Ağdamda 25 ildir məzarına bir gül qoymadığım anam uyuyur - Səriyyə Müslümqızı yazır
Xocal boyda bir dərdi yaşamışdım. Qərarım isə qəti idi, cəbhəyə gedəcəydim. Mən böyük bir nəslimi- anamı, üç əmim oğlunu bir geşədə itirmişdim. Həyatım alt-üst olmuşdu. Xocalıdan mənə qalan anamın məzarı isə Ağdamın Uzundərə qəbrisanlığında idi. Soyqrım qurbanları orada dəfn olunmşdu. Ağdamdakı Abidəki qəbristanlıq isə artıq dolmuşdu. Ağdamın işğal olunduğunu eşidəndə donub qaldım, dilim tutuldu. Xocalıdan mənə qalan anamın qəbri idi, onu da "daha görməyəcəyəm" - deyərək divara söykəndim.
Özümü ələ alaraq redaktorun otağına gedib zorla ezamiyyət vərəqəsi yazdırdım. Onda mən "Millət" qəzetində işləyirdim. Axşam qatarla Bərdəyə yollandım. Öyrəndim ki, hələ Ağdamın işğal olunmayan kəndləri var. Taksi tutub Ağdamın Göytəpə kəndinə gedəcəyimizi bildirdim. Sürücü üzümə təəcüblə baxaraq "sizin işiniz-gücünüz yoxdur? Camaat ordan başını götürüb qaçıb, sizdə ora gedirsiniz".
Mən sürücüyə yalvardım ki, anamın qəbri Uzundərədədir, qoy gedim son dəfə oranı ziyarət edim. Amma mən Ağdamda uzun müddət qalacaqdım. Qoy o sürücü məni bağışlasın.Yaşlı kişi olan sürücünün urəyi yumşaldı. Biz yola düşdük. İlahi, nə dəhşətli mənzərə idi .Yol adamlarla doluydu. "Kamaz"larda, lafetlərdə, hətta ekskavatorun çomçəsində belə gələn insan selinin bağırtısı, qışqırtısı göylərə qalxırdı. Mal-qaranın mələrtisi, yoldakı toz-torpaq hər tərəfi bürümüşdü. Yorğan - döşəklə dolu olan bir lafetin istündə oturan balaca bir qızcığaz "məni buraxın, evimizə qayıdım" - deyərək nalə çəkirdi. Qoça qarılar isə üz-gözlərini çırır, qırış-qırış olmuş yanaqlarını al-qana bələyirdi. Yol boyu gördüyüm mənzərədən bərk sarsılmışdım. Maşınımız isə irəliyə doğru hərəkət edə bilmədiyindən sürücü bərk əsəbləşmişdi. Az qamışdı qabağımızdan keçən qoyunu vursun, əyləci zorla saxlaya bildi. Bu vaxt əli çomaqlı bir kişi düz maşının qabağına gələrək "korsan, görmürsən günümüzü" - deyərək çomağını havada yellədi. Sürücü qaş - qabağını tökərək "camaatın başı xarab olub". Uzun yoldan sonra biz Uzundərəyə çatdıq. Mənim heç vaxt yadımdan çıxmaz. Uzundərədəki magistiral yol hərbi texnika və əsgərlərlə dolmuşdu. KİV əməkdaşları da vardı. Mən yolun kənarındakı evlərin birinə yaxınlaşdım. Həyətdə çoxlu əsgərlər vardı. Öyrəndim ki, şəhid olmuş əsgəri doğulduğu Şəki şəhərinə aparacaqlar. Ağdamın işğalının səbəblərini öyrənmək məqsədi ilə qapını döyüb, evə daxil oldum. N saylı hərbi hissənin zabitl və bir neçə əsgəri ev yiyəsinin qışa hazırladıqları mürəbbələrlə çay içirdilər. Zabitlərdən biri "bilirsiz, bizim sizinlə danışmağa vaxtımız yoxdu. Bir də ki, kambrikin icazəsi olmadan sizə heç nə deyə bilmərik. Dünən şəhid olan əsgərimizi aparmalıyıq"- deyərək özü ilə 5-6 əsgəri də götürüb getdilər. Ağdamı işğal edən erməni birləşmələri Uzundərəni raket atəşinə tutmuşdular. Böyür-başımıza raketlər yağırdı. Bərdəyə qayıdıb səhərisi gün hərbi maşınla Göytəpə kəndini qarış-qarış gəzdim. Aman Allah Surət Hüseynovun əsgərləri nələr etmirdi - ev yiyələrinə imkan vermirdilər ki, evlərindən bir əşya belə götürsünlər. Məhlələrdə qazın, ördəyin qırıltısından, mla-qaranın mələrtisindən, itlərin ağızlarını göyə tutub ulamasından qulaq tutulurdu. Evlərə doluşan əsgərlər burada özlərini ağa kimi aparırdı. Ev əşyalarını "Kamaz"lara yığıb, daşıyan kim... Qazın ördəyin arxasınca qaçıb, onları tutaraq boğazlarını üzüb, şişə taxaraq yeyib, içən kim. Bir gənc əsgər mənə yaxınlaşıb, dünən mənim dostum şəhid oldu. Mən də yaşamaq istəmirəm –deyərək gözləri doldu. Çox dəhşətli mənzərə idi. Mən gördüklərimi, eşitdiklərimi qələmə alaraq - "Torpaq gedir, əsgərlər isə..." başlıqlı bir yazı hazırlab, Bakıya göndərdim.Yazı dərc olunan gün günorta məni 2 nəfər əli avtomatlı polis işçisi Ağdam hərbi polis idarəsinə gətirdilər. Polis rəisinə isə təxribat törətmək üçün göndərildiyimi söyləmişdilər. Rəis ötkəm səslə "sizi bura kim göndərib"soruşanda, mən çantamdan press kartımı və qəzetdə dərc olunan məqaləni onun qarşısına qoydum. O məqaləni axıra kmi oxuyaraq ayağa qalxdı. "Mən icazə verin, sizin əlinizi sıxıb, təşəkkür edim. Adım Cəmaləddindir. Nə yaxşı ki, sizin kimi jurnalistlər var, vaxt gələcək bu yazılanlar tarixə cevriləcək.
