ABŞ Türkiyəyə iqtisadi savaş açıb

İki ölkə arasında münasibətlərin kəskinləşməsi dünya liderlərini narahat edir



ABŞ Türkiyə ilə münasibətləri nizama salmaq üçün Ankaraya qarşı 8 şərt irəli sürüb. Şərtlər içərisində, keşiş Endryu Bransonun dərhal buraxılması, İrana sanksiya tətbiq edilməsi, Rusiyadan S-400 raketlərinin alınmaması, Qüds siyasətinə yenidən baxılması, FETÖ lideri ilə bağlı iddiadan vaz keçilməsi və s. tələblər yer almaqdadır. Siyasi şərhçilərə görə, Vaşinqtonun şərtlərini Türkiyənin qəbul etməsi demək olar ki, mümkünsüzdür. Çünki absurd şərtlər irəli sürən Ağ Ev bir növ Türkiyədən ölkənin "açarını” təhvil verməyi tələb edir. Ekspertlərə görə, Vaşinqtonun istəkləri Amerikanın etibarlı müttəfiq olmadığını bir daha sübut edir. Onların fikrincə, aşağılayıcı tələblər təkcə Ankara hökumətinin deyil, dünyadakı bütün türklərin hissiyatına toxunur. Bu baxımdan, Türkiyə, Azərbaycan və digər türk toplumlarını təmsil edən tanınmış ictimaiyyət nümayəndələri ABŞ-ı Türkiyə ilə strateji müttəfiqlik prinsiplərinə sadiq qalmağa və Ankara ilə münasibətlərdə öz siyasətinə yenidən baxmağa çağırır. Artıq dünya ictimaiyyəti də Amerikanın müstəqil dövlətlərin suveren hüquqlarının pozulmasına yönələn siyasətini tənqid edirlər.

Ərdoğan: "Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot edəcək”

ABŞ-ın təzyiqlərinə münasibət bildirən Türkiyə Prezidenti Ərdoğan təhdidlərə boyun əyməyəcəklərini söyləyib. Ərdoğan türk xalqının birlikdə bu problemin öhdəsindən gələcəyini bəyan edib: "Türkiyə ABŞ istehsalı olan elektron məhsulları boykot etməyi planlaşdırır. Amerika iqtisadi cəhətdən yalnız bizə deyil, Çin, Rusiya, İran və Avropaya da hücum edir. Kanadaya da təzyiq göstərir. İndi də bizə qarşı çirkin əməliyyat başlayıb. Biz Amerika elektronikasını və digər məhsullarını boykot edəcəyik”.

Yıldırımdan dünyaya çağırış: "Sizi hücum gözləyir”

TBMM sədri Binəli Yıldırım da vurğulayıb ki, türk millətinin öhdəsindən gələ bilməyəcəyi problem yoxdur: "Bu böhrandan da uğurla çıxacağıq. Milli valyutamız türk lirəsi vasitəsilə iqtisadiyyatımıza hücum olunur. Baş verənlərin səbəbi iqtisadi deyil, siyasidir. Millətimiz belə vəziyyətlərdə həmrəylik nümayiş etdirmək və fədakarlıq göstərməkdə qərarlıdır. Baş verənlərdən sonra məlum olur ki, Türkiyəyə edilənlər sabah başqasına da edilə bilər. Beynəlxalq ictimaiyyət Qüds məsələsində olduğu kimi, bu böhranda da Türkiyənin səsinə səs verməlidir”.

Abdullah Güldən Trampa sərt sözlər...

Türkiyənin sabiq prezidenti Abdullah Gül də Donald Trampın xarici siyasi kursunu sərt tənqid edib. Sabiq prezident vurğulayıb ki, Türkiyə ilə bağlı utancverici tvitlər paylaşan Tramp prezidentliyə namizəd olduğu ilk gündən heç bir dəyər və qayda tanımayan çıxışları ilə qlobal təhlükəyə çevrilib: "Bu təhlükəyə qarşı bütün ölkələr sülh və ticarət üçün mübarizə ruhunda olmalıdırlar”.

