"ABŞ-da buruqların sayı artsa, neft daha da ucuzlaşacaq" - Bədbin proqnoz

Natiq Cəfərli: "Rusiya ilə Qərb arasında sanksiyaların çoxaldığını, İranla bağlı fərqli mövqe qoyulduğunu da nəzərə alsaq, hər sərt bəyanatlar dünya bazarlarına ciddi təsir etmək imkanlarına malikdir "
"Şimali Koreya və ABŞ arasında böhranlı vəziyyətin yaranması dünya birjalarına təsir göstərdi”.
Bunu "Sherg.az”a ABŞ-la Şimali Koreya, İran və Rusiya münasibətlərindəki gərginliyin neftin qiymətinə təsirlərini izah edərkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib. 
O bildirib ki, dollar və qiymətli kağızlar bazarında dəyişiklik, qızılın qiymətinin isə daha çox artması müşahidə olunub:
"Çünki belə münaqişələrin artması ehtimalında güvənli liman rolunu qızıl aktivləri oynayır. Son günlərdə isə bəyanatlar getdikcə səngiyir. Hətta Cənubi Koreya rəhbərlərinin yarımadada heç vaxt müharibə olmayacağına dair açıqlamaları oldu. Bütün bunlar birjalarda sakitliyin yaranmasına səbəb oldu. 
Amma gərginlik davam etdikcə və Rusiya ilə Qərb arasında sanksiyaların çoxaldığını, İranla bağlı fərqli mövqe qoyulduğunu da nəzərə alsaq, hər sərt bəyanatlar dünya bazarlarına ciddi təsir etmək imkanlarına malikdir.
Neftin qiymətləri bir qədər fərqli parametrlərlə ölçülür. Çünki neftə daha çox fundamental amillər - dünyada neftin istehlakı və istehsalının həcmi təsir göstərir. Son zamanlar Amerikanın hasilatının artması neft qiymətlərində bahalaşma effektini aşağı saldı. Son iki ildə neft hasilatının 1 milyon barelə qədər artırılması neftin qiymətlərinə mənfi təsir göstərdi.
Bu günlərdə Amerikada yeni buruqların sayı açıqlandı. Düşünürəm ki, buruqların sayı növbəti dəfə artsa, neftin qiyməti daha da aşağı düşəcək”.
Aysel Aslan