Boşanan kişilərin əksəriyyəti ölkəni tərk edib Rusiyaya, Türkiyəyə gedir
“Aliment fondu”nun yaradılmasının müsbət və mənfi tərəfləri ola bilər
Dövlət həmin şəxslərin əvəzinə aliment kimi verdiyi vəsaiti kimdən geri alacaq?
Boşanan kişilərin əksəriyyəti ölkəni tərk edib Rusiyaya, Türkiyəyə gedir
Boşanan kişilərin əksəriyyəti ölkəni tərk edib Rusiyaya, Türkiyəyə gedir
Boşanmadan sonra yaranan ən böyük problemlərdən biri də alimentlərin verilməsidir. Qanuna əsasən, boşandıqdan sonra uşaq valideynlərdən birində qalarsa, digər valideyn aliment ödəməlidir. Çox zaman uşaqlar analarında qalır və tənha qadınlar üçün uşaqlara baxmaq o qədər də asan başa gəlmir.
Bu məsələ elə bir həddə gəlib çatıb ki, bir çox valideynlər məsuliyyəti öz üzərlərindən atırlar, müxtəlif üsullarla aliment ödəməkdən boyun qaçırırlar.
Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Elmira Süleymanova 2017-ci il üzrə illik məruzəsində bir daha bu məsələyə toxunub.
Onun sözlərinə görə, aliment borcları üzrə məcburi ödəniş mexanizmi hazırlanmalı və tətbiq edilməlidir: "Mövcud vəziyyət, rəsmi nikahda olmayan və ya natamam ailələrin, boşanmaların və baxımsız uşaqların sayının artması göstərir ki, müvəkkilin illik məruzələrində və aidiyyəti qurumlara müraciətlərində öz əksini tapmış Aliment Fondunun yaradılması qaçılmaz zərurətdir”.
Azərbaycan Respublikası Prezidenti yanında Əfv Məsələləri Komissiyasının üzvü Əliməmməd Nuriyev "Şərq”ə açıqlamasında aliment məsələsinin kifayət qədər aktual problemlərdən biri olduğunu vurğulayıb. Ailələrdə boşanmalardan sonra alimentlərin verilməsi ilə bağlı xeyli məhkəmə qərarları olur:
"Məhkəmələr uşaqların mənafeyini müdafiə etmək üçün atadan aliment verməsini tələb edirlər.
Ancaq təəssüflər olsun ki, hazırda alimentin verilməsi ilə bağlı çıxarılan qərarların icrası çətin olur. Borclular bir çox hallarda bilərəkdən məhkəmə qərarı ilə müəyyən olunan vəsaiti ödəməkdən yayınırlar, işləmədiklərini, pullarının olmadığını iddia edərək, özlərinə haqq qazandırırlar. Bu gün gizli məşğulluğun olmasını nəzərə alsaq, kişilər faktiki olaraq bu və ya digər ticarət obyektini qeydiyyatdan keçmədiklərinə görə bu gəlirlər görünmür. Bəzi hallarda isə məşğulluq idarələri həmin şəxslərə müxtəlif işlər təklif etsələr də, onlar sadəcə, həmin işlərdən boyun qaçırırlar.
Belə olanda məhkəmə həmin şəxs haqqında minimal rəqəm müəyyənləşdirir. Ya da ki, borclu şəxs işləmək üçün müraciət etsə də, iş də tapılmır. Və ya ucqar dağ kəndində yaşayan valideynə rayon mərkəzində elə minimal məbləğlə iş təklif edilir ki, bu işi qəbul etsə belə, məvacibin əsas hissəsi yol xərcinə sərf olunacaq. Yəni bu işi qəbul etmək valideyn üçün maddi baxımdan sərfəli deyil. Lakin bununla belə, o, məhkəmə tərəfindən müəyyən edilən minimal alimenti ödəməlidir. Ödəyə bilmədiyi üçün isə onun inzibati və ya cinayət məsuliyyəti qaydasında həbsi aktuallaşır. Ancaq valideynin həbsi də uşaq üçün verilməsi gərəkən alimentin ödənilməsi problemini həll etmir. Yəni burada bəzi boşluqlar mövcuddur”.
Ombudsmanın "Aliment Fondu”nun yaradılmasının zərurət olması ilə bağlı açıqlamasına toxunan hüquqşünas bir sıra ölkələrdə bu cür fondların mövcud olduğuna diqqət çəkib:
"Bəzi ölkələrdə bu cür fondlar var. Hansı ki, onların bəzisində fond aliment üçün gərəkli vəsaiti ödəsə də, daha sonra bu borcu alimenti ödəməli olan valideyndən geri alır. Ancaq bu fondun yaradılması o halda mümkündür ki, bunun üçün yetərincə büdcə vəsaiti mövcuddur. "Aliment Fondu”nun belə yaradılmasının həm müsbət, həm də mənfi nəticələri ola bilər.
Bu, "İctimai Fond” ola bilməz. Bu, o zaman "İctimai Fond” ola bilər ki, ayrı-ayrı şəxslər könüllü şəkildə bu fonda ianə versinlər. Bizdə isə könüllü ianələrin verilməsi mədəniyyəti yüksək deyil. Bu, ancaq dövlət fondu ola bilər ki, bu halda da müəyyən çətinliklərin meydana çıxması istisna deyil.
Məsələn, belə bir fond yaranarsa, o zaman məhkəmə qaydasında borclu olan valideynlər aliment ödəməkdən daha çox yayınmağa çalışacaqlar. Bu cür kütləvi yayınma büdcə üçün də müəyyən problemlərə səbəb ola bilər. Bu gün biz boşanmaların sayının sürətlə artmasına şahid oluruq. Bu qədər boşanma fonunda dövlətin həmin alimentləri qarşılamağa imkanının çatıb-çatmayacağı sual altındadır. Boşanan kişilərin əksəriyyəti ölkəni tərk edib Rusiyaya, Türkiyəyə gedir. Dövlət həmin şəxslərin əvəzinə aliment kimi verdiyi vəsaiti kimdən geri alacaq?
Hüquqşünasın fikrincə, belə bir fondun yaradılıb-yaradılmaması ilə bağlı qərarın dünya dövlətlərinin təcrübəsinin ətraflı şəkildə öyrənilməsindən sonra verilməsi daha məqsədəuyğundur: "Hesab edirəm ki, biz bu məsələdə digər dövlətlərin təcrübəsini, onların milli xüsusiyyətlərini, həyat tərzlərini ətraflı şəkildə öyrənməli, yalnız bundan sonra müvafiq qərar verməliyik”.
Ə.Nuriyevin sözlərinə görə, aliment probleminin həlli yolu nikaha daxilolmalar sahəsindəki çatışmazlıqların aradan qaldırılmasından keçir:
"Bəzi valideynlər öz qızlarını nəyin bahasına olursa-olsun ərə vermək istəyir. Yaşı keçən qızlarımız da cəmiyyətin tənəsindən bezir və gözünü yumub kimlə gəldi ailə qurur. Zorla ərə verilən qızlarda da gələcəkdə boşanma hadisələri çox yaşanır. Odur ki, biz problemin həllinə nail olmaq üçün işə valideynləri maarifləndirməkdən başlamalıyıq”.
Şəymən