“Aktyorun ruhunu bu qədər sındırmaq günahdır”

İlham Hüseynov: “Bir il əvvəl niyə mənim işdən getməyimi istəyirdilər”
“Azərpaşa Nemətov mənə müəyyən insanlarla xəbər göndərdi ki, ərizəsini yazıb özü işdən çıxsın”



Akademik Milli Dram Teatrında yenidən gərginlik var. Teatrın aktyoru, əməkdar artist İlham Hüseynovun işdən azad olunması söz-söhbətsiz ötüşməyib. Teatrdan verilən məlumata görə, buna səbəb İlham Hüseynovun iş davamiyyətini ardıcıl pozmasıdır.

"İlham Hüseynovun səhhətində problem yarandığına görə bülleten götürmüşdü. Bülletenin vaxtı başa çatsa da, o, teatrda ardıcıl olaraq iş davamiyyətini pozub. Bundan başqa, İlham Hüseynov teatrın yaradıcı və ictimai həyatında, kollektiv tədbirlərdə iştirak etmir. Bütün bu səbəblərdə əməkdar artist İlham Hüseynovla bağlanmış əmək müqaviləsinə xitam verilib”, - deyə teatrdan bildirilib.
Məsələyə münasibət öyrənmək üçün əməkdar artist İlham Hüseynovla əlaqə yaratdıq.

- Akademik Milli Dram Teatrından uzaqlaşmağınız doğrudurmu?

- Uzaqlaşmamışam, uzaqlaşdırılmışam.

- Səbəb nə oldu? Teatrın rəsmi açıqlamasında bildirilir ki, səbəb sizin iş davamiyyətini pozmağınız olub.

- Mən artıq iki həftədən artıqdır ki, teatrdan uzaqlaşdırılmışam. Bu barədə heç bir mətbuat orqanına açıqlama verməmişəm. Buna ehtiyac duymurdum. Bu barədə danışmaq istəmirdim. O vaxta qədərki teatrın açıqlaması oldu ki, mən nizam-intizamı, davamiyyəti pozduğum üçün işdən uzaqlaşdırılmışam. Bu məni narahat etdi. Bu günə qədər açıqlama verməmişdim. Amma teatrın açıqlamasından sonra cavab vermək məcburiyyətində qaldım.

- Səbəb doğrudanmı davamiyyəti pozmağınınz olub, ya işdən başqa səbəb üzündən kənarlaşdırılmısız?
- İşdən tamamilə başqa səbəbdən uzaqlaşdırılmışam. Susurdum. Amma artıq deməyə məcbur qaldım. Mən davamiyyətə görə işdən çıxarılmamışam.

- Yəni bu bəhanədir? İşdən başqa səbəbdən uzaqlaşdırılmısız?

- Bəli, bəhanədir. Əslində səbəbini özüm də bilmirəm. Çünki teatrın rəhbərliyi gəldiyi gündən mənə qarşı münasibəti neqativ, pis olub. İnanın, hələ də səbəbini bilmirəm. Teatra rəhbər təyin olunduğu gündən də onunla 3-4 dəfə üz-üzə gəlmişəm. Nə elə bir hərəkət etmişəm ki, onun qıcığına səbəb olsun, nə elə ünsiyyətimiz olub. Amma mənə qarşı pis münasibəti göz önündə olub. Məni tanıyanlar bilir ki, işimə məsuliyyətlə yanaşıram. Mən yenə danışmayacaqdım. Teatrın açıqlaması məni buna məcbur etdi. Məni nizam-intizam qaydalarını pozmaqda suçlayırlar. Teatrdan getməyimə bəhanə kimi bunu göstərirlər, əgər belədirsə, onda mənim də sualıma cavab verilsin. Belədirsə, niyə bir il bundan əvvəl mənə xəbər göndərildi ki, ərizə yazıb işdən çıxım. Heç bir əsas olmadan. Sadəcə, Azərpaşa Nemətov mənə müəyyən insanlarla xəbər göndərdi ki, ərizəsini yazıb özü işdən çıxsın. Bu o dönəm idi ki, səhhətimdə ciddi problemlər yaranmışdı. Bildirdim ki, avqusta qədər mənə imkan versinlər ki, əməliyyat olunum, sonra. Bir il bundan əvvəl əmək intizamını pozmamışdım, heç bir əsas yox idi, niyə işdən getməyimə maraqlı idilər? Bir il əvvəl niyə məni işdən çıxardılar?

- O zaman səbəb, bəhanə olaraq nə deyildi? Siz teatrda olan qruplaşmalarda iştirak edirdiz?

- İnanın səmimiyyətimə, heç bir qruplaşmaya daxil olan, dedi-qodu edən insan deyiləm. Öz balaca dünyam var. O həyatı yaşayıram, başımı aşağı salıb işimi görürəm. Mənə qarşı bu aqressiyaya səbəb nə idi? Mənə yad xüsusiyyətdir ki, qalmaqallarda iştirak edim. Səbəbi mənə aydın deyil. Sadəcə, möhlət istədim ki, bir müddət imkan verin, əməliyyat olunum, sonra gedim. Onlar edəcəkləri pisliklərinin vaxtını bir az ləngitmiş oldular. Əməliyyata qədər mənə vaxt verdilər. Bugünki vəziyyətdə aktyorun işsiz qalması, işdən kənarlaşdırılması ona mənəvi və maddi zərbə vurmaqdı.

