ADU-da “Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda konfrans...





2018-ci ilin aprel-may aylarında Azərbaycan Dillər Universiteti (ADU), Yeni Azərbaycan Partiyası (YAP) və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) birgə təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən "Heydər Əliyev: multikulturalizm və tolerantlıq ideologiyası” mövzusunda I beynəlxalq elmi konfrans keçiriləcək.
Sherg.az xəbər verir ki, bununla bağlı aprelin 6-da ADU-da mətbuat konfransı keçirilib.
ADU-nun rektoru, BBMM-in Himayəçilik Şurasının sədri, akademik Kamal Abdulla beynəlxalq elmi konfrans barədə məlumat verib. Bildirib ki, konfransın açılışı aprelin 9-da, bağlanışı isə mayın 5-də baş tutacaq.

Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyinə həsr edilən beynəlxalq elmi konfransın keçirilməsi haqqında əmr imzalanıb və konfransa hazırlıq, onun işinin təşkili məqsədilə müvafiq universitetlərin təmsilçilərinin də daxil olduğu təşkilat komitəsi yaradılıb.
Diqqətə çatdırılıb ki, konfransın plenar və yekun iclasları ADU-da, bölmə iclasları isə ADU ilə yanaşı, Türkiyənin, Rusiyanın, Ukraynanın, Belarusun, Serbiyanın, Gürcüstanın, Çinin, İtaliyanın, Almaniyanın müxtəlif universitetlərinin bazalarında keçiriləcək. Tədbirlərdə AMEA-nın, ADU-nun və xarici universitetlərin alimlərinin, müəllimlərinin Azərbaycanın müxtəlif ölkələrlə münasibətlərinin qurulmasında və inkişafında Heydər Əliyevin rolu, Azərbaycan Xalq Cümhuriyyəti və digər mövzularla bağlı məruzələri dinləniləcək. 

Tədbirlər zamanı aparılacaq fikir mübadilələri universitetlər, mütəxəssislər, tələbələr arasında münasibətlərin daha da genişlənməsinə imkan yaradacaq.
Rektor qeyd edib ki, Ulu Öndərin multikulturalizm sahəsində gördüyü işlər əvəzolunmazdır. Heydər Əliyevin Azərbaycanda multikulturalizmin möhkəmləndirilməsində, inkişafında böyük xidmətləri var. Hazırda multikulturalizm ölkəmizdə dövlət siyasətidir.

Kamal Abdulla, həmçinin vurğulayıb ki, Belqrad Universitetində Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin açılışı olacaq. Bu cür mərkəzlər Çin, Rumıniya, İndoneziya universitetlərində artıq fəaliyyət göstərir. Belə mərkəzlərin açılışı Rusiya, Macarıstan, Belarus, Ukraynada da nəzərdə tutulub. Bu mərkəzlərdə Azərbaycan dilinin, mədəniyyətinin, ədəbiyyatının öyrədilməsi, ölkəmizlə bağlı həqiqətlərin dünyaya çatdırılması, Azərbaycan multikulturalizmi fənninin tədrisi, müxtəlif tədbirlərin keçirilməsi nəzərdə tutulub.

Yeganə Bayramova