Amerikanın tarixində belə seçki olmamışdı

Tərəflər biri-birini ən ağır korrupsiyada, siyasi manipulyasiyalarda, seçiciləri müəyyən vasitələrlə ələ almaqda ittiham edirlər
Hətta ABŞ-da bu seçkini ölkənin tarixinə düşmüş şimallılarla cənubluların müharibəsi kimi qiymətləndirənlər də var

ABŞ-da prezident seçkiləri ərəfəsində demokratlar və respublikaçılar arasında siyasi mübarizə qızışmaqdadır. Xüsusilə, prezidentliyə namizədlər - Hillari Klintonla Donald Tramp arasında yaşanan olaylar və bu olaylar çərçivəsində irəli sürülən ağlasığmaz ittihamlar amerikalı seçicilərin təəccüblərinə səbəb olmaqdadır. Hətta belə hesab etmək olar ki, Amerika tarixində budəfəki seçki dövrü kimi heç bir dövr olmayıb.

Tərəflər biri-birlərini korrupsiyada, siyasi manipulyasiyalarda, seçiciləri müəyyən vasitələrlə ələ almaqda və s. suçlamalarda ittiham etməklə, əslində ABŞ-ın mövcud siyasi mənzərəsini ortaya qoyur. Ümumiyyətlə, baş tutan hər bir debat sensassiyalı və təəccüblü nəticələrlə başa çatır. Artıq, istər respublikaçıların, istərsə də demokratların tərəfdarları Klinton-Tramp mübarizəsini sivil, demokratik ənənələrə sahib rəqabət kimi deyil, aşkar düşmənçilik kimi qəbul etməyə başlayıblar. Bu faktor isə Amerikanın əsrlərdən bəri formalaşmış seçki ənənələrinin dəfni kimi də qiymətləndirilə bilər. Ortada olan iddialar, faktlar və dəlillər də bu cür düşünməyə zəmin yaradır.

"Amerika mətbuatına inanmaq olmaz, onlar sifarişlər əsasında işləyirlər”

Sorğularda respublikaçı rəqibi Donald Trampı üstələyən Hillari Klinton rəqibini "uğursuz” adlandırıb. Belə ki, buna səbəb Trampın uduzacağı təqdirdə seçkilərin nəticələrini tanımayacağı barədə verdiyi bəyanatı olub. "Mən qərarımı zamanı çatanda verəcəm” deyən respublikaçı namizəd bu sözlərini rəqibi Hillari Klintonla Las-Veqasda keçirdiyi teledebatda deyib. Lakin bununla da kifayətlənməyən respublikaçı namizəd bildirib ki, onun seçki marafonuna mane olan tərəflərdən biri də ABŞ media orqanlarıdır. Donald Tramp ABŞ KİV-lərinə inanmır: "Amerika mətbuatına inanmaq olmaz. Onlar yalnız sifarişlər əsasında işləyirlər”. Xatırladaq ki, respublikaçı namizəd daha öncələr də KİV-ləri onun seçki kampaniyası ilə mübarizədə demokratlara aşkar dəstək göstərməsində ittiham edib. Belə ki, ABŞ KİV-lərinin əksər çoxluğu açıq şəkildə tərəfkeşlik nümayiş etdirərək, Klintonu dəstəkləyir. O cümlədən, Amerika mediasını təhrif olunmuş xəbərləri dünya mediasına transfer etməkdə günahlandırıb. Ümumiyyətlə, Trampın sözlərinə görə, hazırkı prezident seçkilərində ABŞ KİV-ləri təmiz işləməməklə yanaşı, korrupsiyaya bulaşıblar.

Seçkilərə qanunsuz hazırlıq gedir...

