8 yaşda uşaq qəfildən ölə bilməz
Orta məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər var
Ötən gün Sabunçu rayonu 67 saylı məktəbdə ikinci sinif şagirdinin yemək yeyən zaman boğularaq ölməsi cəmiyyətdə ciddi müzakirələrə yol açıb. Ölüm səbəbinin müəmmalı olması isə valideynlər arasında əməlli- başlı təşviş yaradıb.
Tənəffüs zamanı yemək yeyən 2011-ci il təvəllüdlü Sabir Xəlilov müəlliminə yaxınlaşaraq boğulduğunu deyib. Uşaq təcili olaraq məktəbin tibb bacısının yanına aparılsa da, dili qatlandığı üçün tibb bacısı kömək edə bilməyib.
Sabunçu Rayon Polis İdarəsindən (RPİ) verilən məlumatda isə Sabir Xəlilovda yüksək temperatur müşahidə edildiyi və buna baxmayaraq, valideynlərinin onu məktəbə yolladığı qeydi öz əksini tapıb: "Bədən temperaturunun hədsiz yüksəlməsi bəzi hallarda uşaqlarda qıcolmaya səbəb olur. Xəlilovda da eyni hal təkrarlanıb. Həmin anda onun dili qatlanıb, lakin ətrafda heç kəs onunla necə düzgün davranmaq lazım gəldiyini bilməyib. Hazırda faktla bağlı araşdırma aparılır”.
Pediatr Vaqif Qarayev isə "Şərq”ə açıqlamasında deyib ki, 8 yaşlı uşağın ölümü barədə yayılan xəbərlər ancaq jurnalistlərin fərziyyələrindən ibarət olduğu üçün konkret fikir bildirmək olmur:
"Hadisə barədə bir neçə xəbər saytında gedən məlumatları izlədim. Hər birində də ölüm səbəbi fərqli göstərilib. Belə olan halda mən nə deyə bilərəm ki. Şəxsən bir pediatr olaraq yayılan məlumatların heç birini əsaslı hesab etmirəm. Dəqiq ölüm səbəbini öyrənmək üçün ekspertizanın cavabını gözləmək lazımdır. Ya da valideynlər və uşağın qeydiyyatda olduğu xəstəxanının həkimi açıqlama verməlidir ki, bu uşağın hansı narahatlığı olub. 8 yaşlı uşaq qəfildən, həm də səbəbsiz yerə ölə bilməz. Deyirlər, dili qatlanıb. Bunun da bir səbəbi olmalıdır axı. Ya bu uşaq epilepsiya xəstəsi olub, ya da başqa bir xəstəliyi olub.
Məktəb direktorunun açıqlamasına görə, 2 gün əvvəl yüksək qızdırması olub. Temperatur qıcolmalara səbəb olur, amma 2-ci sinif uşağının qızdırmadan ölməsi heç cür mümkün deyil. 2-3 aylıq uşaqlar qızdırması çox olanda qıcolmadan ölə bilər. Görünür, o uşağın bir neçə gün əvvəldən ciddi bir problemi olub. Mütləq sahə həkimi və ailəsi onun bu günə qədər olan narahatlığı barədə açıqlama verməlidir. Əgər körpə uşaq olsaydı, qəfil ölümün mümkün səbəblərini izah etmək olardı. O yaşdakı bir uşaq qəfildən ölə bilməz. Bu ifadəni altından qırmızı xətt çəkərək deyirəm. Qəflətən ölüm sindromu südəmər uşaqlarda olur”.
Dünəndən sosial şəbəkələrdə hadisə ətrafında müzakirə açıldığını qeyd edən pediatr belə deyib: "Hamı məktəbi, müəllimləri günahlandırır ki, ətrafında ona kömək edəcək bir nəfər tapılmayıb. Biz axı o uşağın konkret hansı səbəbdən dilinin qatlandığını bilmirik. Bu uşaq 10 ildən sonra dünyaya gəlib. Siz indi onun ailəsinin durumunu təsəvvür edin. Çox çətin situasiyadır. Medianın işlətdiyi hər bir ehtiyatsız ifadə onları incidir. Ekspertiza rəyi ortaya qoyulmadan yazılan səbəblərin hamısı fərziyyədir”.
