ABŞ-Rusiya münasibətləri düzəlir?

Araz Əlizadə: "Tramp Putinlə birlikdə hərəkət etməlidir"


Amerikalılar siyasətçilərin oyunlarından boğaza yığılıb. 

Bu barədə Sherg.az-a millət vəkili Araz Əlizadə bildirib. 

Deputatın sözlərinə görə, Hillari Klintonun prezident olmasını sadə amerikalılar deyil, Amerika oliqarxları gözləyirdi:
 " İndiyə qədər seçkilərdə yuxarı təbəqə hansı namizədi istəsə, xalqa sırıya bilirdi. İndiki seçkilərdə H. Klinton kifayət qədər nüfuzlu, yüksək şansı olan namizəd olduğundan hər kəs onun prezident olacağını gözləyirdi. Lakin amerikalılar siyasətçilərin onların taleyini həll etməsindən boğaza yığılıb. Ona görə də, bu dəfə proqnozların əksinə olaraq D. Trumpa səs verdilər. D. Trump ABŞ tarixində biznesdən siyasətə gələn ilk prezidentdir. Biznesmen olması onun yaxşı dövlət başçısı olmasına da şərait yaradır. Mən bir müddət əvvəl "Şərq”ə verdiyim açıqlamalarda xanım namizədin mənfi cəhətləri haqqında düşüncələrimi çatdırdım”.

"Trampın seçilməsi ilə ABŞ - Rusiya arasındakı gərginlik aradan qalxa bilərmi?" sualına gəlincə, parlament üzvü əlavə edib ki, yeni prezident Rusiya ilə münasibətləri pisləşdirməzdən əvvəl düşünməli olacaq: 

" Hər halda Tramp anlamalıdır ki, ikinci ən böyük nüvə silahına sahib olan Rusiya dövləti ilə müharibə etməyin mənası yoxdur. Bu mənada birlikdə hərəkət edib, siyasəti birlikdə yürütmək gərəkdir".
Qeyd edək ki, ABŞ-da D.Trampın prezident seçilməsi Vaşinqton -Moskva münasibətlərini yenidən gündəmə gətirib.

Aysel Aslan