“Ağacan Abiyevin açıqlaması təəssüf doğurur”

Elşad Miri: “Belə millət vəkilləri Roma papasının qəbuluna düşmək üçün saatlarla gözləməli olurlar”



"Əgər kimsə 2000 manat verib Bakı İslam Universitetində təhsil alırsa, həqiqətən də bu ağılsızlıqdır. Şəxsən mən oğlumu, qızımı o universitetə, o fakültəyə oxumağa buraxmazdım. Çünki il ərzində 2000 manatı ilahiyyat fakültəsinə verməkdənsə, yaxşı bir universitetdə ən lazımlı bir fakültəni oxumaq olar.

Bu gün dünya nanotexnologiyalardan təhsil alır. Biz isə ildə 2000 manat ödəyib ilahiyyatı öyrənirik. Bütün dünya insanın neyrohüceyrələrini araşdırır. Bizə bunlar lazımdır. İrsi xüsusiyyətlər, genetik kodu öyrənmək üçün nanotexnologiyaları öyrənməyin zamanıdır. 4 il ərzində 8 min manat ödəyib islam təhsili alan adamı mən qəbul etmirəm. İslam təhsilindənsə, elə ildə 2500 manat ödəyib ərəb dilini, qramatikasını, tərcüməsini daha sərrast öyrənsinlər, şərqşünas olsunlar. Quranın, dinin eksperimenti yoxdur. Bizə bu gün eksperimental elmlər daha çox gərəkdir”.

Bu sözləri millət vəkili Ağacan Abiyev deyib. İlahiyyat fakültəsində təhsil almağın ağılsızlıq olduğunu bildirən millət vəkilinin bu fikirləri ilahiyyatçı Elşad Mirinin narazılığına səbəb olub.

Dünyanın hər bir yanında dini elmlərə ehtiyac olduğunu deyən ilahiyyatçı, hətta Roma papasının da bir din xadimi olduğunu vurğulayıb: "Bu cür insanların millət vəkili olaraq təqdim

olunmasına və belə ifadələr işlətməsinə sadəcə olaraq təəssüflənirəm. Çünki həqiqətən də bir insan hələ dərk eləmir ki, dinlə bağlı insanlara da ehtiyac yaranır. Bu gün dünyanın hər bir yanında, hətta hərbidə belə din xadimlərinə ehtiyac yaranır. Azərbaycan özü multikultural bir ölkədir. Belə millət vəkilləri Roma papasının qəbuluna düşmək üçün saatlarla gözləməli olurlar. Onların belə ifadələr işlətməsində heç bir həqiqət payı yoxdu. Vatikan kimi bir dövlətin başındakı Roma papası din xadimidi və o da dini xadim yetişdirən ruhani məktəbindən məzun olmuş bir şəxsdi”.

Yeganə Bayramova