50 Ombudsman Ərdoğana “Nobel” istəyir

Millət vəkili təklifi müsbət dəyərləndirib, ancaq deyib ki, qərb dünyası buna imkan verməz



"Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğana Nobel Sülh Mükafatı verilməlidir”. Bu fikri 50 ölkənin ombudsmanı dilə gətirib. İstanbulda İslam Əməkdaşlıq Təşkilatının və Aralıq Dənizi Ombudsmanlar Birliyinin təşkilatçılığı ilə keçirilən Konfransda iştirak edən hüquq müvəkkilləri Türkiyə Prezidentinin Nobel Sülh Mükafatına layiq olduğunu bildiriblər.

Ombudsmanlar vurğulayıblar ki, "güclünün zəifi əzdiyi dünya nizamına qarşı apardığı mübarizə, bəşəriyyətə verdiyi töhfələr və məzlumların haqq səsi olmağı bacardığı üçün” Ərdoğan Sülh mükafatına layiq ən yaxşı namizəddir. 

Təşəbbüslə bağlı "Şərq”ə danışan millət vəkili, hüquqşünas Tahir Kərimli deyib ki, təklifin müsbət olduğunu desə də, məlum qərəzdən dolayı Qərb dünyasında bunun dəstək görməyəcəyini deyib. Deputatın sözlərinə görə, Ərdoğan hər zaman ABŞ və Avropa ilə məsafə saxlayıb, onlara qarşı çıxıb: 

"Təklif Türkiyədən edilsəydi, birmənalı münasibət olmazdı. Ancaq İslam Əməkdaşlıq Təşkilatı yeritdiyi beynəlxalq siyasətdən dolayı Ərdoğandan razıdır. Türkiyə Prezidenti islamın siyasi və ictimai mövqeyini xeyli möhkəmləndirib. O, əksər məsələləri islam nöqteyi-nəzərdən dəyərləndirir. Eyni zamanda Ərdoğan çox aktiv və prinsipial siyasətçidir. Bu baxımdan türk liderin namizədliyinin irəli sürülməsi təbiidir. Ancaq çox güman ki, buna fərqli reaksiyalar olacaq. Çünki Nobel Sülh Mükafatı Komitəsi Qərbə yaxın olan, onların dedikləri ilə razılaşan şəxslərə mükafat verirlər. Adını isə "beynəlxalq standartlara uyğun gəlmək” qoyurlar. Biz də bilirik ki, beynəlxalq standartlar Avropa elementləri əsasında yaranıb. Bu elementlər isə birbaşa xristianlıqla bağlıdır. Məsələn, yüz minlərlə insanın qanına bais olan cinayətkar Mixail Qorbaçova "Nobel Sülh” mükafatı verildi. Səbəb isə onun SSRİ-ni yıxması idi. Yaxud da Myanmarda müsəlmanları kütləvi qətlə yetirən bir adam xəbərdarlıq belə edilmədən "sülh” mükafatına layiq görülüb. Bu mənada indiki "Nobel sülh mükafatı” ədalətli təltifat sayıla bilməz. Hamı bilir ki, bu qurum kimlərə xidmət göstərir. Yenə deyirəm, Ərdoğanın sülh mükafatına layiq görülməsi təşəbbüsü müsbətdir. Ancaq təklifin həmin qərəzli dairələr tərəfindən müsbət qarşılanacağı inandırıcı deyil”.

İsmayıl