Amerikalıların Trampa etibarı itib

Rusiyanın seçkilərə müdaxiləsi məsələsi ABŞ liderinin reytinqini aşağı saldı



Amerikalılar ABŞ Prezidenti Donald Trampa əvvəlki illərlə müqayisədə daha az etibar edir. Bu haqda NBC telekanalı və "The Wall Street Journal” nəşrinin keçirdiyi ictimai rəy sorğusunda deyilir.
Toplanmış məlumatlara əsasən, amerikalıların 62 faizi D.Trampın "Rusiyanın 2016-cı il seçkilərinə müdaxiləsi” məsələsində yalan danışdığını hesab edir. Müqayisə üçün deyək ki, avqust ayında bu göstərici 52 faiz təşkil edirdi.

Respondentlərin 42 faizi hesab edir ki, Ağ Ev rəhbərinin qeyri-səmimiliyini onun köməkçilərinin verdiyi bəyanatlarda əks etdirir. Bir il əvvəl bu göstərici 36 faiz təşkil edirdi.

Xatırladaq ki, Trampın prezident seçilməsindən artıq 3 il ötür. Keçirilən sorğunun nəticəsi isə göstərir ki, 3 il öncə xalq tərəfindən seçilməsinə baxmayaraq, artıq amerikalıların Trampa inamı o qədər də çox deyil. Maraqlıdır, mövcud durumun növbəti prezident seçkilərinə nə kimi təsiri ola bilər?

Keçirilən sorğu ilə bağlı fikirlərini "Şərq”lə bölüşən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Tramp və onun opponentləri arasında mübarizə davam edir. Politoloq deyib ki, baş verənlərdə Rusiyanın müdaxiləsi kimi faktlar öz əksini tapıb. Lakin Rusiyanın müdaxiləsi sübut olunsa da, bunun Amerikadakı prezident seçkilərinə təsiri hələ sübut olunmayıb: 

"Müxtəlif bəyanatlar verilir və ehtimallar irəli sürülür. Zamanla Trampın reytinqi xeyli zəifləyib. Lakin o demək deyil ki, keçirilən sorğu tam həqiqətə uyğundur. Sorğunun keçirilməsi üslubları müxtəlifdir və başqa sorğu təşkilatları da var. Məlumdur ki, aşağı palatada demokratlar, yuxarı palatada isə senatlar olur. Respublikaçılar Partiyasının üstünlüyü var. 

Düşünmürəm ki, respublikaçıların çoxluğu olduqdan sonra seçkilərdən sonra asanlıqla Trampı uzaqlaşdırmaq mümkün olsun. Amma hər halda mübarizə gərginləşəcək və Trampın opponentləri bu məsələni qabartmaq istəsələr də, istəklərinə asanlıqla nail olmayacaqlar. Çünki hələ ki sübutlar kifayət qədər deyil”.

Yeganə Bayramova