“Onlara qarşı atılacaq yeganə addım ailələrinin üz döndərməsi ola bilərdi”
Gürcüstanın şərqindəki Qaracalar kənd sakini həyat yoldaşı ilə mesajlaşan həmkəndlisini qəddar şəkildə cəzalandırıb. Daha doğrusu, ərin başçılıq etdiyi 7 nəfərlik qrup qadınla mesajlaşan kişidən qisas almaq qərarına gəlib.
Burada qisasçılara daha bir neçə nəfər qoşulub və kişini möhkəm döyüblər. Ardınca isə artıq huşunu itirməkdə olan şəxsi zorlayıblar. Kəndin onlarla sakini, o cümlədən həddi-buluğa çatmayanlar baş verənləri izləyiblər. Gürcüstan telekanallarının məlumatına görə, qisasçılar baş verənləri videoya çəkərək, internetə yükləyiblər.
Bir neçə gün bundan əvvəl baş verən bu hadisə ilə bağlı oxu.az-a məlumat verən kənd sakinlərinin iddiasına görə, kənd sakini qonşusunun həyat yoldaşı ilə gizli münasibət qurub. Daha sonra məsələnin üstünün açıldığını görərək, qızla birlikdə Rustavi şəhərinə qaçaraq gizlənib. 2 gün içərisində hər iki şəxs tapılaraq kəndə gətirilib. Qızı ailəsinə təhvil verərək, onun cəzalandırılmasını tələb edən qisasçılar oğlanı bu vəziyyətə salıblar. Qızın atası isə onu qorunması üçün polisə təhvil verib. Polis kənddə xüsusi əməliyyat keçirib və 30 nəfər saxlanılıb. Hazırda saxlanılanlardan 8 nəfər barəsində həbs-qətimkan tədbiri seçilib.
Sosioloq-jurnalist Lalə Mehralının sözlərinə görə, baş verən hadisə cəmiyyətin deqradasiyaya uğramasının başlıca göstəricisidir.
Sosioloq hesab edir ki, pisliyə pisliklə cavab vermək insanlıqdan kənar bir xüsusiyyətdir. Əgər kimsə insanlığa və cəmiyyətə yaraşmayan bir addım atırsa, onu cəzalandırmağın yolu həmin addıma adekvat cavab vermək deyil: "Cəmiyyətin adına ləkə olan insanların cəzası ictimai qınaq və insanların onları özlərindən kənarlaşdırmasıdır. Ən böyük cəza da elə insanların öz vicdanları qarşısında cavab verməsini təmin etməkdir. Ailəli bir xanımın başqa bir kişi ilə yazışması və ona qoşulub qaçması hər nə qədər əxlaqdan kənar bir hərəkət olsa da, məsələyə hüquq-mühafizə orqanlarının müdaxiləsi də mümkün deyil. Yəni evli bir xanımla münasibətdə olub deyə, onu məsuliyyətə cəlb etmək də olmaz, çünki ortada qadının razılığı var. Onlara qarşı atılacaq yeganə addım ailələrinin üz döndərməsi ola bilərdi. Amma məlumatdan da göründüyü kimi qadını atası qəbul edərək, polisin müdafiəsinə verib. Deməli, belə olan halda həyat yoldaşının həmin qadından boşanaraq öz həyatına davam etməsindən başqa həlli yox idi. İndiki halda isə ətrafdakı insanların bu cür sərt reaksiya verməsi və insanlığa yaraşmayan bir addım atması yolverilməzdir”.
Şəymən