Arvadını baltalayan MƏHKƏMƏ QARŞISINDA




Bakıda arvadını baltalayaraq qətlə yetirməyə cəhddə təqsirləndirilən Eldəniz Yusifovun cinayət işi üzrə məhkəmə başlayıb.

Lent.az-ın məlumatına görə, Bakı Cinayətlər Məhkəməsində hakim Ənvər Seyidovun sədrliyi ilə keçirilən prosesdə E.Yusifovun anket məlumatları dəqiqləşdirilib və məhkəmənin baxış iclası aprelin 3-nə təyin edilib.

Qeyd edək ki, qətl Suraxanı rayonu Hövsan qəsəbəsi, R.Allahverdiyev küçəsi, ev 1, mənzil 34 ünvanında baş verib. Orada yaşayan 1966-cı il təvəllüdlü Eldəniz Yusifov evində münaqişə zəminində həyat yoldaşı, 1979-cu il təvəllüdlü Ceyhunəyə əvvəlcə bıçaqla daha sonra isə balta ilə zərbələr endirib. Arvadının baş və boyun nahiyələrinə xəsarət yetirən Yusif daha sonra özünü bıçaqlayıb. Hər iki yaralı 3 saylı Şəhər Kliniki Xəstəxanaya yerləşdirilib. Xəstəxanada məlum olub ki, Eldəniz Yusifov öz qarın nahiyəsində bir bıçaq xəsarəti, arvadına isə həm bıçaq, həm də balta ilə bir neçə xəsarət yetirib. Eldəniz Yusifov törətdiyi cinayət əməlini etiraf edərək bunu qısqandığı üçün etdiyini söyləyib. O, bildirib ki, həyat yoldaşının başqa bir kişi ilə münasibət saxlamasından şübhələnib. İstintaqa verdiyi ifadəsində Yusifov deyib ki, yoldaşının mobil telefonla gizlicə kiminləsə danışdığını bilib: "Evə gedəndə telefonunu söndürürdü. Kiminlə danışdığını soruşanda mənə cavab vermirdi. Onun bu hərəkətləri məni əsəbiləşidirdi. Sabahı günü evə gələndə eyni mövzuda yenə mübahisə oldu. Ceyhunə mənə kobud cavab verdi. Mən də əsəblərimi cilovlaya bilmədim".
Eldəniz Yusif etiraf edib ki, arvadına bıçaqla vurandan sonra hirsi soyumayıb. Buna görə də baltaya əl atıb: "Amma hirsim soyumadı. Həyətdə olan balatını götürərək Ceyhunənin başını kəsmək istədim. Balta ilə Ceyhunən boynundan vurdum. Bu zaman öldüyünü düşündüm və özümü də öldürmək istədim. Bu məqsədlə bıçaqla qarnıma xəsarət yetirdim”. Arvadını xüsusi amansızlıqla öldürməyə cəhddə təqsirləndirilən Yusifov törətdiyi əməldən peşman olduğunu bildirir. Onun barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci (qəsdən adam öldürməyə cəhd) və 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb.