Ağacların kəsilməsi millət vəkillərini danışdırdı

Parlamentdə təklif səsləndi ki, işini görə bilməyən məmurlar vəzifələrindən azad olunsun



Dünən Milli Məclisin növbəti iclası keçirilib. İclası spiker Oqtay Əsədov açıq elan edərək birbaşa gündəliyə keçib. İlk öncə Mülki, Cinayət və İnzibati Xətalar məcəllələrinə dəyişikliklər müzakirəyə çıxarılıb. Layihə barədə məlumat verən Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli bildirib ki, hər üç layihə bir müddət əvvəl "Qiymətli kağızlar haqqında” qanuna edilən dəyişikliklərə uyğunlaşdırmadır. Hər üç layihə ayrı-ayrılıqda səsə qoyularaq qəbul olunub.

"Televiziyalar və radiolar dövlət təhlükəsizliyi siyasətinin tərkib hissəsi olur”

İclasda "Lisenziyalar və icazələr haqqında” qanunun 1 və 2 nömrəli əlavələrinə dəyişiklik müzakirə olunub. Layihəyə əsasən, qanunun 1 nömrəli əlavəsindən (Lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) 7-ci (Teleradio yayımı fəaliyyəti) maddə çıxarılıb. Eyni adlı maddə 5-ci maddə kimi qanunun 2 nömrəli əlavəsinə (Dövlət təhlükəsizliyindən irəli gələn hallarla əlaqədar lisenziya tələb olunan fəaliyyət növlərinin siyahısı) daxil edilib.

Müzakirə zamanı Mətbuat Şurasının sədri, deputat Əflatun Amaşov bildirib ki, televiziya və radio olduqca strateji sahədir, bu baxımdan dəyişikliklərin edilməsi doğru addımdır: "Əvvəllər televiziya və radio açmaq istəyən İqtisadiyyat Nazirliyinə müraciət edərək və Milli Televiziya və Radio Şurasının (MTRŞ) rəyini alaraq bu işi həyata keçirirdi. Artıq bundan sonra bu prosedurlarda MTRŞ-nin səlahiyyətləri genişlənir və bütövləşir. Ümumiyyətlə televiziya sahəsi çox mühüm və strateji sahədir. Ona görə də həyata keçirilən bu dəyişiklik də mühümdür. Əvvəlki qanundan fərqli olaraq artıq burada televiziya və radio yayımın ümumi hissəsindən fərqli olaraq dövlət təhlükəsizliyinin tərkib hissəsi olur. Bugünkü dövrdə dəyişiklik çox düzgün və ədalətlidir. Bundan sonra televiziyalar və radiolar dövlət təhlükəsizliyi siyasətinin tərkib hissəsi olur”.
Müzakirədən sonra layihə səsə qoyularaq qəbul olunub.

Qanunsuz ağac kəsməyə görə cərimələr sərtləşdirildi

Toplantıda Meşə Məcəlləsinə təklif edilən dəyişiklik müzakirəyə çıxarılıb. Dəyişikliyə əsasən, meşələrdə və ya xüsusi mühafizə olunan ərazilərdə ağacların, kolların və ya digər yaşıllıqların, eləcə də meşə fonduna daxil olmayan yaşıllıqların qanunsuz kəsilməsi xeyli miqdarda ziyan vurduqda beş min manatdan yeddi min manata qədər miqdarda cərimə və ya iki ilədək müddətdə islah işləri və ya üç ilədək müəyyən vəzifə tutma və ya müəyyən fəaliyyətlə məşğul olma hüququndan məhrum edilməklə və ya edilməməklə iki ilədək müddətdə azadlıqdan məhrumetmə ilə cəzalandırılır.

Hazırkı qanunvericilikdə isə yuxarıda qeyd olunan əməllərə görə iki min beş yüz manatdan üç min beş yüz manatadək miqdarda cərimə və ya iki ilədək müddətdə azadlıqdan məhrumetmə nəzərdə tutulur.

"Bu barədə nazirə də dedim”

Qanunun müzakirəsi zamanı xanım millət vəkili Elmira Axundova bildirib ki, təbiətə qarşı cəmiyyətimizdə laqeydlik var: "Qüvvədə olan müddəalar onsuz da sərtdir, indi daha da sərtləşdiririk. Amma buna baxmayaraq, yaşıllıqlar məhv edilir. Cəmiyyətdə bununla bağlı maarifləndirmə işləri aparılmalıdır. Bu barədə nazirə də dedim. O da deyir ki, məhkəmədə işlər var, qərarlar qəbul olunur, amma icrası mümkün olmur”. Deputat onu da deyib ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi məhkəmə yolu ilə ağac kəsənləri cərimələtdirsə də, həmin cərimələri ala bilmir.

"Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər”

Millət vəkili Fərəc Quliyev yaşıllıqların məhvinə görə daha sərt addımların atılmasının vacib olduğunu deyib: "Biz burada danışırıq, amma təkcə Yasamal rayonunda bir gecədə 40 ağacı kəsiblər. Biz qanunları dəyişirik, amma şəhərin mərkəzində yaşıllığı qırıb yerində bina tikirlər. Şəhər, məhəllə salınırsa, kənarda salınsın. Yeni binaların tikilməsi ilə bağlı ciddi güzəştlər var. Belə adamlar cəzalandırılmalıdır və bizim qanunlar kağız üzərində qalmamalıdır. Parlamentdə səslənən fikirləri ümumiləşdirib müvafiq qurumlara göndərməyi təklif edərdim. Bəlkə nazirlər burada səslənən təklifləri nəzərə alacaq”.

Spiker O.Əsədov deputata cavab olaraq söyləyib ki, indiki mövcud vəziyyətə görə cərimələr daha da sərtləşdirilir: "O ki qaldı burdakı çıxışlara, burda səslənən fikirlər stenoqramda əksini tapır və bütün ünvanlara çatır”.

"Bakıda oksigen çatışmazlığı var”

Deputat Qüdrət Həsənquliyev isə deyib ki, Bakı şəhərində ağac yetişdirməyin nə qədər çətin olduğunu hər kəs yaxşı bilir: "Biz bilirik ki, Bakı şəhərində oksigen çatışmazlığı var, bu da yaşıllıqların az olması ilə əlaqədardır. Biz övladlarımızın sağlamlığı naminə yaşıllıqları qorumalı, artırmalıyıq”.

Millət vəkili sanksiyaları sərtləşdirməyi təklif edib. O, vəzifəli şəxslərin min manat cərimə olunması ilə bağlı dəyişiklikdən danışarkən bildirib ki, bu, kifayət qədər az məbləğdir: "O şəxs ağacı kəsəndən sonra həmin məbləği ödəyəcək. İlk növbədə vəzifəsini yerinə yetirə bilməyən məmurlar işdən azad olunmalıdır. "Qanunda alternativ sanksiya çıxarılmalıdır. Çünki biz alternativ sanksiya nəzərdə tutulanda məhkəmə daha yüngül cəzanı verir. Vəzifəli şəxs qanunu pozursa, birinci cəza onun vəzifədən azad olunması olmalıdır”.
Müzakirələrdən sonra dəyişikliklər səsverməyə çıxarılaraq qəbul olunub.

Spiker yenə Zahid Oruca əsəbiləşdi: "Sən bu hövsələni saxla da...”

İclasda spiker yenə də deputat Zahid Oruca əsəbiləşib və ona irad bildirib. Belə ki, O.Əsədov iclasın gündəlikdə olan məsələləri bitdikdən sonra bəzi deputatlara danışmaq üçün söz verib.

Spiker Tahir Kərimliyə söz verərkən Z.Oruc siyahının olub-olmadığını, o siyahıya yazılmağın mümkünlüyünü soruşduqda spiker belə deyib: "Zahid Oruc, sən bu hövsələni saxla da... Siyahı var ki?! Hər dəfə hövsələsizlik edirsən”.

"2017-ci ilin dövlət büdcəsində 641 milyon manat kəsir müəyyən olunub. Bu məni olduqca narahat edir”. Bu sözləri isə deputat Tahir Kərimli səsləndirib. Millət vəkili vurğulayıb ki, keçən il büdcə kəsiri 1,7 milyard manat idi: "Büdcə kəsirinin çox olmasından qorxmaq lazım deyil. Heç olmasa gəlirlərə nisbətən 10-15 faizdə götürmək lazımdır. Şəhid, əlil ailələrinə, digər sahələrə ayrılan xərcləri ödəməyin bir yolu var ki, bu da büdcə kəsirini çoxaltmaqdır”.
Spiker isə deyib ki, bu məsələyə büdcə müzakirələrində baxıla bilər.

