Aprel döyüşləri düşmənə dərs oldu
Hər kəs anlayır ki, Azərbaycan Ermənistan üzərində əzici gücə malikdir
"Ermənilər daima müharibənin başlayacağı təqdirdə KTMT-nin onu müdafiə edəcəyini bəyan edirdilər. Lakin nəinki müdafiə etmək, KTMT üzvləri Ermənistana təşkilatın baş katibi vəzifəsinə öz namizədini irəli sürmək imkanı da vermədilər, üstəlik, Azərbaycana silah satmağa davam etdilər və Azərbaycanın təşkilatla daha yaxın əməkdaşlıq formatına tərəfdar çıxdılar"
Milli Olimpiya Komitəsində 2018-ci ilin idman yekunlarına həsr olunan mərasimdə çıxış edən Prezident İlham Əliyev Aprel döyüşlərinin önəminə toxunub və bu əməliyyatları böyük hərbi qələbə kimi dəyərləndirib. Prezident deyib ki, işğal edilmiş torpaqlarımızın bir hissəsinin iki il bundan əvvəl işğalçılardan azad edilməsi, o torpaqlarda Azərbaycan bayrağının qaldırılması kriminal rejimə çox böyük zərbə olub:
"O vaxtdan bu günə qədər o ölkənin güclü olmayan dayaqları daha da laxlayaraq sıradan çıxıb. Yəni, bu, bizim qonşuluğumuzda baş vermiş hadisələrdir. Əlbəttə, hesab edirəm ki, bu gün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yaranıb. Bir çox amillər bunu deməyə əsas verir. İlk növbədə, bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Biz bu istiqamətdə öz ardıcıl siyasətimizi davam etdirəcəyik".
Politoloqlar da o fikirdədir ki, Azərbaycanın Aprel döyüşlərində Ermənistan üzərində əzici üstünlük qazanması, regionda hərbi balansı öz xeyrinə dəyişərək, torpaqlarını güc yolu ilə qaytarılmasını daima gündəlikdə saxlaması işğalçı rejimi ciddi şəkildə narahat edir. Cənubi Qafqazda Azərbaycanın mövqeyinin möhkəmlənməsi, Ermənistanın getdikcə siyasi-iqtisadi geriliyi ölkəmizin işğalçılar üzərində həm diplomatik, həm də hərbi üstünlüyünü şərtləndirir.
Politoloq Nəzakət Məmmədova da "Şərq"ə açıqlamasında dövlət başçısının dediyi kimi, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üçün daha əlverişli vəziyyət yarandığını qeyd edib: "Bizim artan gücümüz, potensialımız, iqtisadi, hərbi, siyasi gücümüz, beynəlxalq mövqelərimiz bunu deməyə əsas verir. Ermənistan qarşısında biz təbii ki, haqlıyıq. Lakin dünya tarixində də, müasir dünyada da haqq-ədaləti bərqərar etmək üçün iqtisadi güc, hərbi qüdrət əsas rol oynayıb. Azərbaycanın öz ordusunu gücləndirməsi, iqtisadi potensialını yüksəltməsi, siyasi nüfuzunu artırması olduqca mühüm amillərdir”.
Hazırda Ermənistanın sonsuz bir qarışıqlıq, siyasi mübarizə, parçalanma, qarşıdurma dövrünə qədəm qoyduğunu vurğulayan Nəzakət xanım Paşinyanla Qarabağ separatçıları arasındakı ziddiyyətlərin daha da dərinləşdiyini əlavə edib:
"Erməni diasporası da iki yerə bölünüb: Rusiyadakı ermənilər bu dövlətin Ermənistanda möhkəmlənməsi üçün iş aparır, Avropada olan erməni icması isə Paşinyana dəstək olmaqla, onun Ermənistanı Rusiyanın orbitindən çıxarıb Qərbə yönləndirmək istəyirlər.
Belə bir məqamda, üstəlik, Paşinyanın atdığı bir sıra addımlar Rusiyanı ondan narazı salıb və Ermənistanı bu dövlətin, eləcə də onun rəhbərlik etdiyi KTMT-nin dəstəyindən tam məhrum edib. Ermənilər daima Azərbaycanla müharibənin başlayacağı təqdirdə KTMT-nin onu müdafiə edəcəyini bəyan edirdilər. Lakin nəinki Ermənistanı müdafiə etmək, KTMT üzvləri Ermənistana təşkilatın baş katibi vəzifəsinə öz namizədini irəli sürmək imkanı da vermədilər, üstəlik, Azərbaycana silah satmağa davam etdilər və Azərbaycanın təşkilatla daha yaxın əməkdaşlıq formatına tərəfdar çıxdılar.
