Ana “qrija” əməliyyatından öldü, ailə həkimləri suçlayır

Adil Qeybulla deyir ki, mütləq tibbi-ekspertizanın cavabını gözləmək lazımdır



Bakının tanınmış xəstəxanasında cavan ana əməliyyat zamanı dünyasını dəyişib. Mərhumun yaxınları criminal.az saytına deyiblər ki, 3 uşaq anası olan Vüsalə Məmmədova 5 saylı xəstəxanada "qrija” əməliyyatı olunub.

Lakin xəstə əməliyyat masasında keçinib. Yaxınları ölümdə həkim səhlənkarlığı olduğunu iddia edirlər. Onlar bildirirlər ki, həkim əməliyyat zamanı xəstənin damarını zədələyib. Xəstə isə qanaxmadan dünyasını dəyişib. Hətta həkim hadisədən sonra mərhumun ailə üzvlərinə əməliyyat pulunu qaytararaq "olur da belə şeylər” deyərək gedib.

"15 dəqiqəlik əməliyyat idi. Bütün analizləri normal çıxmışdı. Cərrah Anar Mehdiyev əməliyyat etdi. Bir saatdan sonra xərəkdə meyitini koridora qoydular ki, aparın”.

Bu sözləri əməliyyat zamanı dünyasını dəyişən 31 yaşlı V.Məmmədovanın həyat yoldaşı Şafiq Məmmədov deyib. Onun sözlərinə görə, həkimlər ölümün xəstənin ayağındakı trombdan baş verdiyini deyiblər: "Hərə bir söz deyir. Gah deyirlər damarı zədələnib, gah deyirlər narkoz zamanı keçinib. Bir onu deyə bilərəm ki, bir saatdan sonra Vüsalənin cansız bədənini bizə verdilər. Əməliyyat üçün verdiyim 350 manatı həkim geri qaytardı və "olur da belə şeylər” deyərək getdi”.

Mərhumun qohumları da həkim səhlənkarlığı olduğunu iddia edirlər: "Üç uşaq ana deyərək ağlayır. Balaca uşağın iki yaşı var. Çox dəhşətli vəziyyətdir. Meyiti ekspertizaya gətirmişik. Hadisə baş verəndən sonra heç həkimlər polisə belə məlumat verməyiblər. Meyiti koridora çıxararaq ərinə veriblər ki, apar”.

Əməliyyatı edən cərrah A.Mehdiyev açıqlamasında hazırda prokurorluq tərəfindən araşdırma aparılmasını bildirib. Həkimin sözlərinə görə, ölüm hadisəsində həkim səhlənkarlığından söhbət gedə bilməz: "Əməliyyat zamanı qanaxma baş verməyib. Xəstə əməliyyat olunduqdan bir saat sonra vəziyyəti pisləşdi və bioloji ölüm baş verdi. Ehtimal edilir ki, trombdan ölüb. Ancaq mənşəyi bilinməyən başqa xəstəliklərin də olması mümkündür. 15-20 dəqiqəlik əməliyyat idi”.

Məsələ ilə bağlı "Şərq”ə danışan tibb elmləri doktoru, professor Adil Qeybulla ekspertizanın qərarından sonra daha obyektiv fikir söyləməyin mümkün olduğunu deyib. Professor bildirib ki, ölümün dəqiq səbəbini bilmədən kimisə ittiham etmək düzgün olmazdı: 

"Təbii ki, mərhumun yaxınları hazırda emosional vəziyyətdədirlər. Belə söhbətlər ortaya çıxırsa, bu artıq iddia məsələsidir. Əgər həkim səhvi olduğu iddia olaraq ortaya qoyulursa, mütləq məhkəmə-tibbi ekspertizası olmalıdır. Ümumiyyətlə, xəstəxana şəraitində dünyasını dəyişmiş insanlar tibbi ekspertizada müayinədən keçməli və birbaşa səbəbi araşdırılmalıdır. Ölüm səhvinin həkimlə bağlı olub-olmadığı dəqiq araşdırılmalıdır. Xəstə əməliyyat zamanı infarktdan, ürəyin elektrik dayanmasından, insultdan ölə bilər. Yəni ölümün hansı səbəbdən baş verməsi ekspertizanın qərarından sonra tam aydınlaşır və bundan sonra mühakimə yürütmək olar. 

Yəni, ölüm halları elədir ki, insan televizora baxan yerdə də dünyasını dəyişə bilir. Ola bilər ki, əməliyyatdan qabaq bəzi analizlər yoxlanılmayıb, sonra müəyyən fəsad ortaya çıxıb. Yaxşı olar ki, tibbi ekspertizanın rəyindən sonra bütün bunlar müzakirə olunsun. Onda daha obyektiv rəy bildirmək mümkün olacaq. Hesab edirəm ki, bu cür hallarda insanlar nisbətən səbrini qoruyub saxlamalıdı. Belə bir iddia ortada varsa, təbii ki, bu mərhum yaxınlarının hüququdur. Ekspertizanın müayinəsindən sonra alınan cavab əsasında hüquq-mühafizə orqanına müraciət edə bilərlər. Məhkəmə bunu araşdıraraq müvafiq tibbi komissiyanın rəyindən sonra bir qərara gələr. Bu məsələlərin hay-küylə həll olması heç də yaxşı nəticə vermir”.

Yeganə Bayramova