Çavuşoğlu: "ABŞ bu kobudluğuna və inadkarlığına son verməlidir”

Türkiyənin xarici işlər naziri Mövlut Çavuşoğlu da Ankara-Vaşinqton münasibətlərində son durumu şərh edib. Çavuşoğlunun sözlərinə görə, ABŞ-da qarışıqlıq hökm sürür, böhranı həll etmək istəyənlərlə yanaşı, faydalanmaq istəyənlər də var: "Kimin nə etdiyi məlum deyil. Təkcə bizə qarşı deyil. Başqa ölkələrlə əlaqələrdə də bu görünür. Səfirimiz Ağ Evdə Boltonla görüşündə dəqiq bir mesaj verib ki, Türkiyə ilə münasibətlərdə təzyiq və təhdid dili ilə danışmaq xaosa gətirə və proses daha pis istiqamətə yönələ bilər. ABŞ sanksiya dilini bir kənara qoyub problemləri dialoq yolu ilə həll etməlidir”. Amerikalı rahib Andrey Brunson məsələsinə aydınlıq gətirən nazir bildirib ki, Brunsonun vəziyyətində bir dəyişiklik yoxdur. Nazir onu da əlavə edib ki, əgər ABŞ etibarlı ölkə olaraq əməkdaşlığını davam etdirmək istəyirsə, o zaman bu kobudluğuna və inadkarlığına son verməlidir: "İnadlarla nəyəsə nail olmaq olmaz. Hamını bərabərhüquqlu tərəfdaş kimi qəbul etməklə fəaliyyətini davam etdirməlidir”. Çavuşoğlu əlavə edib ki, ABŞ-ın Türkiyəyə yönəlik son hücumlarından Avropada da ciddi narahatlıq var: "Çünki ABŞ pulundan və əlindəki gücdən Avropa ölkələrinə hücum etmək üçün də istifadə etməyə başlayıb. Dolayısıyla dollardan qaçmaq istəyini görməyə başladıq. Sabit Türkiyə Avropa və bütün qonşuları üçün əhəmiyyətli ölkədir”.

Azərbaycandan Türkiyəyə dəstək: "Türkiyə iqtisadiyyatına sərmayə qoyuluşu davam etdiriləcək”

Azərbaycan hökuməti və ictimaiyyəti hər zaman olduğu kimi, çətin vaxtlarda qardaş Türkiyənin yanında olduğunu bəyan edir və əməli işlərlə bunu sübuta yetirir. Rəsmi Bakı Ankaraya hər cür siyasi, diplomatik, iqtisadi və mənəvi dəstək verməklə yanaşı, bütün türkdilli dövlətləri də Türkiyənin haqlı mövqeyini müdafiə etməyə səsləyir. Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev də bildirib ki, Azərbaycan və Türkiyə arasında bütün sahələrdə strateji müttəfiqlik gündən-günə güclənir: "Ölkəmiz, Türkiyənin iqtisadiyyatına sərmayə qoyuluşlarının davamı ilə yanaşı, Türkiyə iqtisadiyyatında yaxından iştirakını davamlı olaraq artırmaqdadır. Azərbaycan Türkiyə ilə iqtisadi münasibətlərə xüsusi önəm verir. Azərbaycan sarsılmaz Türkiyə iqtisadiyyatının gələcəyinə tam əmindir. Azərbaycan hər zaman olduğu kimi bütün sahələrdə qardaş Türkiyə xalqı və dövlətinə hərtərəfli dəstəyini davam etdirəcək”.

