Aktyor: “Kömək olmasa, pul tapıb əməliyyat olunacam”





Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrının aktyoru Rəhim Rəhimovun səhhəti günü-gündən ağırlaşır. Xatırladaq ki, aktyor böyrək çatışmazlığı xəstəliyindən əziyyət çəkir.
O qeyd edib ki, böyrəklərində yaranan problemlə bağlı bir müddət əvvəl xəstəxanada müalicə olunub. Həkimlər aktyora böyrək çatışmazlığı diaqnozu qoyublar.

R.Rəhimov "Şərq”ə açıqlamasında xəstəxanada müalicə almasına baxmayaraq, vəziyyətinin yenidən ağırlaşdığını bildirib: "Müalicəm davam edir. Sonuncu həkim müayinəsi zamanı məlum oldu ki, günü-gündən böyrəklərimin fəaliyyəti zəifləyir. Həkimlər deyirlər ki, dializə girmədən təcili böyrək köçürülmə əməliyyatı aparılmalıdır. Bu əməliyyat isə xeyli pul tələb edir. Düzdü, mənə dövlət səviyyəsində yardım üçün göstəriş verildi. Cavadzadə adına xəstəxanaya rəsmi müraciət məktubu da göndərildi. Sadəcə orda növbədə qalıb böyrəyimin əməliyyatını gözləsəm, yəqin ki, o günə sağ qalmaram. Ona görə də bu gün yenidən Səhiyyə Nazirliyinə gedib kömək üçün müraciət etdim. Bildirildi ki, xəstəxanadan sənədləri nazirliyə gətirim, bir də baxsınlar. Əgər mümkün olsa, növbədənkənar əməliyyata imkan yaradılar. Yox əgər tezliklə əməliyyat olunması mümkün olmasa, onda məcburam ki, öz vəsaitim hesabına, borc edib əməliyyat pulu tapım. Başqa çarəm yoxdu. Əməliyyat üçün isə məndən 15 min manat pul tələb olunur. Böyük məbləğdi. Uşaqlarıma görə yaşamağa məcburam”.

Xatırladaq ki, Rəhim Rəhimov 1979-cu ildə Bakıda anadan olub. 1995-ci ildə Bakı şəhər 206 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin kütləvi tamaşaların rejissoru fakültəsinə daxil olub. 2001-ci ildə həmin universitetin teatrşünaslıq ixtisası üzrə magistraturasını bitirib. 1997-ci ildən Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla teatrında işləyir.

Tahirə