Qulu Məhərrəmli: "Qəbul edirəm, hind filmlərini sevənlər, baxanlar var, amma hər şeyin bir əndazəsi olmalıdı"
Fəlsəfə doktoru, XXI əsr Təhsil Mərkəzinin rəhbəri Etibar Əliyev «Space» TV-nin rəhbəri Vaqif Mustafayevə sosial şəbəkə vasitəsilə «Açıq məktub» yazıb.
Məktubda bu cümlələr yer alıb:
«Hörmətli Vaqif müəllim!
Siz rəhbərlik etdiyiniz telekanalda mütəmadi olaraq hind filmləri verməklə cəmiyyətimizin üzvlərinin nostalji hisslərini yeniləyirsiniz. Bu fədakarlıqlara və şücatə görə sizə Fb səhifəmdə təşəkkürümü bildirmişdim və xahiş etmişdim ki, "Bobbi" filmini yaxın günlərdə verəsiniz. Əslində mənim statusum şok effekti yaratdı və mən qıraqda qaldım. Xeyli insanlar sevdikləri filmin verilməsini sizin diqqətinizə çatdırmağı məndən xahiş etdilər.
Həmin filmlər bunlardır:
«Fillər mənim dostumdur»
«Zita və Gita»
«Əlibaba və qırx quldur»
«San-qam»
«Poy, Cimi» (Şübhəsiz, «Disko rəqqası» nəzərdə tutulur. Məzə olsun deyə belə yazılıb – red.)
«Tamahkarlığa qarşı hiyləgərlik»
«Andlar və vədlər»
«Qisas və qanun» və s.
Nəzərə almağınızı xahiş edirəm. Onu da qeyd edim ki, cəmiyyət sizi Mir Şahindən çox istəyir. Özünüzdən muğayat olun, siz hələ xalqımıza çox lazımsınız.
Dərin hörmətlə: Etibar Əliyev».
Təhsil ekspertinin «Açıq məktubu» ilgimizi çəkdi. Kinayəmi daha çoxdur, tənqidmi, yoxsa, təqdirmi?
Bunu bir bilənə sormağı qərara aldıq.
Teletənqidçi, filologiya elmləri doktoru Qulu Məhərrəmli Etibar Əliyevin «Açıq məktub»undan xəbərdar olduğunu söylədi:

- Mən də «Açıq məktub»u oxumuşam. Və hesab edirəm ki, kinayə üslubunda yazılmış statusdur. Bu, Etibar müəllimin ilk iradı deyil. Hər şeydə bir ölçü, əndazə var. Ölçü keçiləndə, əndazə aşılanda mənfi hal yaranır. Qəbul edirəm, hind filmlərini sevənlər, baxanlar var, qəbul edənlər də çoxdur. Bir yandan baxanda, mənasız şoulardan, hansı ki, şou-biznes əhli toplaşır və mənasız, şit ifadələr səsləndirirlər, ondansa hind filmləri daha yaxşıdır. Amma heç bir halda ölçülər aşılmamalıdır. Adıçəkilən telekanalda isə hind filmləri ilə bağlı artıq ifrata varılır. Sual olunur, televiziya nə göstərməlidir? Televiziya yerli və xarici kinematoqrafiyanın ən yaxşı nümunələrini tamaşaçıya təqdim etməlidir. Biz burda siyasi-ictimai və xəbər proqramlarından danışmırıq. Televiziyada üstünlük bədii proqramların tərəfindədirsə, burada da ölçülərə riayət edilməlidir. Bir telekanalı bütövlükdə konkret bir ölkənin filmləri ilə yükləmək düzgün deyil. Ortaq məxrəc tapılmalıdır. Və tamaşaçıya rəngarəng bədii proqramlar təqdim edilməlidir, o cümlədən də film baxımından. Və rəngarənglik deyəndə, əlbəttə ki, hind filmlərinin rəngarəng sıra düzülüşü nəzərdə tutulmur. Bir telekanal yalnız bir ölkənin filmləri ilə yüklənirsə, bu artıq aşırı aludəçilikdir və təbii ki, xoş qarşılana bilməz.
Məlahət Rzayeva