"Administrasiyadakı struktur dəyişiklikləri çevik idarəetmənin möhkəmlənməsinə xidmət edir"






"Prezident həm dövlətin, həm də icraedici hakimiyyətin rəhbəridir. Ona görə, Prezident Administrasiyasının strukturunda dəyişikliklər çevik idarəetmənin möhkəmlənməsinə xidmət edən məsələdir”.

Bunu "Sherg.az”a Prezident Administrasiyasının Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində 6 sektor yaradılmasının əhəmiyyətini izah edərkən "Konstitusiya” Araşdırmalar Fondunun rəhbəri Əliməmməd Nuriyev deyib. 

O bildirib ki, bu cür islahatlar idarəetmənin dərinləşməsinə kömək edir:

"Bundan əvvəl administrasiyanın digər strukturlarında dəyişikliklər baş vermişdi. Nəhayət, bu addımlar Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsinə də gəlib çatdı. Aparılan struktur islahatları nəticəsində yeni ştatlar yaranır. Bütün bunlar idarəetmənin təkmilləşdirilməsinə yönələn tədbirlərdir.

Administrasiyanın tərkibində yeni sektorların yaradılması ixtisaslaşmanın dərinləşməsinə, hazırlanan qanun layihələrinin daha effektiv olmasına imkan yaradacaq. Xüsusilə, normativ hüquqi aktların qəbul olunması, qanunvericiliyin dəyişdirilməsi genişləndiyinə görə, yeni sektorların fəaliyyətinə ehtiyac yaranır. 

Bu sahədə fəaliyyət göstərən mütəxəssislərin daha təcrübəli, daha səriştəli olması vacibdir. Ona görə, hesab edirəm ki, aparılan struktur dəyişiklikləri Administrasiyanın fəaliyyətində yeni imkanlara yol açacaq”.

Qeyd edək ki, Azərbaycan prezidenti İlham Əliyev "Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturu”nda dəyişiklik edilməsi haqqında” sərəncam imzalayıb.
Sərəncama əsasən, Qanunvericilik və hüquq ekspertizası məsələləri şöbəsində Konstitusiya qanunvericiliyi sektoru, Beynəlxalq müqavilələr sektoru, İqtisadi və mülki qanunvericilik sektoru, Təhsil, əmək və sosial qanunvericilik sektoru, Cinayət və inzibati qanunvericilik sektoru və Kodifikasiya və sənədləşmə sektoru yaradılıb.

Aysel Aslan