"Analar normal doğuşdan imtina edib keysəriyyəni seçirlər" - RİSK







"Ana və uşaq ölümlərinin əksəriyyəti doğuş prosesinin payına düşür"

"Ölkədə ana və uşaq ölümlərinin əksəriyyəti hamiləliyin, doğuş prosesinin payına düşür”.

Bu sözləri "Sherg.az”a BMT-nin Əhali Fondunun Azərbaycanda ana və uşaq ölümlərinin azaldılması barədə təkliflərinə münasibət bildirərkən tibb elmləri doktoru, professor Adil Qeybulla deyib. O qeyd edib ki, bu gün fizioloji baxımdan normal keçən hamiləlik tapmaq çətindir:

"Bütün hamiləliklərdə problemlər, hətta xəstəliklər olur. Bəzən insanların xəstəlikləri planlaşdırılmamış hamiləlik dönəmində kəskinləşir. Həkimlərə müraciət etmədikdə isə məsələ böyüyür. Hətta bəzi ağır xəstəliklər hamiləliklə paralel davam etdikdə ölümə gətirib çıxarır.

Ana və uşaq ölümlərini minimuma endirmək üçün ən azı hamiləliyin düzgün protokolla qeydiyyata alınması, bütün hamiləlik boyu prosesin izlənməsi düzgün aparılmalıdır. Bütün bunlar tək həkimdən deyil, həm də hamiləlik prosesinin nə dərəcədə fizioloji şərtlərə uyğun gəlməsindən asılıdır. Biz sadəcə ana və uşağın müdafiəsi sistemini düzgün qurmalıyıq. Çox hallarda bütün resurslar tükənir, xəstə doğuşa gəldikdə isə həkimi günahlandırır. Təbii ki, həkimin səhvi də olur. Amma ölüm hallarının əksəriyyəti xəstələrin ağır olması ilə bağlıdır”.

Valideynlərin son zamanlar normal doğumdan imtina edərək keysəriyyə üsulu ilə uşaq dünyaya gətirdiyini vurğulayan həkimin sözlərinə görə, bu, heç də risksiz addım deyil:

"Normal doğuşun daha riskli olduğunu deyə bilmərik. Sadəcə keysər kəsiyi ilə əmliyyata girmək müəyyən qadınların xülyasıdır. Normal doğuş aparmaq mümkündürsə, bu, olmalıdır. Həkimin məsləhəti ilə, risk olduğu təsdiqlənərsə, keysəriyyə əməliyyatı həyata keçirilir. İstənilən halda daha yaxşı üsul fizioloji üsuldur”.

Qeyd edək ki, fondun Azərbaycandakı nümayəndəliyinin baş müşaviri ölkədə vaxtından əvvəl doğuşların sayının təhlili bu göstəricinin artım tendensiyasını nümayiş etdirib: "2005-2014-cü illər arasında bu rəqəm 1,8 faizdən 2,7 faizədək, 2015-ci ildə 3,7 faiz artıb. Respublikada evdə doğuşların sayında azalma qeydə alınıb. Əgər 2008-ci ildə evdə doğuş 2,5 faiz idisə, 2015-ci ildə bu 0,9 faizədək düşüb. Evlərdə doğuş əsasən ucqar kənd yerlərində qeydə alınır, amma bu göstəricidə də azalma tendensiyası göstərir”.

Aysel Aslan