Tarix isə insan ətinə tamah salan faktlarla zəngindir
Adam əti yeyənlər
Yaponiya hannibalizm ölkəsinə çevrilir
Tarix isə insan ətinə tamah salan faktlarla zəngindir
Tarix isə insan ətinə tamah salan faktlarla zəngindir
Gün doğan ölkə - Yaponiyada insan əti satan restoranın açılması və burada insan ətindən hazırlanmış yeməklərin müştərilərə təklif edilməsi xəbəri tibb sahəsində çalışanları şoka salıb. Qeyd edək ki, bu günlərdə informasiya saytlarında Yaponiyanın paytaxtı Tokioda tam qanuni əsaslarla fəaliyyət göstərən və müştərilərə insan ətindən hazırlanmış yeməklər təklif edən restoranın açıldığına dair xəbər yer alıb. Bildirilir ki, bu yeməklərin qiyməti 100 avrodan 1000 avroya qədərdir. O da bildirilir ki, Yaponiya hökuməti 2014-cü ildə hannibalizmi leqal elan edib.
Təcili Tibbi Yardım Stansiyasının həkimi Şahvələd Məmmədov isə "Şərq”ə açıqlamasında bunun qeyri-mümkün olduğunu dedi:
- Dünya səhiyyəsində belə bir anlayış yoxdur. Hətta Yaponiya kimi ekzotik və hər cür yeniliyin, qəribəliyin, qeyri-adiliyin mümkün olduğu ölkədə belə, mən insan ətindən yeməyin bişirilib restorana gələnlərin önünə gətirilməsinə heç vaxt inanmaram. İnsan ətinin, özü də leqal şəkildə, bişirilib müştərilərə təklif edilməsi nə deməkdir?! Bu, insanlığın sonu olar. İnsanın insan əti yeməsi sivil cəmiyyətin məhvi deməkdir. Bu, nə tibbi baxımdan, nə insanlıq baxımından, ümumiyyətlə, heç bir ölçüyə sığmaz bir haldır. 21-ci əsrdə belə bir halın olması qətiyyən inandırıcı deyil. Məncə, bu hansısa formada çox yersiz zarafatdır.
Herodotdan bu yana hannibalizm
Tarixçi Əkbər Nəcəf bir yazısında Səfəvilər dövründə guya insan əti yeyildiyi iddialarına cavab verərkən hannibalizmi belə izah edib: "Hannibalizm sözü "çiy ət yemək” mənasına gəlir və müasir Avropa elmində bu "antropophagy” də adlandırılır. Əslində kəlmənin Avropa dilləri ilə heç bir əlaqəsi yoxdur. Qərbi Hind bölgəsində işlədilən "carip” sözünü portuqaliyalılar və ispanlar avropalıların jarqonuna daxil edərkən kəlməni latınlaşdırıb "hannibal”a çeviriblər. Bu terminin Cənubi Amerika hindularının birinin adından yarandığı iddia edilir.
Hannibalizm haqqında yazan ilk tarixçi Herodot olub. O, Şərq xalqlarının inancında "yaşlıları öldürüb yemək ənənəsinin” olduğunu iddia edir. Herodot bunu yunanlı tacirlərdən, tacirlər Qara dəniz limanındakı insanlardan, onlar qonşu xalqlardan, sonuncular da başqalarından eşidiblər. Hannibalizmin iki növü var. Birincisi, hər hansı bir ehtiyacdan bu işi görənlər. İkincisi, dini bir ayin və inancın parçası olaraq qəbul edənlər. İnanc olaraq hannibalizm xristianlıqda yer alıb. "Eucharistie” adı verilən dini mərasimdə keşişin təqdim etdiyi çörək və şərab İsanın ətini və qanını ifadə edir. İsa ona inananlara "İncil”də belə deyir:
"Yeyin və için. Bu ətim, bu da qanım”. Halbuki hələ Herodotun zamanında Avropanın yerliləri ölü insanın yanmış küllərini içkiyə qarışdırıb içirdilər. Antropoloqlar Avstraliya və Cənubi Amerika qəbilələrində (Mari və Yamamo) son dövrlərə qədər davam edən insan ətinin yeyildiyi faktını aşkarlayıblar. Hətta bu coğrafiyada yaşayan bəzi qəbilələrdə qadınların insan əti yeməsi qadağan idi. Yəni inanclarına görə, ancaq kişilər insan əti yeyə bilərdilər. İnsanlıq tarixinə keçmiş ən böyük hannibalizm hadisəsi Maarrada qeydə alınıb. 1098-ci ildə səlibçilər Suriyanın Maarra şəhərinə ələ keçirdiklərində insanlıq tarixinin ən böyük qətliamına imza atdılar. Baxmayaraq ki, Maarra könüllü təslim olmağı qəbul etmişdi.
