ABŞ-ın vətəndaşlarına Qarabağa getməməklə bağlı çağırışı bunu bir daha təsdiqləyir
ABŞ Dövlət Departamenti vətəndaşlarını Dağlıq Qarabağa səfər etməməyə çağırıb.
Dövlət Departamentinin amerikalı turistlər üçün hazırladığı səfər tövsiyəsində Dağlıq Qarabağda itkilərin hələ də davam etdiyi bildirilib: "Mütəmadi atışmalar, artilleriya sistemlərindən, o cümlədən mina və minaatanlardan istifadə hər il itkilərlə nəticələnir. Təmas xətti və beynəlxalq səviyyədə tanınmış Azərbaycan-Ermənistan sərhədlərinə yaxın yollardan keçməyə çəkinin. ABŞ təhlükəsizlik xidməti Dağlıq Qarabağda ABŞ vətəndaşları üçün təhlükəsizliyi təmin etməyə qadir deyil. Belə ki, ABŞ hökuməti əməkdaşlarının oraya səfəri məhdudlaşdırılıb”.
Qeyd edək ki, Dövlət Departamentinin tövsiyəsində Dağlıq Qarabağ ayrıca ölkə kimi qeyd olunmayıb. Dağlıq Qarabağa səfər etməmək barədə tövsiyə həm Azərbaycan, həm də Ermənistanla bağlı bölmədə yer alır.
Qeyd edək ki, ABŞ Dövlət Departamentinin bu bəyanatı Ermənistan rəhbərliyinə münaqişənin ən qısa zamanda dinc yolla həlli və işğal edilmiş Azərbaycan torpaqlarından silahlı qüvvələrin tez bir zamanda çıxarılmasına yönəlik bir mesajı kimi dəyərləndirilir. Onların fikrincə, Dövlət Departamentinin bu tövsiyəsi Ermənistanın yeni rəhbərliyinin səsləndirdiyi iddiaların əsassızlığının sübutu baxımından da son dərəcə əhəmiyyətlidir. Ermənilər hər nə qədər dünya ictimaiyyətinin mövqeyini dəyişmək və özü haqqında acınacaqlı fon yaratmaq istəsə də güc dövlətləri tərəfindən səsləndirilən bu tipli bəyanatlar erməniləri reallığa qaytarır və onları məyus edir.
"Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu ABŞ Dövlət Departamentinin bu tövsiyəsinin Azərbaycan üçün kifayət qədər əhəmiyyətli bir addım olduğunu deyib:
"Dünyanın super dövləti olan ABŞ-ın bu münaqişədə Azərbaycanın mövqeyini dəstəkləməsi və qondarma respublikanı ayrıca "dövlət" kimi qeyd etməməsi sözsüz ki, dövlətin yeritdiyi uğurlu xarici siyasətin nəticəsidir. İki gün əvvəl amerikalı diplomat, ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi Corc Kent də ölkəsinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini səsləndirib.
O da həmçinin deyib ki, Amerika vətəndaşlarının, diplomatlarının işğal olunmuş torpaqlara getməsi tövsiyə olunmur və özünün də getmədiyini xüsusi qeyd edib. Bu artıq Amerikanın Azərbaycanın strateji tərəfdaşı olduğunun göstəricisidir. Hesab edirəm ki, digər ölkələr də bu cür açıqlamalar verməlidir. Təəssüflər olsun ki, illər ərzində biz Rusiya XİN-in belə bir tövsiyə verdiyini eşitmədik. Əksinə, biz yenə bu günlərdə xeyli rus vətəndaşının beynəlxalq hüquqa zidd olduğu halda işğal altında olan Azərbaycan torpaqlarına səfər etdiyini gördük”.
Şəymən