"Mən sənə bir söz dedim? Çıxış etmək istədin, mən də şərait yaratdım. Daha nə istəyirsən?”

Bundan sonra deputat Z.Oruca söz verilib. Deputat ABŞ-da keçirilən seçkilərə münasibət bildirib. O qeyd edib ki, ABŞ-da keçirilən seçkilər Amerika cəmiyyətində irqi, dini, milli böhranı ortaya çıxarıb: "Seçkilər Amerika vətəndaşlarının pulunu Əfqanıstanda və Yaxın Şərqdə, digər məkanlarda inqilablara xərcləyənlərin məğlubiyyətini ortaya çıxardı. Bundan əlavə, ABŞ-dakı seçkilər Ağ Ev ətrafındakı lobbi qruplarının, maliyyə mərkəzlərinin, ticarət şəbəkələrinin, hansı ki, onların əksəriyyəti Klintonun çevrəsində qərarlaşmışdılar və qurduqları korrupsiya sistemi dağılmış oldu. Müxtəlif ərəb şeyxlərindən tutmuş, ayrı-ayrı ticarət mərkəzlərindən alınan vəsaitlər seçki kampaniyasına yönəlməkdə idi. Bu da oradakı seçki sisteminə qədər korrupsiyanın olduğunu sübut etmiş oldu. Bütün bunlar bizim rəyimiz deyil. Bunlarla bağlı yetərincə faktlar mövcuddur. Diktatura rejimini demokratiya adı altında ayır-ayrı ölkələrin məhvinə səbəb olan siyasətə qədər xalq öz reaksiyasını bildirmiş oldu. Amerika vətəndaşının
problemini kənara qoyub, müxtəlif ölkələrdə siyasət quranlar və onlara necə yaşamağı diktə edənlər, liberal demokratiyanı ixrac edənlər qarşılarında çox ağır nəticə gördü. Ona görə də hesab edirəm ki, 2009-cu ildə Ermənistan Azərbaycan sərhədlərini açmaq adı ilə bu millətin Dağlıq Qarabağ kimi dərdinin üstündən xətt çəkmək istəyən böyük siyasəti reallaşdırmağa çalışanların məğlubiyyəti oldu”.

Z.Oruc çıxışının sonunda spikerə xitabən "hörmətli sədr, yəqin ki, sizin bu çıxışa reaksiyanız olacaq. Amma bu, mənim şəxsi mövqeyim idi” - söyləyib.
Spikerin isə deputata cavabı gecikməyib: "Ay Zahid Oruc, mən sənə bir söz dedim? Çıxış etmək istədin, mən də şərait yaratdım. Daha nə istəyirsən?”.
Z.Orucun təşəkkürünün qarşılığında sədr "mən də sənə təşəkkür edirəm” deyə cavab verib.

"Kredit borcu olduğuna görə vətəndaşın şəxsiyyət vəsiqəsi dəyişdirilmir”

Millət vəkili Fazil Mustafa isə ona vətəndaşlar tərəfindən edilən mühüm müraciəti səsləndirib. Deputat deyib ki, Azərbaycanda bir sıra xidmətlərin "ASAN Xidmət”ə verilməsi çox yaxşıdır: "Ancaq indi şəxsiyyət vəsiqəsini dəyişdirmək istəyənlər üçün ciddi problemlər yaranıb. Yəni ya kredit borcu, ya da vergi borcuna görə deyirlər ki, şəxsiyyət vəsiqəsinin vaxtı uzadıla bilməz. Bank sistemində kiminsə səhvini axı "ASAN Xidmət” ödəməli deyil?! Vətəndaş neyləsin ki, devalvasiya baş verib, nəticədə o yoxsullaşıb, kreditini ödəyə bilmir. Şəxsiyyət vəsiqəsi cinayətkara da verilir. Bu əngəlin yaradılmasının mənası yoxdur”.

Müzakirələrdən sonra spiker iclası bağlı elan edib. O.Əsədov parlamentin növbəti toplantısının vaxtı haqqında məlumat veriləcəyini deyib.

Anar Bayramoğlu