Maarra qətliamı haqqında dövrün müsəlman tarixçiləri avropalılara görə daha insaflı davranıblar. Amma avropalı salnaməçilər törətdikləri cinayəti Avropanın qəhrəmanlıq dastanı kimi təqdim ediblər. Fransız salnaməçi Albert d`Aix Maarrada yaşanan müsbət haqqında belə yazır:
"Maarrada bizimkilər həddi-buluğa çatmış dinsizləri qazanlarda qaynadır, uşaqları isə dəmir qıynaqlara keçirib qızardaraq yeyirdilər. Bizimkilər sadəcə öldürülmüş türklərlə və müsəlmanlarla deyil, itləri belə heç iyrənmədən yeyirlər”. Orta əsr tablolarının birində Maarradaki hannibalizm hadisəsi əyani təsvir olunub. Başqa bir salnaməçi isə hadisələri belə izah edir: "Səlib ordusu Maarrada dəhşətli aclığın pəncəsinə düşdü və ehtiyac onları müsəlmanların meyitlərini yemək kimi bir işə sövq etdi”. O tarixdən sonra Maarra xarabalıqlarında ot da bitmədi.
Qərb kinosunun qorxu janrının əsasını təşkil edən vampirizm də hannibalizmin bir növüdür. Maraqlıdır ki, avropalılar vampir sözü ilə "servian” (serb) adını eyni mənalı qəbul edirlər. Vampir Avstriya və Slav torpaqlarında yaşayan pişiyə oxşayan heyvan növünün adıdır. Bu heyvan ölənlərin və ya yatmış insanların qanını əmərək yaşayır. 1730-1735-ci ildə Macarıstan xalqı vampirlərin hücumuna məruz qalmış və bu hadisə dövrün mənbələrində geniş əks olunmuşdur. 1789-cu ildə Böyük Burjua inqilabı zamanı Fransada qəssab dükanlarının qabağında insan bədəninin parçalarına rast gəlmək adi hal idi. Hannibalizmlə əlaqədar bir fakt da İkinci Dünya müharibəsi zamanı Fransada qeydə alınıb. Həmin illərdə bəzi fransız ailələri ehtiyac ucbatından yaşlı ailə fərdlərini qəssablara satıblar...
Yazıq Ceyms Kuk...
Coğrafiya dərsliyində ən kədərli bölüm məncə, məşhur səyahətçi Ceyms Kukun Havay adalarında yerli qəbilə tərəfindən öldürülüb ətinin yeyilməsi idi. O zaman Kukun halına necə də acıyardıq və qorxuya da düşərdik. Adam yeyənlər var, deyə.
Sosial şəbəkələrdə bu gün də hanniballar haqqında xeyli məlumatlara rast gəlmək olur. Məsələn, yazılır ki, müasir dövrdə "hanniballar”ın (adamyeyənlər) mərkəzi İndoneziya sayılır. Bu ölkədə iki kütləvi adamyeyənlər mərkəzi vardır: Yeni Qvineya və Kalimantan (Borneo) adaları. Burada hələ də 5 min il əvvəl qəbul olunmuş qaydalar hökm sürür. Burada kişilər çılpaq halda gəzirlər, qadınlar isə ölənlərin ruhuna hörmət əlaməti olaraq barmaqlarını kəsirlər. Bədənin ən dadlı hissəsi baş - dil, yanaq, beyin hesab olunur. Bədbəxt kəndlilər və əsgərlər çox vaxt onların qurbanları olurlar.
Hannibalizmlə məşğul olan 3 qəbilə - Yali, Vanuatı və Karafai qəbilələridir. Ən qəddar qəbilə Karafai qəbiləsidir. Onlar digər qəbilələrin adamlarını, azmıq turistləri yeməklə yanaşı, həm də ölmüş qohumlarının cəsədlərini də yeyirlər. Vanuatu qəbiləsi onlar arasında ən mülayim qəbilə hesab olunur. Şəkillərini çəkən fotoqrafa toxunmamaq üçün onlara bir neçə donuz vermək kifayətdir. Sumatra adasında isə ölüm hökmünə məhkum olmuş adamları və əldən düşmüş qocaları yeyirlər.
