"Arıçılığın inkişafına ayrılan subsidiya bal istehsalını artıra bilər" - Açıqlama





"Arıçılığın inkişafına ayrılan vəsait xərclərin bir qismini qarşılaya bilər”.

Bunu "Sherg.az”a ölkə başçısı tərəfindən arıçılığa subsidiya ayrılmasını dəyərləndirərkən iqtisadçı - ekspert Qadir İbrahimli söyləyib.

O hesab edir ki, məlum sərəncamın arıçılığın inkişafına stimul olması mümkündür:

"Bu subsidiya ölkədə arıçılığın, bal istehsalının artmasına təkan verə bilər. Yaxşı olar ki, vəsaitlərin çatdırılması şəffaf həyata keçirilsin. Proses elektron qeydiyyatla aparılsın. Bu həm də ona görə vacibdir ki, ölkədə nə qədər arıçılıq təsərrüfatı olduğunu bilək. 

Sərəncam şəffaf yerinə yetirilsə, səmərəsiz xərcləmələrin qarşısını alınar. Real statistika ortaya qoyularsa, bunun əsasında təhlillərimizi genişləndirə bilərik”.

Qeyd edək ki, prezident İlham Əliyev arıçılığın inkişafının stimullaşdırılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə 2018-ci il də daxil olmaqla 5 (beş) il müddətində ildə 10,0 (on) manat məbləğində subsidiya müəyyən edilib.

Aysel Aslan