İnşaatçı-mühəndis: Yeni keçid metroda sərnişin axınının bölüşdürülməsinə kömək edəcək

Metropoliten tam fəaliyyət göstərmədiyindən ictimai nəqliyyatda sıxlıq hələ davam edir. Əvvəldən verilən məlumata əsasən metronun “28 May”-“Nizami” stansiyaları arasında tikinti işləri 10-11 ay davam edəcək, hər iki stansiya arasında sərbəst hərəkətin 2027-ci ilin yay aylarında mümkün olacağı proqnozlaşdırılır. Lakin metrodan mütəmadi istifadə edən sərnişinlər üçün xoş xəbər də var. Bakı Metropoliteninin uzun zamandır bağlı olan “Həzi Aslanov” stansiyasındakı təmir işləri yekunlaşmaq üzrədir. Stansiyanın dönmə dalanındakı 280 metrlik sahədə aparılan əsaslı yenidənqurma və gücləndirmə işləri artıq yekunlaşır. İşlər tam yekunlaşdıqda “Əhmədli” stansiyası ilə “Həzi Aslanov” stansiyası arasında birbaşa əlaqə bərpa olunacaq.

“28 May”-“Nizami” stansiyalarında hazırda aparılan tunel tikinti işlərinə gəlincə, inşaatçı-mühəndis Azər Axundovdan aldığımız məlumata görə, xətlər ayrılandan sonra "Cəfər Cabbarlı" stansiyası açılışından bu yana ilk dəfə olaraq normal rejimdə işləyəcək. A.Axundov bildirdi ki, hər bir yolu "28 May" stansiyasının fərqli tərəflərində yerləşən bu unikal stansiyanın ilk yarısı 1993-cü ildə, digər yarısı isə 2008-ci ildə istifadəyə verilib: 

- İllərlə bu stansiyadan ancaq "Xətai" stansiyasına getmək mümkün olduğu üçün sərnişinlərin çox az hissəsi onun mövcudluğunu və ya iki hissədən ibarət olmasını hiss edib. "28 May" stansiyası ilə ərazi olaraq eyni yerdə yerləşən bu stansiyadan həm xətlər arası keçid etmək, həm də "Xətai" və "Dərnəgül" istiqamətinə getmək mümkün olacaq. Yeni tikilən pilləkən keçidi isə "Xətai" və "Dərnəgül" istiqamətinə gedən sərnişinlərin paylanmasına kömək edəcək.