Astan Şahverdiyev bu qədər nifrətə layiqdirmi?

"Astan Şahverdiyev vaxtında ciddi alim olub. O indiki kimi formal şəkildə deyil, Moskvada müdafiə edib. Müsbət tərəfləri çoxdur”.
Bunu "Sherg.az”a millət vəkili Astan Şahverdiyevin vəfatından sonra sosial şəbəkələrdə ona qarşı mənfi fikirlərin səsləndirilməsinə münasibət bildirərkən sosioloq Əhməd Qəşəmoğlu deyib. 
O qeyd edib ki, deputatın sağlığında Rusiyada işləməyə gedən azərbaycanlıları "otxot” adlandırması ziyalıların və jurnalistlərin etirazına səbəb oldu:
"Mən də həmin açıqlamaya əsəbiləşdim, etiraz etdim. Bizdə belə "adət” var ki, kimsə bu cür səhv edəndə sosial şəbəkələrdə, mətbuatda manşet olur, müzakirələr, tənqidlər səngimir. 
Düzdür, jurnalistlərin də günahı yoxdur, amma ola bilər, bu həmin deputatın naşılığından irəli gəlsin. Deputatın başqa əməllərinə, müsbət addımlarına diqqət etmək olardı. Əgər həmin şəxsin başqa əməlləri də elə dediyi sözlər səviyyəsindədirsə, deməli, onun haqqında tənqidlər səsləndirməyə əsas var.
Astan Şahverdiyevi yaxından tanımırdım, necə insan olduğunu da bilmirəm. Bu qədər nifrətə layiqdirmi? Həmin ifadələri işlətməsə, belə çıxır ki, o da yada düşməyəcəkdi. İstənilən halda ölən şəxsin üzərinə bu qədər düşmək, düzgün addım deyil”.
Qeyd edək ki, 1947-ci ildə anadan olan A. Şahverdiyev bu gün səhər saatlarında Qusar rayonunda qəfil ürək tutmasından dünyasını dəyişib.
Aysel Aslan