"ABŞ- Rusiya rəhbərlərinin görüşü geosiyasi atmosferə dəyişiklik vəd edir"-Politoloq





"Amerika - Rusiya prezidentlərinin gündəliyi o dərəcədə gərgindir ki, tək görüşlə məsələlərin həll olunması mümkün deyil”.

Bunu "Sherg.az”a bu gün baş tutan Putin-Tramp görüşü haqqında danışarkən politoloq Tofiq Abbasov söyləyib.

O vurğulayıb ki, sözügedən görüşün detalları pərdə arxasındadır:

"Qərb mətbuatı bir müddət əvvəl informasiyalar yaydı ki, ABŞ və Rusiya arasında görüşün keçirilməsini istəyən qüvvələr İsrail və onunla əlaqələr qurmaqda olan bəzi ərəb dövlətləridir. Bu qüvvələr iki supergüc arasında ilıq münasibətlər yaratmaqla Yaxın Şərqdəki gərginliyi bir qədər azaltmağa çalışırlar. 

Bu görüşün gözlənilən qədər məhsuldar olacağına, sözügedən maraqlı qüvvələrin istəyini təmin edəcəyinə inanmıram.

Çünki Putin əksər məsələlərin açarını öz əlində saxlaya bilsə də, çoxşaxəli idarəçiliyə malik olan Amerikanın prezidenti üçün eyni fikri demək mümkün deyil. Tramp isə Amerikada oturuşmuş sistemə dəyişiklik etməyə çalışır, buna müəyyən qədər də müvəffəq olur. Lakin bu, hər zaman belə olacaq anlama gəlmir. Amerikanın geosiyasi müstəvidə prioritetlərinin həll yolu digər ölkələrlə münasibətləri qurmaqdan, onlara təzyiq etməkdən keçir.

İstənilən halda Amerika və Rusiya rəhbərlərinin görüşü bir qədər yüngüllük, geosiyasi atmosferə dəyişiklik vəd edir. Bu isə müsbət haldır. Belə görüşlər mütəmadi keçiriləcəksə, formatın müvəffəqiyyətinə ümid etmək olar. Əks halda prezidentlər arasındakı görüş müvəqqəti mülayimlikdən başqa heç nə vəd etmir”.

Qeyd edək ki, bu gün Rusiya və ABŞ prezidentləri Vladimir Putin və Donald Tramp arasında Helsinkidə keçirilən təkbətək görüş 2 saat 10 dəqiqə davam edib. Bundan sonra nümayəndə heyətlərinin iştirakı ilə danışıqlar davam etdirilib.

Aysel Aslan