Yali qəbiləsi ən böyük bayram kimi ölüm bayramını keçirirlər. Qadınlar və kişilər bədənlərini skelet şəklində bəzəyirlər. Bayramda ölənin çıxarılmış isti beynini qəbilənin başçısı yeyir. İndi əvvəlkinə nisbətən Yali qəbiləsində adamları çox da öldürmürlər. Bu yalnız "zəruri” səbəblərdən (məhsul qıtlığı və s. olduqda) baş verir.
Ümumilikdə hannibalizm qorxulu psixi xəstəlik kimi başa düşülür. Belə hal istintaq işlərində xüsusi qəddarlıqla törədilmiş qətl hadisəsi kimi hallandırılır.
Dünyada bu gün də insan əti yeyənlər var
Bizimyol.info saytında yer almış məlumatda isə hazırda dünyanın 7 ölkəsində adam əti yeyildiyi bildirilib. Bunlar Konqo, Qərbi Afrika, Braziliya, Papua-Yeni Qvineya, Kamboca, Hindistan, Fici adaları.
Konqoda hannibalizm 1999-2003-cü illərdə vətəndaş müharibəsi zamanı yaranıb. Ən son belə hadisə 2012-ci ildə baş verib. Onlar düşmənləri qorxutmaq üçün insan əti yeyirlər. Konqonun sakinləri hesab edir ki, insan ürəyində güc və enerjinin mənbəyi gizlənib.
Qərbi Afrikada "Leopard” adı altında adamyeyən dəstə mövcud olub. Onlar ov zamanı leopard dərisi geyindiklərinə və heyvan dişləri ilə silahlandıqlarına görə özlərinə bu adı veriblər. 80-ci illərə qədər burada insan qalıqlarına rast gəlmək olurdu.
Nə üçün onlar insanları yeyir? - onlara görə insan yemək onlara enerji verir və güclü edir.
Braziliyada Uari qəbiləsi 1960-cı ilə kimi dindar ölülərlə qidalanıblar.
Nə üçün onlar adam yeyir? Yoxsulluğun yüksək həddinə görə. Yerli sakinlərin sözlərinə görə, kənar səslər onlara insanları yemək əmri verir.
Papua-Yeni Qvineyada yaşayan Korovai qəbiləsi 21-ci əsrdə insan ətiylə qidalanan sonuncu qəbilədir. Maraqlıdır ki, keçmiş Nyu-York qubernatoru Nelson Rokfellerin oğlu Maykl Rokfeller 1961-ci ildə bu qəbiləni öyrənmək üçün ekspedisiyaya getdi, amma geri dönmədi. Onun meyiti indiyə kimi tapılmayıb. Qəbilənin hər hansı bir üzvü heç bir səbəb olmadan ölürsə, Korovai qəbiləsi bunu qara magiya ilə əlaqələndirirlər. Sonrakı ölümlərin qarşısını almaq üçün ölünü yeyirlər.
Kambocada xüsusi araşdırma zamanı jurnalist Nil Devis Kambocada adamyeyənliyin 1960-70-ci illərdə cənub-şərqi Asiyada baş verən müharibə zamanı yarandığını öyrənib. Kamboca döyüşçüləri arasında düşmənin ciyərini yemək ritualı mövcud olmuşdur. Onlar insan ətini dini inanclarına görə yeyirlər.
Hindistanda isə "Aqxori” sektasında insan yemək könüllü şəkildə baş verir. Onlar ölümündən sonra özlərini sektaya vəsiyyət edən könüllüləri yeyir. Kəllə sümüyündən və sümüklərindən bəzək əşyaları düzəldirlər. 2005-ci ildə aparılan araşdırmalara görə, bu dini qrup Qanq çayında tapılan çürümüş cəsədləri də yeyir. "Aqxori” sektası hesab edir ki, insan əti gənc qalmağın ən yaxşı yoludur.
İnsan əti yeyilən bir başqa ölkə Fici adasıdır.
Bu bölgənin qeyri-rəsmi adi da var "hannibalların adası”. Bəzi qəbilələr düşmən əsirləri öldürür, onların əti ilə qidalanır və qurbanların nadir əşyalarını qənimət olaraq öz kolleksiyasına əlavə edir. Bu, qisas ritualı adlanır. Əgər nə zamansa bu ölkələrə səyahət etmək istəsəniz, ehtiyatlı olun və adları çəkilən qəbilələrdən uzaq durun.
Məlahət Rzayeva