Abdullah Gül qorxaqdır

Keçmiş prezidentin siyasət üçün qətiyyətli addım ata biləcək xarakteri yoxdur





Türkiyənin 11-ci prezidenti Abdullah Gülün ölkənin cənub-şərq bölgəsində müxtəlif təriqət liderləri ilə görüşdüyü iddia edilib. "Aydınlıq” qəzetinin yazarı İsmət Özçelik yazıb ki, sabiq prezident son zamanlar boş dayanmır. Yazarın sözlərinə görə, Gül bir çox şəxslərlə gizli görüşlər təşkil edir:

"Onun ofisində canlanma var. Təqaüddə olan diplomatlar, ali səviyyəli bürokratlar, kənarda qalan AKP-çilər, müxalif partiyaların önəmli şəxsləri ofisə tez-tez gəlirlər. Məlumata görə, Gülün partiyada aktiv fəaliyyətdə olanlarla da əlaqəsi var. Özçelik eks prezident Gülün son görüşlərinin olduqca düşündürücü olduğunu deyib. Bir sıra ekspertlər də Abdullah Gülün yenidən aktivləşdiyini, siyasi proseslərə qayıtmaq niyyətində olduğunu iddia ediblər. 

Məsələni "Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, Gül kifayət qədər siyasi iradəsi olan şəxs deyil. Ekspertin fikrincə, keçmiş prezidentin siyasət üçün qətiyyətli addım ata biləcək xarakteri yoxdur: 

"Abdullah Gül qorxaq və ürkək təbiətə malik bir adamdır. Amma bütün bunlara baxmayaraq, onun siyasətlə məşğul olmaq iddiası hələ bitməyib. Daha əvvəl deyirdilər ki, Gül müxalifət partiyası olan CHP ilə gizli əməkdaşlıq edir və ana müxalifət adından prezidentliyə namizəd olmaq istəyir. 

İndi isə Türkiyə daxilində bəzi qüvvələr hesab edirlər ki, aparılan xarici siyasət düzgün qurulmayıb. Görünür, hansısa qüvvələr Abdullah Gülü "Vətən, millət, bayraq dardadır” şüarları ilə başdan çıxarmağa çalışırlar. 

Onu yenidən siyasətə çəkməyə cəhd göstərirlər. Əslində Gül özü də siyasətə qayıtmaq istəyir, amma Ərdoğana söz verdiyi üçün bu addımı ata bilmir. Mən "Aydınlıq” qəzetinin yazdıqlarını təsadüfi hesab etmirəm. Bunlar həqiqətə uyğundur”.

İsmayıl