Pediatr Günay Rəsulova isə uşağın yeməkdən boğulub ölməsi ehtimalını real sayır. Onun sözlərinə görə, qida nəfəs yollarına gedib, aspirasiya edib və boğulma yaradıb. Yüksək qızdırması olubsa, qıcolma da olmuş ola bilər”.
Təhsil eksperti Kamran Əsədov isə orta məktəblərdə tibbi xidmətin göstərilməsi ilə bağlı ciddi problemlər olduğunu deyib. Bu barədə "Şərq”ə danışan ekspert hesab edir ki, arabir məktəblərdə baş verən bədbəxt hadisələr bunu deməyə əsas verir:
"Vacib bir məsələni qeyd etmək istəyirəm ki, ilin artıq payız ayları başlayır, uşaqlarda qrip və soyuqdəymə xəstəliklərinin riski olduqca çoxalır. Təbii ki, uşağı bu xəstəliklərdən tam sığortalamaq mümkün deyil. Lakin hər şeydə olduğu kimi burada da müəyyən hədd var. Danılmaz faktdır ki, şagirdlərin qidalanması çox yaxşı vəziyyətdə deyil. Hətta 6-7 dərs saatı ərzində onların normal qidalanmaması, şagirdlərin fiziki zəifləməsi ilə nəticələnir.
Düzdür, qanunvericilik aktlarına əsasən, ciddi yoluxucu xəstəliklər istisna olmaqla, digər mövsümi xarakter daşıyan xəstəliklərə yoluxma şagirdlərin dərsə gəlməsinə məhdudiyyət qoyulması üçün səbəb ola bilməz. Lakin qrip və bu kimi xəstəlik daşıyıcısı olan şagirdlərin məktəbə daxil olması zamanı orta məktəbin tibb xidməti göstərən əməkdaşı tərəfindən profilaktik tədbirlər həyata keçirilməlidir. Uşağın ağzı və burnu infeksiya və viruslar üçün "giriş qapısıdır". Çöldən evə qayıtdıqdan sonra uşaq boğazını yaxalamalı, burnunu su ilə yumalıdır. Məktəb rəhbərliyi müəssisənin tibbi personalı ilə hər gün monitorinq aparmalı, əgər sinifdə oxuyan şagirdlər arasında qrip virusu ilə bağlı təhlükə varsa, o zaman bütün şagirdlər qoruyucu maskalardan istifadə etməli, həmin şagird müvəqqəti olaraq birinci sırada yox, sonuncu sırada əyləşməlidir. Sinif rəhbəri virusa yoluxmuş şagirdin digər şagirdlərlə ünsiyyətinə diqqət yetirməlidir”.
Təhsil ekspertinin fikrincə, məktəbin tibb işçiləri uşaqlar arasında müayinələr aparmalı, xəstəliyi olan şagirdlər barədə onların şəxsi işlərinə məlumat yazmalıdırlar. Məhz bu məlumat müəllimlərin şagirdlərə münasibətini tənzimləməlidir: "Bundan başqa orta məktəblərdə ilkin tibbi yardım göstərə biləcək tibbi personal olmalıdır. Bu, qanunvericilik aktlarında da nəzərdə tutulur.
Baş verə biləcək hər hansı bir bədbəxt hadisə zamanı yerində ilkin tibbi yardımın göstərilməsi üçün. Amma baş verən hadisələr onu göstərir ki, orta məktəblərdə təkcə təhsilin səviyyəsi aşağı səviyyədə deyil, eyni zamanda tibbi xidmətin göstərilməsi məsələsində də ciddi problemlər var. Əgər bir şagird məktəbin ərazisində hansısa bir hadisə nəticəsində vəfat edirsə, bu, həmin məktəbdə fəaliyyətin düzgün təşkil olunmaması deməkdir. İbtidai sinif şagirdləri ciddi nəzarət tələb edən yaş həddindədir. Onlar nə sinifdə, nə də tənəffüs vaxtı nəzarətsiz qala bilməz. Onlara ciddi şəkildə nəzarət etmək lazımdır”.
Kamran Əsədovun fikrincə, valideynlər də övladlarına qida məhsulları qoyanda mütləq şəkildə nəzarət etməlidirlər, o qidalar rahat həzm olunsun: "Şagirdlər məktəbdə normal şərait olmadığı üçün təkbaşına evdən gətirdikləri qidaları nəzarətsiz yeyirlər. Halbuki, məktəb bufetlərində onlar üçün normal şərait yaradılmalıdır”.
Şəymən