"Aprel döyüşləri dayandırılmamalı idi" - AÇIQLAMA




"Danışıqlar yolu ilə Qarabağı ancaq düşmənə vermək olar, qaytarmaq olmaz".

Bunu Sherg.az-a cəbhə xəttində baş verən son hadisələrə münasibət bildirərkən Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağı deyib. 

Onun sözlərinə görə, gərginliyin artması, atəşkəsin intensiv pozulması, erməni hərbçilərinin cəbhə xəttində təxribatlar törətməsi Azərbaycana hərbi əməliyyatları başlamaq üçün əsas verir: 

"Ermənistan dekabrın 29-da cəbhə xəttində baş verən insident zamanı şəhid olan hərbçimizin cəsədini belə qaytarmırlar. Yəni onlar artıq hətta cansız bədənlə belə oyunbazlıq edirlər. Beynəlxalq hüquqda tənzimlənmiş müharibə qaydalarına görə, hər iki tərəfin əsgəri həlak olubsa, dərhal qaytarılmalıdır. Ermənilər bundan da Azərbaycana təzyiq vasitəsi kimi istifadə edirlər. Bununla onlar beynəlxalq hüquq normalarına məhəl qoymadıqlarını nümayiş etdirirlər. Bu mənada hesab edirəm ki, o zamandan aprel döyüşləri dayandırılmamalı idi. İndi isə müəyyən amillərin nəzərə almaqla hərbi əməliyyatların davam etdirilməsi zəruri hala çevrilib".

Qeyd edək ki, dekabrın 29-da cəbhə xəttində baş verən insident və son günlərdə atəşkəs rejiminin davamlı pozulması aprel savaşının təkrarlanması məsələsini gündəmə gətirib.

Aysel Aslan