Vahe Avetyan kimi dırnaqarası hüquq müdafiyəçilərinin ölkəmizdə təbliğat aparması yolverilməzdir.
Bunu Sherg.az-a "Qarabağ Azadlıq Təşkilatı”nın (QAT) sədri Akif Nağı erməni hüquq müdafiyəçisi Vahe Avetyanın Azərbaycanda konfrans keçirməsi ilə bağlı danışarkən deyib.
Onun sözlərinə görə, bu, Qarabağ probleminin həllinə heç bir təsir göstərməyəcək:
"Düzdür, V. Avetyanın konfrans keçirməsi ilə bağlı müsbət fikirlər qeyd olunur. Belə təəssürat yaranır ki, Xocalı faciəsinə görə üzr istəyən, Azərbaycana Emənistan hakimiyyətini pisləmək üçün gələn həmin şəxslər Qarabağ probleminin həllində irəliləyişin əldə olunmasına müsbət təsir göstərəcək. Bəlkə də onların açıqlamaları Ermənistan ictimaiyyətinə müəyyən mənada təsir edə bilər. Lakin digər ehtimalı da nəzərə almaq lazımdır ki, bu şəxslər Ermənistanın mövqeyinə xidmət göstərir. Bununla onlar Azərbaycanda ermənilərə qarşı fikirlərin dəyişməsinə çalışırlar. Bu da birbaşa Ermənistan hakimiyyətinin maraqlarına xidmət edir. Biz bunu öz tərəfimizə dəyişə bilsək, beynəlxalq təşkilatlara Ermənistan ictimaiyyətinin bu nümayəndələrinin fikirlərini çatdıra bilərik”.
A.Nağı əlavə edib ki, həmin şəxslərin Ermənistan hakimiyyətinin maraqlarına xidmət etməsi də istisna deyil:
"Onlar müəyyən mərkəzlər tərəfindən idarə olunur. Bu, yolverilməzdir. Çünki hansı formada olsa da xalq diplomatiyasının işə salınması mənfi nəticə verə bilər. Bunu anlamaq üçün tarixə nəzər salmamız kifayətdir. Tarix boyu ermənilərin azərbaycanlılara qarşı qırğınlarının qarşısının alıması mümkün olmamışdır. Müxtəlif vasitəçi tərəflərin iştirakı ilə "barışıq” təmin olunmasına çalışılıb, lakin bu təktərəfli yekunlaşıb. Azərbaycan xalqı bu fitnəkarlıqları yaddan çıxartsa da, ermənilər üçün eyni şeyi demək mümkün deyil. Ona görə də qırğınlar təkrarlandı. Son olaraq isə 80-ci illərin sonunda yaşananlar, Xocalı soyqırımı xalq diplomatiyasının mənfi nəticələrinin nəticəsi idi.
Xalq diplomatiyasından o zaman istifadə etmək olar ki, ermənilər işğal olunmuş Azərbaycan ərazilərindən çıxarılsın, problem həll edilsin və artıq o zaman hansısa mübadilədən danışılsın. Hazırda bu proses Azərbaycanın ərazi bütövlüyünün təmin olunmasına xidmət etmir. Əksinə, ermənilər aldadıcı görüntü ilə çalışır ki, Azərbaycan ictimaiyyətində özlərinə qarşı müsbət fikir yaratsınlar. Ölkəmizin maraqları burada təmin olunmur. Ona görə də belə tədbirlərin keçirilməsi, həmin şəxslərin Azərbaycanda təbliğat aparması düzgün deyil”.
Qeyd edək ki, Avropada yaşayan erməni hüquq müdafiyəçisi Vahe Avetyan bir müddət əvvəl ölkəmizə gəlib və digər nümayəndələrlə birlikdə Bakıda mətbuat konfransı keçirib. Bundan sonra o, Azərbaycanda öz kitabının təqdimatını keçirmək istdəyini ifadə edib.
Aysel Aslan