Qərb Davudoğlu və Gül cütlüyünü Ərdoğanın qarşısına çıxarmaq istəyir
AKP lideri Meral Akşener və Kamal Kılıçdaroğlu ittifaqına asanlıqla qalib gələ bilər
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 24 iyunda keçiriləcək seçkilərlə bağlı müxalifəti tənqid edib. Ərdoğan müxalifəti Sorosla əlaqədə, xaricdəki "Soros”lar tərəfindən dəstəklənməkdə ittiham edib: "Bütün qüvvələrini Türkiyəni idarə etməyə deyil, şəxsimə və AKP-yə qarşı olan düşmənçilikləri üçün sərf edirlər. Buradan elan edirəm, yenə bacara bilməyəcəksiniz.
Ən böyük oyun Rəbbimin onlar üzərindəki oyunudur”. Ərdoğan CHP lideri Kamal Kılıçdaroğlunun hər gün dəyişdiyini üzünə vuraraq, onu seçkidə rəqib olmağa çağırıb: "Ana müxalifətin başındakı şəxs prezident tərifini verir. Buna səndən daha yaxşı uyğun gələn varmı? Gəl namizəd ol, niyə namizəd olmadın? Çünki qorxursan. Səndə hər cür nömrə gəlmək var, axşam başqa, səhər başqasan”.
Baxçalı son nöqtəni qoydu: "Dediyimizi yalamaq...”
Türkiyədə erkən seçki təklifi ilə gündəmə gələn MHP-nin lideri Dövlət Baxçalı prezidentin köməkçisi olub-olmayacağına dair sualı cavablandırıb. Baxçalı bu suala "Prezidentin köməkçisi olmayacağam, hökumətdə yer almayacağam, bunları etsək, söylədiklərimizi yalamış olarıq” deyib. Mətbuat nümayəndələri ilə axşam yeməyində görüşən MHP başqanı seçkidəki namizədini 21 mayda təqdim edəcəklərini deyib. Namizəd olmaq istəyənlərdən və təşəbbüs qruplarından son müraciətlər isə mayın 3-də qəbul ediləcək. Qalan müddətdə namizədlərlə bağlı müzakirələr aparılacaq və 21 mayda namizəd elan ediləcək. Yeni qurulacaq hökumətdə yer almayacaqlarını deyən MHP başqanı "Hansısa vəzifə istəmək arzumuz, bazarlığımız, niyyətimiz yoxdur”.
Abdulla Gül sükutu pozdu...
Türkiyənin sabiq prezidenti Abdulla Gül seçkilərlə bağlı mövqeyinə yaxın günlərdə aydınlıq gətirəcəyini deyib: "Ölkəmiz üçün xeyirli olsun. Seçki həyəcansız, müzakirəsiz olmur. Bu günlərdə sıx görüşlərimiz, müzakirələrimiz oldu. Mənim adım ətrafında müxtəlif söhbətlər var. Bu məsələlərə aydınlıq gətirəcəm”. Məlumat üçün deyək ki, Abdulla Gülün CHP, İyi Partiya, Səadət və digər partiyaların vahid namizədi olacağı iddia edilir.
Akşener CHP-ni narazı saldı, 15 deputat geri dönə bilər
CHP-dən ayrılıb İYİ partiyaya transfer olan 15 millət vəkili geri dönə bilər. Buna müxalifətin vahid namizədlə bağlı ortaq mövqeyə gələ bilməməsi və İYİ partiya lideri Meral Akşenerin CHP-ni incik salacaq açıqlamaları səbəb olub. Xatırladaq ki, Meral Akşener "20 deputat olmasa belə 100 min imza toplayıb seçkiyə girərəm” deyib. Türkiyə mediasının iddiasına görə, bu sözlərdən narazı qalan CHP-çi millət vəkilləri geri dönərək öz əvvəlki partiyalarından deputatlığa namizəd ola bilərlər.
MHP-li deputat Meral Akşeneri seçdi
Türkiyədə ana müxalifət partiyası olan CHP-nin İYİ partiyaya 15 millət vəkili verməsindən sonra növbə MHP-yə çatıb. MHP-nin Bursa millət vəkili Kadır Koçdəmir partiyasından istefa edərək İYİ partiyaya keçdiyini bəyan edib. Beləliklə, MHP-dən olan deputatların sayı 35-ə düşüb. İYİ partiyanın deputat sayı isə 21-ə yüksəlib.
"Ərdoğan Akşener-Kılıçdaroğlu cütlüyünə asanlıqla qalib gələcək”
Türkiyədə seçki öncəsi yaşanan olayları "Şərq”ə şərh edən Sivilizasiyalar və Konfliktlər Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli deyib ki, müxalifət Prezident Ərdoğanın qarşısına özbaşına çıxmır, onları xarici dairələr Türkiyə lideri ilə rəqabətə təhrik edir:
"Xarici qüvvələr üçün ən gözəl variant Abdulla Gül və Əhməd Davudoğlu cütlüyünü Ərdoğana qarşı çıxartmaqdır. Bununla AKP-nin elektoratını bölməyə, Ərdoğanı bəyənməyən islamçılardan bir alternativ cəbhə yaratmağa cəhd göstərirdilər. Ancaq intellektual Əhməd Davudoğlu bu avantüraya getmədi. Güman edirik ki, Gül də anti-Ərdoğan əməliyyatında iştirak etməyəcək. Ortada qalır sadəcə Meral Akşener və Kamal Kılıçdaroğlu cütlüyü. Bu cütlüyə də Ərdoğanın asanlıqla qalib gələcəyini düşünürəm. Kılıçdaroğlu ümümiyyətlə siyasətdə qeyri-ciddi adamdır. Akşeneri isə bir qadın olaraq heç vaxt mühafizəkar türk cəmiyyəti özünə prezident seçməz. Amma gələcəkdə Akşener ana müxalifət rolunda Kılıçdaroğlunu əvəzləyə bilər”.
İsmayıl