Baxçalı partiyanın dollarlarını lirəyə çevirmək təlimatı verdi

Dolların məzənnəsinin sürətlə artaraq lirənin bir gündə 16 faizdən çox dəyər itirdiyi bir vaxtda siyasətçilər də yaranmış vəziyyətdən çıxış yolları axtarırlar. Müxalifət partiyaları da hökumətlə eyni mövqedədir və lirənin dəyərdən düşməsinin iqtisadi səbəblərlə deyil, ABŞ-ın qəsd planı ilə bağlı olduğuna inanırlar. AKP ilə müttəfiq olan MHP isə vəziyyətdən orijinal çıxış yolu tapıb. Partiyanın lideri Dövlət Baxçalı MHP-yə dövlət büdcəsindən ayrılan illik yardımlardan dollarla saxlanılanı varsa onu lirəyə çevirmək təlimatı verib. Bundan əvvəl Baxçalı "ABŞ-ın qəsd planına qarşı birləşmək” çağırışı etmişdi. Baxçalı partiyanın maliyyə işləri üzrə səlahiyyətlisi Mövlut Karakayaya partiyanın dollarlarını gələn həftənin bazar ertəsindən etibarən lirəyə çevirmək təlimatı verib.

CHP-li bələdiyyə sədri: "Hamımız prezidentimiz Ərdoğanın ətrafında ABŞ-a qarşı birləşəcəyik”

Türkiyənin Təkirdağ rayonunun CHP-dən olan bələdiyyə sədri Qədr Albayrak da iqtidara dəstək ifadə edib. Onun sözlərinə görə, hər kəs Amerikaya qarşı birləşməlidir. Albayrak xarici təcavüz qarşısında partiya kimliyini bir kənara qoymağın lazım olduğunu bildirib: "Bu hücumların qarşısında sənin partiyan, mənim partiyam söhbəti ola bilməz. Hazırda hökumətin başında prezident var, hökumət var, məclis var, siyasi partiyalar var. Hər kəs birləşəcək Amerikaya qarşı, istərsə dünya nəhəngi olsun buna qarşı bütün müqavimətimizi göstərəcəyik, prezidentimizin ətrafında birləşəcəyik. Bu iş belədir dostlar. Bizim Çanaqqala nümunəmiz var. İmperialist güclərə qarşı şəhid verərkən də biz Türkiyəni belə müdafiə etmişik, hər zaman belə olacaqdır. Əgər bu, bir Qurtuluş Savaşı olacaqsa, bu savaşda hamımız sonuna qədər hökumətimizin yanında olacağıq”.

Merkeldən Türkiyəyə dəstək: "Türkiyəyə qarşı edilənlər kimsənin xeyrinə deyil”

Almaniyanın baş naziri Angela Merkel də Türkiyəni müdafiə edib. Merkel bildirib ki, Türkiyənin iqtisadi baxımdan istiqrarsızlaşdırılması kimsənin xeyrinə deyil: "ABŞ-ın Türkiyəyə qarşı iqtisadi savaş açmasına qarşıyam. Türkiyəni iqtisadi rifah içində görmək bizim arzumuzdur”. Xatırladaq ki, Almaniya Türkiyənin ən ciddi ticarət ortaqlarından biridir. İki ölkə arasındakı ticarətin həcmi 37,7 milyard dollardır.

Britaniyadan Türkiyə açıqlaması: Xüsusi məsələ var...

Böyük Britaniyanın BMT-dəki daimi nümayəndəliyinin rəhbəri Karen Pirs tərəfləri masa arxasına səsləyib. Pirs bildirib ki, həm Türkiyə, həm də ABŞ Londonun yaxın NATO müttəfiqidir: "Hər iki ölkə ilə əlaqələrə çox böyük dəyər veririk. Türkiyənin müasir bir demokratiyası olduğunu düşünürəm və Ankaranın hüququn aliliyinə, hüquq qaydalarına əməl edəcəyinə ümid edirəm. Həm Türkiyə, həm də ABŞ bizim NATO müttəfiqimizdir və hər ikisi ilə əlaqələrə çox böyük dəyər veririk. Keçmişdə bu ölkələr bir-birinə çox yaxın olublar. Bu iki ölkənin öz aralarında həll etməsi vacib olan xüsusi məsələ var”.

İsmayıl