Ermənistanın bütün müttəfiqləri əslində de-fakto Azərbaycanla müttəfiq səviyyəsinə yüksələn münasibətlər qurublar. Azərbaycan beynəlxalq aləmdə proseslərə təsir etmə gücünə malik bir ölkəyə çevrilib. Bütün bu və digər amilləri çox yaxşı bilən ölkə başçımızda, əlbəttə, düşmən ölkədə baş verən proseslər barədə daha dolğun, obyektiv məlumatlar var. Çünki o, ən yüksək səviyyədə Ermənistana digər dövlət başcılarının inamının zəif olmasını, Azərbaycanı dəstəkləməsini müşahidə edir, bunun üçün öz səylərini əsirgəmir. Çox güman ki, məhz bu amillər fonunda prezident münaqişənin həllində hazırda əlverişli şərait yarandığını vurğulayıb”.
Politoloq Vasif Əfəndiyev "Şərq”ə açıqlamasında 2016-cı ildə baş tutan hərbi əməliyyatların öz bəhrəsini verməkdə olduğunu deyib:
"Aprel döyüşlərindən sonra Qarabağ cəbhəsində Azərbaycan silahlı qüvvələrinin daha bir neçə uğurlu əməliyyatları oldu. Əməliyyatın səbəbi və nəticələri barədə regionda marağı olan dövlətlərin rəsmilərinin və siyasi texnoloqlarının fərqli mövqe və şərhlər verməsinə baxmayaraq Azərbaycan kifayət qədər dayanıqlı və qərarlı görünür. Təbii ki, bu inam hərbi potensialımıza və illərlə formalaşaraq artan nüfuzun nəticəsidir. Əgər Azərbaycan bir neçə il öncə hərbi əməliyyatlara başlamaq niyyətini ortaya qoyduqda nüfuzlu beynəlxalq təşkilatlar və böyük siyasi güclər münaqişəni dərhal və qeyd-şərtsiz dayandırmağı tələb edilərdisə, artıq bu gün bu Azərbaycanın haqq işini dəstəklədikləri barədə bəyanatlar verirlər. Bir çox nüfuzlu təşkilatlar və dövlətlər bəyanatlar verərək Qarabağın işğaldan azad olunması tələbi ilə çıxış edirlər. Avropa Şurası parlament assambleyasının indiyə qədər bir neçə dəfə Azərbaycan ərazi bütövlüyünü dəstəkləməsi, BMT təhlükəsizlik şurasının qətnamələrinin icra olunması, işğal olunmuş ərazilərimizin rayonun qeyd-şərtsiz azad olunması barədə dəfələrlə bəyanatlar verməsi artan nüfuzumuzun göstəricisidir. Türkiyə və nüvə dövləti olan Pakistan birmənalı şəkildə Azərbaycanın yanında olduqlarını bəyan ediblər. Ermənistanın təmsil olunduğu Kollektiv Təhlükəsizlik Təşkilatının üzvləri olan dövlətlər də artıq Azərbaycana simpatiyasını gizlətmir. Belarus Prezidentinin Azərbaycan torpaqlarının işğaldan azad olunmasını dilə gətirməsi ölkəmizin nüfuzunun nəinki Avropada, eləcə də Qarabağı de-fakto işğal edən Rusiyanın dominantlıq etdiyi MDB ölkələri arasında artdığını görürük. Qarabağ cəbhəsində silahlı qüvvələrimizin müvəffəqiyyətli əməliyyatları danışıqların yeni fazaya keçməsinə səbəb olub. Güman edirəm ki, "Madrid prinsipləri"nin yenidən gündəmə gəlməsinin zamanıdır. Bu prinsip tərəflərə təqdim olunan zaman hətta Ermənistan tərəfi də bəyənmişdi. Lakin sonradan Rusiyanın təzyiqi ilə bu danışıqlar dayandırıldı və Ermənistan bütünlüklə bu formatdan imtina etdi. Bu günlərdə isə ATƏT- in Minsk Qrupunun da fəallaşacağını görəcəyik. Hesab edirəm ki, Azərbaycan son illərin ən uğurlu hərbi-siyasi gedişini edib”.
"Sivilizasiyalar və konfliktlər” Analitik Mərkəzinin rəhbəri, politoloq Əhəd Məmmədli isə Azərbaycan ordusunun növbəti uğurlu hərbi əməliyyatla düşməni pərən-pərən edəcəyinə əmin olduğunu deyib.
"Fikrimcə, 2019-cu ildə Azərbaycan tərəfi mümkün olan bütün variantlardan istifadə edib ərazi bütövlüyünə qovuşmalıdır. İndiki şərtlər altında isə buna ancaq savaşla nail ola bilərik. Artıq başqa yolumuz yoxdur. Danışıqlar dövrünün bitməsi qənaətindəyəm. Müharibə zamanıdır. Ermənistan Rusiyanı arxasına alaraq Azərbaycanın hücumunu qeyri-hərbi yollarla dayandıra bildi. Əgər həmin vaxtı ordumuz əməliyyatları daha da davam etdirsəydi, münaqişənin həllində daha ciddi irəliləyiş əldə edərdik. Azərbaycan ordusu obyektiv və subyektiv səbəblərdən əməliyyatları dayandırmasaydı, daha irəli gedib, rayonlarımızı bütöv şəkildə azad edə bilərdi. Bu zaman isə danışıqlar prosesində Azərbaycan birmənalı olaraq diktə edən tərəf olardı”.
Şəymən