- Siz teatra 5 il əvvəl İsrafil İsrafilov tərəfindən dəvət olunmuşduz deyəsən?

- Bəli, 5 il əvvəl mən professor İsrafil İsrafilov tərəfindən teatra dəvət olundum. O gündən Akademik Milli Dram Teatrında çalışıram.

- Səhv etmiriksə, ayağınızdan ağır əməliyyat olunmusuz? Elə məhz bu üzdən bir müddət teatra gedə bilməmisiz...

- Bəli. ATV telekanalının dəstəyi və köməyi ilə ayağımdan ağır əməliyyat keçirdim. Orada mənim yubileyimi qeyd etdilər. İyul ayında əməliyyatdan sonra bülleten götürməli oldum. Ağır əməliyyat olduğum üçün bir neçə ay əsa ilə gəzməli oldum. Məcbur qalıb bülletenimin vaxtını da uzatmalı oldum. Çünki həkim mənə sərt hərəkətlər etməyi qadağan etmişdi. Bu, riskli idi. 6 ay əməliyyatdan sonra qorunmalı idim. Çanaq oynağında sümüyümün başını kəsib protest qoyublar. Məcbur qalıb uzun müddət bülletendə oldum. Özüm də bilmədən bülletenin vaxtının keçdiyini öyrəndim. Bağlanmalıydı. Bir az gecikmişdim. Qanunun bu qədər olduğunu bilmirdim. Mən hərəkət edəndə əziyyət çəkirəm hələ də. Bülleteni gec bağladım. Teatrda belə bir qanun da var ki, əgər teatrda məşq varsa, rol varsa, getməliyəm. Əgər rolum yoxdusa, məşq yoxdusa, teatra hər gün getməyə məcbur deyiləm. Yəni yaradıcı insanların iş sistemində bu da çox normaldı. Bülleteni gec bağlamağım onların bir əvvəlki ssenarilərinə, məni işdən uzaqlaşdırmağa bəhanə oldu.

- Yəni sizin bəhanə ilə işdən uzaqlaşdırıldığınızı iddia edirsiz?

- Bəli, mən bəhanə ilə işdən çıxarılmışam. Əsassız bir ittihamdı. Məni nizam qaydalarını pozduğum üçün işdən çıxarmaqla suçlayırlar. Bu, ədalətsizlikdi. Bununla bağlı məhkəməyə də müracət edə bilərdim. Amma ehtiyac duymadım. Zamanın ixtiyarına buraxıram.

- Siz əməliyyatdan sonra "Vicdan haqqı” serialına çəkilmisiniz. Hesab etmirsiz ki, bu, teatrın rəhbərliyini, ya da ordakıları qıcıqlandıra bilib. Yəni teatra getmədiyiniz dönəmdə serial çəkilişlərində olurduz...

- Serial çəkilişlərinə gedəndə iynə vururdum ki, əziyyət çəkməyim. Teatr səhnəsi ilə çəkiliş meydançası arasında fərq var. Kamera qarşısında bir kadrı bir neçə dubl ilə çəkmək olur. Amma səhnədə plastika, hərəkətlər tamaşaçının qarşısında canlı təqdim edilir. Bu, riskli olardı. Qaldı mənim serialda olmağım onlar üçün bəhanə olubsa, bir il əvvəl niyə mənim işdən getməyimi istədilər. Onda bəhanələri nə idi? Mən bircə onu bilirəm ki, teatr aktyorun evi olur.

- Siz bölgə teatrından gəlmişdiz. Gəncə Dövlət Dram Teatrından Akademik Milli Dram Teatrına gəlmək də hər aktyora nəsib olmur. Bu, kimisə narahat edib?

- Hər bir aktyorun arzusu olar ki, Akademik Milli Dram Teatrının səhnəsində rol alsın. Nə yalan deyim, mənim də bu arzum olub, Allah mənə bu səhnəni qismət də etdi. Gəncə Teatrı mənə doğmadır. Çünki mən orda aktyor kimi yetişmişəm. Bu gün də demək olar ki, orada çalışıram. Çünki mütəmadi əməkdaşlıq edirəm. Tamaşalarında rol alıram. Mənim üçün doğma məkandır. Amma Akademik Milli Dram Teatrından uzaqlaşdırılmaq təbii ki, mənə təsir etdi.

- Səhv etmiriksə, kirayədə qalırsız. Çətin deyil ki?

- Təbii ki, çətindi. Kirayədə yaşamağım mənə çətinliklər yaradır. Kirayə qalan aktyor işdən çıxarılırsa, onun maddi durumu təbii ki, çətinləşir. Xəstəliyim də mənə çətinliklər yaradıb. İkinci ayağımdan da əməliyyat olmalıyam. Ona görə də işləmək, bir yerdən mütəmadi məvacib almaq mənə bu dönəmlər xüsusilə vacib, lazım idi. Mən yenə Allahın ədalətinə inanıram. Çünki çalışmışam ki, kimsəylə problemim olmasın. Aktyorun ruhunu bu qədər sındırmaq günahdı.

Tahirə Məmmədqızı