Namizəd Trampın növbəti ittihamı isə seçici qeydiyyatı ilə bağlı olub. O bildirib ki, hətta qeydiyyata alınmamalı olan seçicilər belə, qeydiyyata alınıblar ki, burada Klinton düşərgəsinin "ölü canlar”dan istifadəsinə eyham vurulub: "Milyonlarla insan seçkilərdə səs vermək üçün qeydiyyata alınıblar, hansı ki, onların bir çoxu qeydiyyata alınmamalıydılar”. Bundan əlavə, Donald Tramp inanır ki, Klinton ciddi cinayətlər törədib və həmin cinayətlərin təqsirkarı özüdür. Bu baxımdan, onun seçkilərdə iştirakına imkan verilməməliydi. "Onun seçkilərdə iştirak etməsinə imkan verilməməlidir”-deyə qeyd edən Tramp növbəti dəfə düşmən gözündə baxdığı Klintonu ABŞ-ın dövlət katibi olarkən Ağ Evin deyil, şəxsi elektron poçt qutusunu istifadə etdiyini xatırladıb. Onun fikrincə, bu cinayətdir və dövlət maraqlarını hesaba almamaqdır.

"Tramp seçki qərargahına gözəgəlimli qadınları cəlb edir”

Əxlaqa zidd şəkildə aparılan seçki mübarizəsində Hillari Klinton da boş dayanmır və Trampı gah arvadbazlıqda, gah irqçilikdə, gah da seksual mozaxistlikdə ittiham edir. Məsələn, bir müddət əvvəl ilginc bir iddia irəli sürülsə də, bu iddia öz təsdiqini tapmadı. Klintonun seçki qərargahı sosial şəbəkələrdə təxminən belə bir şayiə buraxmışdı - "Tramp seçki qərargahına gözəl, ağır çəkisi olmayan, gözəgəlimli qadınları cəlb edir və onları seçiciləri qarşısına çıxararaq, siyasi xal toplamağa çalışır. Üstəlik, Tramp seçki qərargahında istədiyi qadına yaxınlaşaraq, onları öpür və bununla təcavüzkarlığını ortaya qoyur”. Amma sonradan bunun belə olmadığı üzə çıxdı. İndi, Klinton rəqibi Trampı bir az üstələyib və bunun səbəbini belə izah edir: "Baxın, kimsə artıq uğursuzluğa düçar olub, biz isə irəliləməyə davam edirik”. Klinton Şimali Karolinadakı seçiciləri ilə görüşündə bildirib ki, Trampın seçkilərin nəticələrini tanımayacağı barədə fikirləri Amerika demokratiyasına vurulan zərbədir: "Tramp bu cür davranışları ilə demokratiyaya ciddi təhlükə yaradır. Əgər sən seçkilərin nəticələrini tanımırsansa, bu, birbaşa demokratiyaya vurulan zərbədir. Amerikanı Amerika edən hakimiyyətlərin biri-birinə sülh yolu və sabitliklə təhvil verilməsidir”.

ABŞ seçkiləri rəqabətdən açıq savaşa doğru irəliləməkdədir

"ABC” telekanalının ötən həftə keçirdiyi ictimai sorğu nəticəsində bəlli olub ki, Klinton Trampı 12 faiz səs çoxluğu ilə üstələyir. Lakin Trampın qərargahında məsləhətçi olan Kelli Konvey NBC telekanalına bildirib ki, onlar müəyyən dərəcədə geridə qalsalar da, mübarizə dayanmayıb: "Heç kim demir ki, mübarizə dayanıb”. Nəticə etibarilə budəfəki seçkilər ABŞ-ın istər demokratiya, istərsə də sivil seçki mübarizəsi baxımından nə qədər geriləməsini sübuta yetirib. Yəni fakt budur ki, ABŞ seçkiləri rəqabətdən açıq savaşa doğru irəliləməkdədir. Hətta ABŞ-da bu seçkini ölkənin tarixinə düşmüş şimallılarla cənubluların müharibəsi kimi qiymətləndirənlər də var. Görünür, ABŞ-da baş tutacaq növbəti prezident seçkiləri məhz bu istiqamətə doğru sürətlə yol alıb.

İsmayıl