“Artıq qocalıq sözünü deyir”

Əlibaba Məmmədov: “O yaşdayıq ki, daha əzraillə salamlaşmağa məcburuq”



Xalq artisti, xanəndə Əlibaba Məmmədovun səhhətində problemlər yarandığı bildirilir. Xalq artistinin durumu ilə bağlı onunla əlaqə yaratdıq. "Şərq”ə açıqlama verən Əlibaba Məmmədov "Yataqda deyiləm. Yalan məlumatdı. Amma artıq qocalıq sözünü deyir. Yeriməyə, hərəkət etməyə çətinlik çəkirəm.

Ağrılarım olur. Həkimə müraciət etmişəm. Hazırda müalicə alıram. Amma o yaşdayıq ki, artıq əzraillə salamlaşmağa məcburuq. İndi nə vaxt qapımı döyəcək, onu deyə bilmərəm. Bircə onu deyə bilərəm ki, insan yaşlandıqca, həyatını bir də analiz edir. Nələr yaşadığını yadına salırsan” deyib. Ə.Məmmədov daha sonra bunları söyləyir:

- Bəzən insan yaşadıqlarına görə utanır, bəzən acıyırsan, bəzən təəssüf edirsən, bəzən də bu həyatı yaşadığına görə bir az da fəxr edib öyünürsən. İnsan hansı sahədə olur olsun, nə qədər tanınmış olur olsun, insan olaraq sevgi qazana bilməlidi. 

Sən yaxşı sənətkar ola bilərsən, amma vay o gündən ki, insanlığın olmasın. Əgər insanlığın yoxdusa, sən öləndən sonra sənə kimsə dəyər verməyəcək. Xoşbəxt o sənətkardır ki, öləndən sonra da adını hörmətlə çəksinlər. Bu illər ərzində o qədər sənətkar həyatı görmüşük ki, bəzilərinə rəhmət oxuyublar, bəzilərini isə "o, insan deyildi” deyib adının yanından keçiblər. Mən bilmirəm mən olmayanda barəmdə nə deyərlər. Amma bildiyim odur ki, bu illər ərzində çalışmışam insan ola bilim, kişi kimi həyatda hörmət sahibi olum. Getdiyim məclislərdə mənə dəyər verilsin. Heç vaxt heç kimə yaltaqlanmamışam, heç kimin yanında gözükölgəli hərəkətim olmayıb. 

Bəzən məni bir az sərt hesab edənlər olub. Bu da mənim xarakterimdi. Mən sənətə məsuliyyət tələb edən insanam. Onlarla tələbəmə də ilk tövsiyəm o olub ki, sənətə, səhnəyə məsuliyyətlə yanaş. Sənətə təkcə çörək yeri kimi baxsan, heç bir uğur qazanmayacaqsan. Səhnə zəhmət tələb edir. Bilirsiz, xanəndə olmaq asan deyil.

 Hər yerindən duran, səsi olan xanəndə ola bilməz. Hər oxuyana xanəndə demirlər. Xanəndənin elə bir hörməti olmalıdır ki, o məclisə gələndə ona dəyər verilsin, ifası səslənəndə məclisdə çəngəl-bıçaq yerə qoyulsun, səhnəyə çıxanda adının çəkilməsi ilə alqış sədaları eşidilsin. İfa bitəndə alqış sədaları ilə tamaşaçı sevgisi hiss olunsun. İndi sənətə gəlmək o qədər asan olub ki.

 Əvvəllər isə sənətə gəlmək üçün o qədər əziyyət çəkmişik ki. Biz ustadlarımızın yanında danışmağa ehtiyat edirdik. İndiki gənclərdə bu hörmət yoxdu. Gənclər özlərindən böyük ustadların yanında rahatlıqa sənətdən danışa bilirlər. Baxanda təəccüblənirəm. Amma zaman dəyişib. Zaman dəyişdikcə, dəyərlər də dəyişib. Mən artıq öz yaşlı həyatımı yaşayıram. Bizim dövrümüzdə olan sənətlə bugünkü səhnə arasında zəminlə səma qədər fərq var. 

Gəncləri də qınamıram. Onların həyata baxışları bəlkə daha müasirdi. Əsas odu ki, səhnəyə istedadlılar gəlsin. Bizim gənclərdən gözlədiyimiz ancaq keyfiyyətli və ciddi sənətdi. Sənətə qarşı məsuliyyətli olsalar, onlar tamaşaçının da hörmətini qazanacaqlar, özlərini də bu sənətdə təsdiqləyə biləcəklər”.

Tahirə