Alimlər sübut etdi

Hər gün çay içənlərin beyni daha gec qocalır, yaddaş itmirProfessor Adil Qeybullanın sözlərinə görə, dəmlənmiş çay yarım saat ərzində içilməlidir
Pekin Universiteti (Çin) alimləri yeni araşdırmada çayın beyinə olan təsirini araşdırıblar. Eksperimentlər göstərib ki, çay insanlarda fantaziyanı və kreativ düşüncəni inkişaf etdirir. Eksperimentdə 2 qrup insan iştirak edib. Onlardan biri yalnız çay içib, digər qrup isə çay, şirə, qazlı içkilər və s. Nəticədə məlum olub ki, kreativlik tələb edən tapşırıqlarda çay içən qrup daha yaxşı nəticələr göstərib.
Saglamolun.az xəbər verir ki, 2017-ci ildə aparılmış digər araşdırma çayın demensiyaya qarşı təsirini təsdiq edib. Çayın tərkibində olan maddələr beyində demensiyaya səbəb olan zülalların toplanmasına mane olur. Daim çay içən insanların beyni daha gec qocalır, yaddaş, diqqət və s. koqnitiv funksiyalar qocalana qədər saxlanılır. Mütəxəssislərin sözlərinə görə, hər gün çay içən insanlarda demensiyanın riski çay içməyən insanlarla müqayisədə 50 faiz daha azdır.
Həm yaşıl, həm də qara çay beyinə eyni dərəcədə müsbət təsir edir.
Qeyd edək ki, çayın tərkibində faydalı minerallar və C vitamini var. Çay içmək ürək-damar sisteminə çox xeyirlidir və mədə xərçənginin qarşısını alır. Tərkibində olan flerit maddəsi dişləri çürüməyə qoymur və dişlərin kökünü möhkəmləndirir. Çay içmək həm də həzm prosesini rahatlaşdırır. Məhz bu xüsusiyyətlərinə görə, ilk dəfə çay şəfaverici sayıldığı üçün dərman kimi içilib. Amma zaman keçdikcə çay xoş ətir və dad verdiyi üçün gündəlik olaraq içilməyə başlanıb.
İlk dəfə çinlilər, sonra isə yaponlar çay içmək mərasimini öz dini adət-ənənələrinə çeviriblər. Bu gün dünya üzrə milyonlarla insan üçün çay içmək gündəlik normaya çevrilsə də, çinlilər və yaponlar üçün çay içmək xüsusi bir məna kəsb edir.
Tibb elmləri doktoru, professor Adil Qeybulla da hesab edir ki, insanın istifadə etdiyi bitkilərin arasında çayın xüsusi yeri var və çay insanın orqanizminə tonuslandırıcı təsir göstərir. Çayın tərkibində olan bioloji aktiv maddələr, o cümlədən "tanin” adlanan maddə insan orqanizminə tonuslandırıcı təsir göstərir və bir növ analitik xüsusiyyətlərə malikdir. Odur ki, insanlar uzun müddət bədəndən yorğunluğu çıxaran ümumi halsızlığı götürən bir vasitə kimi çaydan istifadə edirlər. 
Bəzi yerlərdə bu məqsədlə kofedən, bəzi yerlərdə isə digər bitkilərdən - jenşen, yaşıl çay və s. - istifadə olunur. Lakin professor hesab edir ki, çay bunların arasında ən geniş yayılmış və insan orqanizminə müsbət təsiri çox olan bitkidir. O şərtlə ki, çayın istifadə qaydalarına düzgün riayət olunmalıdır.
A.Qeybullanın sözlərinə görə, dəmlənmiş çay yarım saat ərzində içilməlidir. Bundan sonrakı halda çayın tərkibində olan "tanin” maddəsi parçalanır və çay öz bioloji aktivliyini itirir, onun əvvəlki effekti qalmır. Bu səbəbdən də uzun müddət dəmli qalmış çaydan istifadə etmək düzgün deyil.
Yaşıl çayın qara çaydan daha faydalı olduğunu deyən professor qeyd edib ki, yaşıl çay bədəndə maddələr mübadiləsinin normal getməsini təmin edir, orqanizmin ömrünə və bioloji proseslərinə müsbət təsir bağışlayır. Bir fincan yaşıl çay beyin yarımkürələrini oyadır, damarları genişləndirir, yorğunluğu və yuxusuzluğu aradan qaldırır, başağrısını götürür: "Yaşıl çay damarların tonusunu azaldır ki, bu da arterial təzyiqi aşağı salır. Yaşıl çay damarları genişləndirir, tonus azalır, təzyiq aşağı düşür. Ona görə də yaşıl çayın hipotoniklər, yəni təzyiqi aşağı olanlar tərəfindən çoxlu içilməsi yolverilməzdir. 
Sadəcə, ümumi xeyrini nəzərə alıb, 1 fincan, təzyiqi normal olan vaxt içə bilərlər. Onlar çayı içdikdən sonra 5-10 dəqiqə ərzində özlərini yaxşı hiss edə bilərlər. Lakin sonradan əksinə, təzyiq düşür və insan özünü əvvəlkindən də halsız hiss edir”.
Şəymən