-Bəs siz burada harada qalırsınız?
Mahrızlı kəndində qoca bir ər arvadın evində qaldığımı söylədim. O sürücüsünü çağırıb, məni qaldığım evə aparmağı tapşırdı.
Evə çatanda onlar çox sevindilər. "Ay bala, harda qalmısan, yaman nigaran qalmışdıq.
Başima gələnlərdən onlara heç nə danışmadım ki, qanları qaralmasın...
Səhərisi gün Zəngişalı kəndinə yollandım. N saylı hərbi hissənin briqada komandiri Talıb Məmmədovla görüşdüm.
Ağdamın işğalı labüd idi
"Yüksəkliklərin çoxu əldən getmişdi. Amma bu sualı yuxarıda oturanlara..." barmağını yuxarı qaldıraraq əsəbi halda dedi.
"Verin". O çox gərgin idi .
Demə Talib Məmmədovun anasının adı Səriyyə olduğundan urəyi yumşalmışdı. Yoxsa o heç bir xanım jurnalisti hərbi hissəyə belə buraxmazdı. Bunu sonra öyrəndim.
O, müavini Ümüdvar Mürzəyevi çağırıb bildirdi ki, ratsiyadan istifadə etmək üçün imkan yaratsın. Mən hər gün hərbi hissəyə gəlib, ratsiya vasitəsi ilə cəbhə xəbərləri hazırlayıb, göndərirdim. Burada Azərbaycanın hər bir bölgəsindən gələn Vətən oğulları silaha sarılaraq döyüşürdü. Onların arasında ağdamlılar daha çoxluq təşkil edirdi. Mənim yadımdan heç vaxt çıxmaz. N saylı hərbi hissənin briqada komandiri Eldar Əliyev mühafizəçiləri ilə digər n saylı hərbi hissənin briqada komandiri Talib Məmmədovla görüşə gəlmişdi. E.Əliyevin mühafizəçilərinin arasında qadınlar da vardı. Özü də bu qadınlara döyüşçü demək günah olardı. Çox təssüf ki, hərbi hissənin başında belə kombriqlər dursa da orada döyüşən qeyrətli oğullar da az deyildi. Ağdamın işğalı zamanı igidlik göstərərək şəhid olan Samir kimi - soyadını unutmuşam.
Onda Ağdam belə ağır günlərini yaşayırdı. Hərc-mərclik idi. Təssüf ki, ordu siyasətə qoşulmuşdu. Mən boş qalmuş Ağdamın kəndlərini dolaşdıqca qəlbim qan ağlayırdı. Bir gün günorta idi, bərk acmışdım. Bir itin səsini eşitdim. Darvaza açıq idi. Çöldə içərisində yorğan – döşəklə dolu olan lafetin arxası qalmışdı. Deyəsən ev yiyəsi lafetin qabaq hissəsin açıb bəlkə qadını, uşağı aparmışdı. Kim bilir. Həyətə girdim. Zəncirlə bağlanmış boz it susuzluqdan ləhləyirdi. O mənə yazıq –yazıq baxaraq imdad diləyirdi. Mən ona yaxınlaşıb zəncirini açdı. Yaxınlıqdan keçən arxdan su gətirib qabağına qoydum. İt suyu son damlasına qədər içdi. Çantamdakı para çörəyimi də onunla böldüm. Ö vaxtlar kənddə az ailələr qalmışdı. Onlar da ərzaq sarıdan korluq cəkirdilər. Elə günlərim olurdu ki, kəndəki həyət-bacada qalan susuzluqdan bürüşmüş tərəvəz tapıb yeyirdim. Amma geri dönməyəcəydim. Bir gün isə Uzundərəyə getdim. Hava çox isti idi. Anamın qəbrini ziyarət edəcəydim. Ora yaxınlaşan da çoxlu əsgərlərin dayandığını gördüm. Qəbristanlıq təpənin üstündə yerləşirdi.Onların böyüynə yaxınlaşıb məqsədimi bildirəndə yarı rus, yarı azərbaycan dilində "kak, raditelləriniz indi yadınıza düşüb". Əlini yuxarı qaldıraraq barmağını silkələyərək "olmaz" dedi. Mən bərk sarsılmışdım. İrəli getmək istəyəndə "əmrə tabe olun, atəş açarıq" deyərək acıqlı səslə qışqırdı. Düz 25 il bundan öncə Surət Hüseynovun Azərbaycanın başına açdığı oyunları qələmə almaq çox çətin idi və həyatım bahasına başa gəlirdi. Xocalıdan sonra mənim cəbhədə yaşadığlarım da bir tarix idi. Hərb tarixi.
Ağdam mənim üçün cox əzizdir. Xocalı ata yurdumdur. Ağdam isə 25 ildir qəbrinin üstünə belə bir gül qoymadığım anam uyuyur...