"Adamlar var çörəksiz yaşaya bilir, amma siqaretsiz yox !"

Zahid Oruc: "...Kasıb təbəqənin siqareti dərddən, qəmdən uzaqlaşdıran vasitə kimi qəbul etməsini önləmək mümkündür"
"İnsanlar öz sağlamlıqlarına zidd vasitələrə daha az pul xərcləməlidir. Bu, bütün cəmiyyətlərdə belə qəbul olunur".
Bunu "Sherg.az"a 2017-ci ildə Bakı sakinlərinin siqaretə çox pul xərcləməsindən danışarkən millət vəkili Zahid Oruc deyib. 
Onun sözlərinə görə, belə addımlar yaxşı yaşamanın əsası və ağır xəstəliklərin azaldılması üçün vacibdir:
"Zərərli vərdişlərə xərclənən vəsaitlərin azaldılması insanların sağlam həyat tərzini önə çəkir. Təkcə təbliğat vasitəsilə bunları aradan qaldırmaq mümkün deyil. Üstəlik, cəmiyyətlərin inkişaf səviyyəsi də burada önəmli rol oynamır. Avropa ölkələrində qeyd etdiyimiz tendensiyalarının geniş yayılmasının şahidi oluruq. Çünki sosial müdafiənin güclü olması da insanları yeni xərclərə salır. Ona görə, problemi həll etmək o qədər də asan deyil. ABŞ-da pis vərdişlərə, kökəlməyə, siqaret və içki aludəçiliyinə qarşı mübarizə az qala dövlət siyasətidir. Onlar üçün xarici və hərbi təcavüz problemləri qabarıq olmadığından daxili siyasətdə belə tədbirlərə üstünlük verirlər.
Azərbaycanda siqaretin geniş yayılması haqqında statistikanın Milli Məclisin iclasında da səsləndirdilər. Xüsusilə, gənc xanımlar arasında siqaret aludəçiliyinin yayılması həqiqətən pis göstəricidir.
Siqareti az qala ərzaq məhsuluna, istehlak alətinə çeviriblər. Hətta bəzi insanlar çörəksiz yaşaya bilir, amma siqaretsiz yaşayacağını təsəvvür etmir.
Bu, pis vərdişlərə qarşı maarifləndirmə, müxtəlif qurumlar tərəfindən anti-tütün tədbirləri həyata keçirilməlidir. Müxtəlif filmlərdə, ictimaiyyətdə siqaretin reklamlarının çərçivəsi daraldılır. Siqareti çəkənlərin bunu "qlamur" həyat tərzi kimi dəyərləndirməsini, daha kasıb təbəqənin dərddən, qəmdən uzaqlaşdıran vasitə kimi qəbul etməsini önləmək mümkündür. Amma belə hallarda insanın iradəsi burada əsas rol oynayır".
Avropada siqaretlərin üzərində insanları dəhşətə gətirən şəkillər dərc olunduğunu vurğulayan Z.Oruc qeyd edib ki, insanlara beləliklə, siqaret çəkməyin onları hansı aqibətlə üz-üzə qoyacağı aşılanır:
"Heç vaxt siqaret çəkmədiyimdən ondan imtina vasitələri ilə bağlı da fikir söyləyə bilmərəm. Bu sahədə mükəmməl ideyalar verməkdə çətinlik çəkirəm. Amma zənnimcə, parlament qadağaları təsirini göstərəcək. İnsanlar hiss edəndə ki, ictimai məkanlarda, kütləvi yerlərdə bu tüstü ilə digər insanları da boğurlar, bir qədər çəkinəcələr. Mənəvi psixoloji diqqət mərkəzində qalmağı özləri üçün mənfi qiymətləndirəcəklər. Beləliklə, siqaretin qida rasionundan çıxarılması baş verə bilər".
Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına görə, 2017-ci ilin yanvar-oktyabr aylarında Bakı şəhərinin əhalisinin tələbatlarının ödənilməsi məqsədilə paytaxtın istehlak bazarında satılmış məhsulların və göstərilmiş xidmətlərin dəyəri 19 mlrd. 886,4 mln. manat olmaqla 2016-cı ilin eyni dövrünə nisbətən müqayisəli qiymətlərlə 2,2% artıb.
Satılmış məhsulların və göstərilmiş xidmətlərin ümumi həcminin 95,6%-ini qeyri-dövlət sektoru təşkil edib, bu bölmə üzrə pərakəndə ticarət dövriyyəsinin və ödənişli xidmətlərin dəyəri əvvəlki ilin yanvar-oktyabr aylarının səviyyəsini 1,5% üstələyərək 19 mlrd. 7,1 mln. manat olub.
Aysel Aslan