə qədər yaxşılaşdığı və ürək əzələsinin yığılmadan sonra daha yaxşı boşaldığı müşahidə edilib.

Birləşmə insan kök hüceyrələrindən laboratoriyada hazırlanmış süni ürək toxumasında da sınaqdan keçirilib. Nəticələrdə həmin toxumanın boşalma qabiliyyətinin əhəmiyyətli dərəcədə artdığı müəyyən olunub.

Mütəxəssislər isə nəticələrin nar yeməklə ürək çatışmazlığının müalicə ediləcəyi anlamına gəlmədiyini vurğulayıblar. Araşdırmanın nəticələrinin urolitin A əsasında yeni dərmanların hazırlanması üçün klinik sınaqlara zəmin yaratdığı bildirilib.