Artıq vaxt yetişib: Ərazimizdə antiterror əməliyyatları keçirmək imkanı var

ATƏT-in Minsk Qrupu uzun illərdir torpaqlarımızı unutdurmağa, əlimizdən almağa çalışır. Amma xalqımız müharibəyə hazır olmalıdır
Dünən Dünya Azərbaycanlıları Konqresinin (DAK) təşkilatçılığı ilə "Qarabağın işğalına son!" Uluslararası Qarabağ Forumu keçirilib.
Dünya Azərbaycanlıları Konqresinin təşkil etdiyi tədbirdə VHP sədri Sabir Rüstəmxanlı, KXCP sədri Mirmahmud Mirəlioğlu, VHP-çi millət vəkili Fəzail İbrahimli, Azərbaycan Xalq Partiyasını sədri Pənah Hüseyn, Vəhdət Partiyasının sədri, millət vəkili Tahir Kərimli, Milliyyətçi Demokrat Partiyasının sədri, sabiq nazir İsgəndər Həmidov, Müsavat Partiyasının sədr müavini Gülağa Aslanlı, Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər, AMEA əməkdaşı Yasəmən Qaraqoyunlu, Bütöv Azərbaycan Birliyinin Mərkəzi Şurasının sədri Aqil Səmədbəyli, professor Qafar Çaxmaqlı, tarixçi alim Dilavər Əzimli, Qarabağ müharibəsi veteranı Arif Paşa, Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli, Ümid Partiyasının sədri İqbal Ağazadə, BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev, politoloq Elxan Şahinoğlu, Azərbaycan Sosialist Partiyasının sədri Elşən Həsənov, QAT sədri Akif Nağı, Qərbi Azərbaycana (Ermənistana) Qayıdış Birliyinin sədri Rizvan Talıbov, politoloq Zərdüşt Əlizadə, AXDP sədri Rafiq Turabxanoğli, ADR hərəkatının sədr müavini Ellada Məmmədli, Teleqraf Media Qrupunun rəhbəri Aynur Camalqızı, "Qərbi Azərbaycan Torpaqlarına Qayıdış" İB sədri Səməndər Mehdiyev, VHP sədrinin müavini Arif İsmayılbəyli, jurnalist Əvəz Zeynallı, Güney Azərbaycan Konqresinin sədri Cavanşir Əmir Haşimi, Almaniyadan yazar Orxan Aras, "Borçalı" Cəmiyyətinin sədri Zəlimxan Məmmədli, DAK İH üzvü Babək Muğanlı, Milli Şuranın Koordinasiya Mərkəzinin üzvü Rövşən Əhmədli, BMP sədri Samir Adıgözəlli, prof. Yadigar Türkel, VHP üzvləri, DAK fəalları və başqaları iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Dünya Azərbaycanlıları Konqresinin həmsədri Sabir Rüstəmxanlı mərasimin AXC-nin 100 illiyi ilə üst-üstə düşməsinin təsadüfi olmadığını deyib:
"Biz iqtidar-müxalifət nümayəndələri arasında fərq qoymadan hər kəsə dəvət göndərmişik. Çünki Qarabağ məsələsi hansısa bir siyasi partiya və qurumun deyil, bütövlükdə azərbaycanlıların məsələsidir”.
Azad Demokratlar Partiyasının (AzDP) sədri Sülhəddin Əkbər bildirib ki, Qarabağ probleminin kökü Rusiya imperiyası dövründə qoyulub:
"Ermənilərə dövlət yaradılması və bu dövlətinin genişləndirilməsi Rusiya strategiyasının bir hissəsidir. Biz məsələnin kökünü bilməsək, nəticəni aradan qaldıra bilmərik. Soyuq müharibədən sonra köhnə dünya nizamı dağıldı. Hazırkı dövrdə bu proses yeni mərhələyə qədəm qoyub”.
S.Əkbər həmçinin vurğulayıb ki, ABŞ Prezidenti Donald Trampın Prezident İlham Əliyevə ünvanladığı məktubda açıq şəkildə qarşıdan gələn aylarda Qarabağ probleminin həllinə imkan açılacağı görünür.
Qafar Çaxmaqlı Qarabağ məsələsinin hər zaman gündəmdə qalmalı olduğunu deyib:
"Ermənistan əraziləri işğal edib və adını da "azad olunmuş ərazi” qoyub. Onlar bu ərazilərə əhali köçürməklə məşğuldur. Təkcə Qarabağda deyil, ətraf rayonlarda da məskunlaşma gedir. Ermənilər Kəlbəcərdən Dağlıq Qarabağa yol çəkiblər. Bu ərazini verəcəkdilərsə, bu qədər pul tökməzdilər. Danışıqlar, sadəcə, başımızı qatmaq üçündür: üfüqdə müharibə görünür. Müharibə mütləq olmalıdır. Çünki Dağlıq Qarabağla bağlı danışıqlar bir-birinin təkrarıdır.
ATƏT-in Minsk Qrupu uzun illərdir torpaqlarımızı unutdurmağa, əlimizdən almağa çalışır. Amma xalqımız müharibəyə hazır olmalıdır. Ordumuzun öz ərazisində antiterror əməliyyatları keçirmək imkanı var, biz bu məqamı əldən verməməliyik. Artıq vaxt yetişib”.
Güney Azərbaycan Konqresinin sədri Cavanşir Həşimi qeyd edib ki, Qarabağ probleminin həllində xaricdə yaşayan azərbaycanlılar da rol oynayırlar və oynamalıdırlar:
"Biz ermənilərin Azərbaycana qarşı törətdiyi haqsızlığı dünyaya çatdırmağa çalışırıq. Bu, münaqişənin həlli üçün mühüm önəm kəsb edir”.
Həsənquliyev hərbi əməliyyatların geniş vüsət almasının vacib olduğunu deyib:
"Azərbaycan Ordusu hər gün erməni əsgəri öldürməlidir. Hər gün erməni ailəsinə əsgər meyiti getməlidir. Hazırda edə biləcəyimiz ən mühüm məsələ budur. Azərbaycan dünya birliyini də inandırmalıdır ki, nəticədən asılı olmayaraq, qanlı savaşa girəcək. Əgər bu savaş məsələsi qızışmasa, problemin sülh yolu ilə həlli mümkün deyil”.