Astma ağır xəstəlikdir

Müalicə zamanı xəstələr allergiya yaradan səbəblərdən uzaq durmalıdır
“May ayı çiçəklənmə dövrünə təsadüf etdiyi üçün polinol deyilən sindromlar, yəni burun tutulmaları, göz yaşarmaları kimi əlamətlər normal müalicə olmadıqda astmaya gətirib çıxarır”




Dünya Səhiyyə Təşkilatının dəstəyi ilə hər il mayın 1-i Ümumdünya Astma ilə Mübarizə Günü kimi qeyd olunur. Bu gün astma xəstəliyi dedikdə müxtəlif mənşəli təngnəfəslik tutmaları başa düşülür. Lakin öskürək, boğulma, döş qəfəsinin sıxılması da astmanın əsas simptomlarıdır.

XX əsrdə astmanı yaradan səbəbin fiziki, kimyəvi və bioloji xarici qıcıqlandırıcılara cavab reaksiyası kimi bronxların lokal iltihabı olduğu müəyyənləşib. Bəzən astmanın səbəbini müəyyənləşdirmək çox çətin və ya hətta mümkünsüz olur. Xəstələr ağaclardan qopan tozcuğa, məişət tozuna, heyvan tükünə, bəzi qida və dərmanlara reaksiya verirlər. Xüsusilə iqlim dəyişikliyi zamanı bu xəstəlik özünü daha çox büruzə verir.
Dünya Səhiyyə Təşkilatının məlumatına görə, astma dünyada ən yayılmış xroniki xəstəliklərdən biridir və ondan 300 milyon nəfərdən çox əziyyət çəkən var, lakin bununla belə hər onillikdə onların sayı bir yarım dəfə artır.
Son illər bronxial astma ən geniş yayılmış xəstəliklər sırasında dayanır. Bu xəstəlik daha çox uşaqlar arasında artmaqdadır. Xüsusilə 10 yaşına qədər olanlar arasında xəstəlik daha çox inkişaf edir. Üstəlik, 2 yaşına qədər olan uşaqlar arasında digər xəstəliklər altında gizləndiyinə görə diaqnoz qoymaq çətindir. Ona görə də hazırda bronxial astma təkcə Azərbaycanda deyil, bütün dünyada pediatriyanın ən aktual problemlərindən biri hesab edilir.
Həkim-allerqoloq Şahvələd Məmmədov "Şərq”ə bildirib ki, hazırda dünyada gedən kataklizmalar, müharibələr, dəyişkən iqlim prosesləri atmosferin və normal mühitin pozulmasına gətirib çıxardır. Beləliklə, bir çox allergik xəstəliklər daha da fəallaşmağa başlayır: "Astma allergik xəstəlikdir və onun tibbi növləri var. Bunlara misal olaraq atopik astma, infeksion astma, qarışıq, yəni həm allergik, həm infeksion astmanı göstərə bilərik. May ayı çiçəklənmə dövrünə təsadüf etdiyi üçün polinol deyilən sindromlar, yəni burun tutulmaları, göz yaşarmaları kimi əlamətlər normal müalicə olmadıqda astmaya gətirib çıxarır.

Astma özü ağır xəstəlik olduğuna görə xəstələrin müalicəsi prosesində onlara həmişə allergiya yaradan səbəblərdən uzaq durmağı, həyat və mənzil şəraitini yaxşılaşdırmağı, ətraf mühiti normallaşdırmağı məsləhət görürük. Məsələn, astması olan insanlar var ki, ağır sənaye zavodlarında işləyir, halbuki belə işdə çalışmaq onların həyatı üçün təhlükəlidir. Səudiyyə Ərəbistandan gələn tozlar, müxtəlif sürüşmə halları, yazın ortasına güclü qarın yağması - bütün bunlar qeyri-tənasüb iqlim dəyişikliklərinin olmasıdır. Məhz bu kimi hallarda bir çox xəstəliklərin daha da artması halları baş verir”.

Yeganə Bayramova