Aşura günü şagirdlər dərsdə olmalıdır

Ekspertlər uşaqların məktəbdən yayındırılmasını yolverilməz hesab edirlər
Azərbaycanda Aşura mərasimləri ilə əlaqədar təhlükəsizlik tədbirləri həyata keçiriləcək. Sentyabrın 3-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi Suraxanı Rayon İcra Hakimiyyəti ilə birlikdə "Milli Təhlükəsizliyə Əsas Təhdidlərdən biri - Dini ekstremizm” mövzusunda konfrans keçirib. Tədbir Azərbaycanda dini ekstremizmə qarşı mübarizə sahəsində görülən işləri və qarşıda duran vəzifələri müzakirə etmək məqsədi ilə keçirilib.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov deyib ki, Azərbaycandakı sabitliyi və inkişafı istəməyən müəyyən xarici dairələrin respublikamızdakı pozuculuq fəaliyyətinin qarşısını almaq üçün Komitə dini maarifləndirmə tədbirlərinin keçirilməsinə üstünlük verir. Sədr müavini ölkəmizə qarşı yönəlmiş bu təhdidləri nəzərə alaraq, vətəndaşlara da ayıq olmaq, dini məlumatlar alan zaman olduqca diqqətli olmağı tövsiyə edib. S.Heydərov eyni zamanda, qarşıdan gələn Məhərrəm ayı və Aşura günü ilə bağlı tövsiyələrini də verib. Bildirib ki, Aşura mərasiminin keçirilməsi dərs dövrünə təsadüf edir. Aşura günü şagirdlər dərsdə olmalıdırlar. Biz uşaqların hüquqları ilə bağlı qanunvericiliyə riayət etməliyik və onlar dərsdən yayınmamalıdırlar. Onun sözlərinə görə, həmin dövrdə uşaqların dərsdən yayınmasına görə valideynlər də məsuliyyət daşıyacaqlar.
İlahiyyatçı Əkrəm Həsənov Aşura ayinlərinin heç bir dini əsas olmadığını deyib. Onun sözlərinə görə, bu adətlərə daha çox İranda və Azərbaycanın bəzi bölgələrində riayət olunur. Şəriət qaydalarına belə bir göstəriş olmadığı halda Aşura ritualları, matəm mərasimləri bizdə çox ciddiyə alınır.
Ə.Həsənovun fikrincə, xüsusən də şagirdlərin məktəbdən yayındırılaraq Aşuraya aparılması yolverilməzdir: "Sözdə bu insanlar İmam Hüseynə sevgilərini göstərirlər. Halbuki İmam Hüseyn məktəbini oxusalar, Aşura rituallarının heç bir mənası olmadığını dərk edərdilər. Şüurlu insan Cənnət gənclərinin ağası hesab edilən və yerinin Cənnət olduğunu bildiyi bir Peyğəmbər övladı üçün hansı səbəbdən əsrlərlə yas saxlamalıdır. Bəli, biz onu böyük tarixi şəxsiyyət kimi qoruyub saxlamalıyıq, adını uca tutmalıyıq, onun və babası Peyğəmbərin yolu ilə getməliyik. Amma ona yas saxlamaq, ona görə mərsiyə demək, başını yarmaq, övladına zərər yetirmək cəhalətdən başqa bir şey deyil və ağılsızlıqdır. Dini mərasimlərə uşaqların cəlb edilməsinə qarşı aparılan mübarizə tədbirlərini düzgün hesab edirəm". Aşurada zəncir vurmağa və azyaşlıların da bu cür əməllərə cəlb olunmasına qarşı olduğunu qeyd edən ilahiyyatçı uşaqların dərk etmədən ora aparılmasının əleyhinə olduğunu deyib.
Şəymən