Turşu qoyanda və istifadə edəndə ehtiyatlı olun!
Havalar soyudumu, qadınlar evin altından girib ("sklad”dan- red.) üstündən çıxır, qış tədarüklərini masaya daşıyır. Mürəbbələr, kompotlar, tutmalar... Və zəhərlənmələr də başlayır. Hər qadın da tutmanın qoyulma qaydasını düzgün bilmir. Çox zaman elə bu üzdən ailənin qış yavanlığı zəhərə dönür.
Növbəti qida zəhərlənməsi Bərdə rayonunda baş verib. Səhiyyə Nazirliyinin Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev APA-ya bildirib ki, 1972-ci il təvəllüdlü Könül Məmmədova, onun 5 yaşlı oğlu Sübhan və 1994-cü il təvəllüdlü Pərviz Bərdə Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.
İlkin müayinələrə əsasən zəhərlənməyə ev şəraitində hazırlanan pomidor turşusunun səbəb olduğu məlum olub. Onun sözlərinə görə, turşudan nümunələr bu gün mərkəzə gətirilib, lazımi müayinələr aparılacaq.
Xəstələrdən də nümunələr götürülüb, yekun nəticələr bir neçə gün ərzində məlum olacaq.
Belə xəbərləri eşidən evdar xanımların "illərdir turşu qoyuruq, hələ nə ölən var, nə zəhərlənən” reaksiyası da məlumdur. Qadınlarımız öz əlləriylə ailəni zəhərləyə biləcəklərini heç cür qəbul etmirlər. Amma reallıq da göz önündədər. İl ərzində nə qədər qida zəhərlənmələri baş verir, çoxu da məhz ev şəraitində hazırlanmış turşulardan.
Qapağı şişmiş banka, suyu bulanıq turşu...
Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov xanımlarımızı tutmalar hazırlayarkən xüsusən diqqətli olmağı, "qızıl qaydalar”a əməl etməyi məsləhət gördü:
- Ev şəraitində çoxları tutmanı necə hazırlamağı, nəyi necə etməyi bilmirlər. Elə bilirlər ki, tutma bağlamaq çox asandır. Əslində tutma hazırlayarkən diqqət edilməli çox məqam var. Tərəvəz də, tutmanın bağlanacağı qab da əvvəlcədən təmiz su ilə yaxşı-yaxşı yuyulmalıdır. Qabda torpaq qırıntıları, toz hissəcikləri qalmamalıdır. Bankaya tərəvəzlə birgə daxil olan istənilən element sonradan reaksiyaya girərək toksik maddəyə çevrilir. Konservləşdirmə zamanı banka və ya tərəvəz təmiz yuyulmayıbsa, botulizm mikrobu inkişaf edir və qidalanma zamanı zəhərlənməyə səbəb olur. Bu da müxtəlif insanlarda özünü başqa cür büruzə verir. Əgər insanın orqanizmi mikroba tab gətirirsə, o, ölümdən qurtula bilir, amma orqanizm zəifdirsə, zəhərlənmə ölümlə nəticələnir.
Turşu qoyulan qabın qapağına mütləq fikir vermək lazımdır. Əgər qapaq şişibsə, həmin qabdakı tutmanı qəti surətdə yemək olmaz. Bir də turşunun suyundan onun zəhərlənmə verə biləcəyini aydınlaşdırmaq mümkündür. Əgər pomidor, yaxud başqa bir tərəvəz turşusunun suyu bulanıqdırsa və bankanın dibində ağ çöküntü əmələ gəlibsə, deməli bu qida təhlükəlidir, onu yemək qətiyyən olmaz. Zəhərlənmə labüddür.
Zəhərlənmə yalnız tərəvəzdən deyil, onun suyundan da baş verir. Bankaya yığılmış tərəvəzin tərkibindəki toksinlər suya nüfuz edir, nəticədə tutmada zəhərli bakteriyalar əmələ gəlməyə başlayır. Ev şəraitində tutmada istifadə olunan qida məhsulları təmiz yuyulmur, hətta tutma saplağı qoparılmamış pomidordan hazırlanır. Məsələn, pomidor turşusunun balonunda bircə çürük pomidor da olmamalıdır. Çürük tərəvəz sağlamları da korlayacaq. Bəzən ailələr turşu bankasını açıb bir hissəsini istifadə edir, qalanını isə atmır, saxlayırlar. Bu zaman da zəhərlənmə baş verə bilir. Tərəvəzlər yüksək temperaturda qaynadılmalıdır ki, tərkibindəki zərərli elementlər ölsün.
Plastik qablar ölüm gətirir
AİB sədri bu fikirdədir ki, Azərbaycanda ilin bütün fəsillərində təzə meyvə-tərəvəz əldə etmək mümkün olduğundan tutmalara ümumiyyətlə ehtiyac yoxdur:
- Dədə-babadan analarımız nanə, reyhan qurudardı, əvəlik tədarükü görərdilər, qışda da onları yeməklərə əlavə edər, həm fərqli tam əldə edərdilər, həm də xeyrini görərdilər. Amma sonralar xanımlarımız avropalaşdı və başladılar turşu qoymağa. Bunlar məişətimizə elə daxil oldular ki, bu dəqiqə elə ailələr var, süfrədə turşu olmasa, yemək istəmirlər. Əslində isə bunlar hamısı orqanizm üçün ziyanlı qidalardır. Başqa bir təhlükə də şorabaların plastik qablarda qablaşdırılmasıdır. Son illər bu, dəb halını alıb. Əvvəllər şüşə qablara, balonlara üstünlük verilirdi, indi əksəriyyət plastik qablarda turşu qoyur. Turşunu plastik qabda saxlamaq ikiqat zəhərdir. Çünki plastik qabların tərkibində zəhərli kimyəvi elementlər olur. Bu elementlər sirkə ilə reaksiyaya girəndə dəhşətli tərkib yaranır. Hələ bu qabları bilmirik hardan toplayırlar? Zibilliklərdən, natəmiz yerlərdən toplayıb istehlakçılara satırlar. Adam zəhərlənər də, lap ölər də.
Məlahət Rzayeva