Bu günlərdə Amerikanın nüfuzlu Trafford nəşriyyatında «Müasir Azərbaycan nəsri» (Modern Azerbaijani Prose. Bloomington, Trafford Publishing, 2019, 634 səhifə) antologiyası nəşr olunub. Yüksək poliqrafik keyfiyyətlə, orijinal tərtibatla nəşr edilən kitabı Bakı Dövlət Universitetinin Azərbaycan ədəbiyyatı tarixi kafedrasının professoru Vaqif Sultanlı və Norveçdə yaşayan həmyerlimiz Dr.İrəc İsmayıl nəşrə hazırlamışlar. Rajeev Madanın redaktəsi ilə nəşr olunan antologiya, 2012-ci ildə Amerikada yayınlanan eyniadlı kitabın əlavə və düzəlişlərlə ikinci nəşridir.
"Sherg.az" xəbər verir ki, müxtəlif ədəbi nəsli təmsil edən yazıçılardan İsmayıl Şıxlı, Əzizə Cəfərzadə, İsa Muğanna, Yusif Səmədoğlu, Sabir Əhmədli, Sara Oğuz, Sabir Azəri, İsi Məlikzadə, Çingiz Hüseynov, Anar, Əlisa Nicat, Rüstəm İbrahimbəyov, Elçin, Mövlud Süleymanlı, Seyran Səxavət, Məmməd Oruc, Rafiq Tağı, Saday Budaqlı, Orxan Fikrətoğlu, Kamran Nəzirli, Elçin Hüseynbəyli, İlqar Fəhmi və başqalarının əsərlərininin yer aldığı antologiya Azərbaycan nəsrinin son illərdə yaranmış bir sıra dəyərli örnəklərini əhatə etməkdədir. Antologiyada, eyni zamanda, Azərbaycanın Güneyində yaranan bədii nəsr örnəklərinə yer verilmiş, Qulamhüseyn Səidi, Ruqiyyə Kəbiri, Güntay Gəncalp kimi müəlliflərin hekayələri kitaba daxil edilmişdir.
Tərtibçilər antologiyaya yazdıqları ön sözdə çağdaş Azərbaycan nəsri ilə bağlı mülahizələrini aşağıdakı şəkildə ümumiləşdirmişlər: «Təəssüflər olsun ki, qədim və zəngin ənənələrə malik olan Azərbaycan ədəbiyyatı dünyada lazımınca tanıdılmamışdır. Bunun obyektiv və subyektiv səbəbləri mövcuddur. Hər şeydən öncə, uzun illər sovet siyasi rejimi şəraitində yaşaması Azərbaycan ədəbiyyatı örnəklərinin dünya ictimaiyyətinə çatdırılmasına ciddi əngəllər törətmişdir. O illərdə ədəbiyyatların dünyada tanıdılması dövlət siyasətinin tərkib hissəsi olduğundan bu işin icra mexanizmi ciddi qüsurlarla müşayiət olunmuşdur».
Dünya oxucularına təqdim olunan bu antologiya təxminən son yarım əsrlik dövrün bədii nəsr örnəklərini özündə birləşdirir. Bu dövr sovet siyasi rejiminin çöküşü və Azərbaycanın istiqlaliyyətə qovuşduğu mərhələnin ədəbiyyatını əhatə etdiyindən yaranan bədii örnəklərdə özünəməxsus bədii çalarların olduğu diqqəti çəkir.
Antologiyaya daxil edilən bədii örnəklər seçilərkən daha çox yazıların dünya oxucularının maraq və zövqünə uyğun olması, həmçinin əsərlərin mövzu, məzmun baxımından əlvanlığı nəzərə alınmışdır. Belə ki, burada epik-analitik, lirik-psixoloji, şərti-metaforik üslublu yazılara təsadüf olunmaqdadır. Əsərlərin seçimində çağdaş Azərbaycan bədii nəsrinin gerçək mənzərəsinin əks olunmasına çalışılmışdır. Kitabı www.amazon.com, www.trafford.com, www.books.google.com, www.bookland.com, www.ebay.com, www.scribd.com, www.waterstones.com, www.barnesandnoble.com və digər saytlardan sifariş yolu ilə əldə etmək olar.